“Son illər ərzində Azərbaycan təkcə ayrı-ayrı ölkələrlə yox, eyni zamanda beynəlxalq təsisatlarla da sıx münasibətlər qurmaqdadır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla müxtəlif əməkdaşlıq proqramları çərçivəsində fəaliyyətini tənzimləyir:
"Bu, təsadüfi deyil, çünki son illər ərzində Azərbaycanın dünya arenasında, regional müstəvidə nüfuzu xeyli artıb. Bu məqam Azərbaycanın digər ölkələrlə, xüsusən qlobal təşkilatlarla münasibətlərini inkişaf etdirməsinə imkanlar yaradır”.
Politoloq qeyd edib ki, BMT-nin dünya siyasətində xüsusi rolu, payı var. BMT dünyanın ən irimiqyaslı aparıcı təşkilatıdır:
“Düzdür, münaqişə dövründə BMT özü və onun strukturları problemin çözümündə əsaslı rol oynamayıblar. Amma BMT-nin işğal dönəmində qəbul etdiyi 4 qətnamə bütün hallarda ədalətli qətnamələr idi və Azərbaycana öz torpaqlarını azad etməsinə hüquqi əsaslar yaradırdı. Digər tərəfdən, BMT-nin Nizamnaməsinin 51-ci bəndi də Azərbaycanın öz torpaqlarına sahib çıxması üçün hüquqi-siyasi şərait yaratmışdı. Azərbaycan məhz bundan istifadə edərək 30 il ərzində işğal altında qalmış torpaqlarını düşmənlərdən təmizləmişdi. Bu, ondan xəbər verir ki, fəaliyyətində müəyyən qüsurlar olsa da, beynəlxalq təsisatlarla əməkdaşlıq önəmlidir".

İlqar Vəlizadə: Azərbaycan həm qlobal, həm də regional təşkilatlarla əlaqələrini intensivləşdirir, genişləndirir
Analitik qeyd edib ki, müxtəlif proqramlar çərçivəsində BMT ilə münasibətlərin qurulması da bizim üçün vacib sayılır:
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı ölkəmizə faydalar gətirər. Eyni zamanda BMT çərçivəsində minatəmizləmə prosesinə yönəlik əməkdaşlıq da çox zəruridir. Xülasə, Azərbaycan həm qlobal, həm də regional təşkilatlarla əlaqələrini intensivləşdirir, genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimiz də genişlənib. Fars Körfəzi ölkələri ilə əməkdaşlıq formatı mövcuddur və s.”
Əməkdaşlıq formatlarının sayının artığını deyən İlqar Vəlizadə vurgulayıb ki, Azərbaycan tam müstəqil və öz maraqlarına söykənən siyasət aparır:
“Bu da bizə imkan verir ki, öz xarici siyasətimizi daha da genişləndirək, şaxələndirək".
Aydın Baxış
Bakı 



