Bakıvaxtı.az-ın müsahibi hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur.
Söhbəti təqdim edirik.
Müsavatda bəzi şəxslər öyrəşiblər bir-birinə çamur atmağa
- Bu günlərdə Müsavat Partiyasından istefa verdiniz. Doğrudur, Feysbuk sosial şəbəkəsində buna dair açıqlama verdiniz, amma detallara varmadınız. Partiyadan ayrılmağınızın ciddi səbəbləri nələr idi?
- Son növbədənkənar parlament seçkilərini müşahidə edən qrupumuz vardı. Müşahidəçilərin bizə verdiyi materiallara müvafiq olaraq, rəy hazırladıq. Müsavatda bəzi şəxslər öyrəşiblər bir-birinə çamur atmağa, həmin şəxslər seçkidən sonra mənim adımı hallandırmağa başladılar. Bildirdilər ki, Novella xanım prezident İlham Əliyevi və seçkiləri tərifləyir, mənsə tərfiləməmişəm, sadəcə bildirmişəm ki, proses şəffaf keçib, vəssalam. Bundan başqa söz deməmişəm.
Müsavatın daxilində bir qrup adam var, onlar daim mənim partiyadan çıxmağımı istəyirdilər. Mən də partiyaya söz gəlməsin deyə istefamı verib çıxdım.
Müsavatçılıq mənim qəlbimdə, ürəyimdədir. Mən müsavatçı ailədə böyümüşəm, indi mənim heç bir narahatlığım yoxdur. Siz də, dostlar da qəti narahat olmasınlar.
- Partiya daxilində sizi sevməyən bir qrup adam var dediniz, onlara qarşı sonadək dirəniş nümayiş etdirmək olmazdımı, bəlkə təşkilatda qalıb, onları “tərk-silah” etsəniz, partiyanın gələcəyi üçün daha yaxşı olardı...
- Çox insan zəng vurdu ki, nahaq istefa verdin, nahaq ərizə yazdın. Amma mənim üçün bu, birinci dəfə deyildi. Çox açıq fikirli və sözümü deyən adamam, amma artıq yoruldum.
- Sizin bu ani qərarınızı Müsavat rəhbərliyi necə qarşıladı?
- Uşaqlar hamısı zəng vurur danışırıq, onlara da bildirdim ki, mən Müsavatdan çıxıram, müsavatçılıqdan, dostluqdan imtina etmirəm. Əsas ürək təmiz olsun. Mən dövlətimi sevən adamam, dövlətçi adamam. Həmişə milli barışıq arzulamışam. Hamı, bütün partiyalar bir-biri ilə dost olsun. Bir-biri ilə işləyib, dövləti gücləndirsinlər. Bu alınmırsa, özləri bilərlər.
- Bir ərəfə vardı ki, Müsavatdan ziyalılar kütləvi istefa verdilər. Həmin dönəmdə sanki Müsavatda ziyalıların “yapraq tökümü” başladı. Sizin istefanız və ya buna müəyyən mənada məcbur qalmağınız sanki həmin prosesin davamıdır. Bəlkə kimlərsə, Müsavatı yıprandırmaq, zəiflətmək, dilettantlaşdırmaq istəyir?
- Hər şey ola bilər. Bu da istisna olunmur.
Ölkəmizə siyasi məhbus məsələrinə görə həmişə təzyiqlər göstərirlər
- 8 Noyabr - Zəfər Günüdür. Bu Günlə əlaqədar əfv ola bilərmi, sözügedən proseslərlə bağlı monitorinq qrupunuz fəaliyyətini davam etdirirmi?
- Davamlı olaraq siyasi məhbuslarla işləyirik. Gözləntimiz var ki, seçkilərdən sonra müəyyən yumşaldıcı addımlar atılsın və siyasi motivlərlə həbs olunan şəxslər azadlığa buraxılsınlar. Həmişə bunun ətrafında müzakirələr aparırıq, buna dair aidiyyəti dairələrə müraciətlər edirik. Mən istəyirəm ki, həmin şəxslər azadlığa buraxılsınlar, Azərbaycana ləkə yaxılmasın. Hazırda ölkəmizdə vəziyyət elə də ürəkaçan deyil. O mənada ki, hər tərəfdən təzyiqlər var.
Hazırda dünya bir-birinə qarışıb. Bu günlərdə Qusarda atışma baş verib. Hesab edirəm ki, bu, idarəolunan sifariş və ya prosesdir. 4 tərəfimizdə “alovlar” çatılıb. Bu mənada indiki məqamda birlik və həmrəylik zamanıdır. Bir-birimizin əlindən tutub dövlətimizin möhkəmliyini qorumağı bacarmalıyıq.
İndiki halda ölkəmizin müstəqilliyini istəməyən dövlətlər Ermənistanı silahlandırırlar. Bunun üçün indiki məqamda birlik zamanıdır və bu, mənim üçün vacib məqamdır. Ölkəmizə siyasi məhbus məsələrinə görə həmişə təzyiqlər göstərirlər. Onları da azad etsələr, doğrudan da ölkəmizdə normal dostluq mühiti yarada bilərik.
- Ötənlərdə Dövlət Təhlükəsizlik Xidməti Ağsu rayon icra hakimiyyətində əməliyyatlar həyata keçirdi. Həbs edilənlər var. Niyə məmurlar “gözü çıxan qardaşlarından” dəsr götürmürlər?
- Onlardan qurtulmaq lazımdır. Cəmiyyəti onlardan qorumaq və təmizləmək mütləqdir. Korrupsioner adamlar ölkəni, dövləti içdən yaralayırlar. Hakimiyyət ciddi addım atmalıdır, müxalifət də bu işə dəstək verməlidir. Hakimiyyət heç olmasa, müxalifətin 10 sözündən birini dinləyib, əməl etməlidir.
Prezident İlham Əliyev ölkənin, dövlətin güclənməsi, daha böyük nüfuz qazanması üçün təyyarədən düşüb, təyyarəyə minir, dövləti qoruyur. Məmurlar bunu görüb, dəyərləndirə bilmirlərsə, əməlləri ilə prezidentin bu siyasətini müdafiə edə bilmirlərsə, vəzifələrindən getməlidirlər. Həmin məmurların mal-mülkləri əllərindən alınmaldır. Bu, baş verərsə, digərləri də qanunsuz, korrupsioner əməllərdən əl çəkərlər. İsrailin ilk və yeganə qadın hökumət başçısı Qolda Meir həmişə deyirdi ki, korrupsiya vətən düşməninə çevrilməldir. İnsanlar ona düşmən kimi yanaşmalıdırlar. Yəni korrupsiya vətən düşməni hesab olunmalıdır. Hamı buna əməl etsə, ölkəni, cəmiyyəti sağlamlaşdıra bilərik.
Hər bir qadının əxlaqsızlığında bir kişinin günahı, rolu var
- Yəqin telekanallarımızı izləyirsiniz. Əvvəlcə, məmurlar və övladlarının özbaşınalıqlarından yazırdıq, danışırdıq, indi də onların saxladıqları “müğənnilərin”. Ən pisi də odur ki, bu “müğənnilər” Azərbaycan xalqına efirlərdən mədəniyyət dərsi keçirlər...
- Əxlaqsızlıq baş alıb, gedir. Ailə dəyərləri qorunmalıdır, bunları efirlərdən səsləndirmək lazımdır. Adət-ənənələri televiziyara qaytarmaq zəruridir. Gözəl-göyçək qızlarımız var. Bu qızlarımız “küçələrə düşüblər”. Bunların günahkarı kişilərdir. Onlara pul verib, yoldan çıxaranlar qudurmuş məmurlardır. Məsələ budur. Gözəl müğənnilərimiz də var, oğlanlarımız da. 44 günlük Vətən savaşı Azərbaycanda istedadlı və mərd gənc nəslin yetişdiyini sübut etdi. Bunu qorumalıyıq.
Hər bir qadının əxlaqsızlığında bir kişinin günahı, rolu var. Qadınlar da özlərinə yığışmalıdırlar. Əvvəlki müharibələr vaxtı, o aclıq dönəmində neçə milyon qadından yalnız barmaq sayı ilə göstərilə bilən sayda qadın “ayağı sürüşkən” çıxdı. Qalanları bir parça çörək üçün zavod və ya fabriklərdə çalışırdılar. O dönəmdə qudurğan kişi yox idi, hamısı müharibədə idi. Bu gün 5 maşını, 10 mənzili olan kişilər ortalığa düşüb, qadınları yoldan çıxarırlar.
Biz ermənilərlə dostluq deyil, qonşuluq edə bilərik
- Novella xanım, bir az Qarabağ məsələsinə diqqət çəkək. Artıq danışıqlar masasında yekun sülhlə bağlı məsələlər müzakirə olunur. Qarşı tərəf artıq yekun sülhlə bağlı 80 faiz məsələnin həllini tapdığını bildirir. Əlbəttə, bütün müharibələrin sonu sülhdür. Sizcə, bu qədər qan-qada, ağrı-əzab, başımıza gətirilən faciələrdən sonra xalqları barışdırmaq mümkün olacaqmı?
- Buna zaman lazımdır. Biz onlarla dostluq deyil, qonşuluq edə bilərik. Almaniya neçə milyon yəhudini məhv edib. İndi yəhudilər Almaniyaya gedib, orada gəzirlər, dincəlirlər. Buna zaman lazımdır. Ermənilər illərdir, əsrlərdir, xalqımızı öz doğma torpaqlarından didərgin salıblar. Bunu unutmalı deyilik. Onlarla dostluq etmək olmaz. Mən istəmirəm müharibə yenidən qızışsın, gənclərimiz şəhid olsun. Guya gürcülər bizi ermənilərdən çox sevir? Düzdür, onlar torpaqlarımıza təcavüz etməyiblər. Bu mənada onlarla da dost deyilik, amma qonşuluq edirik. Ermənilərlə də qonşuluq edə bilərik, amma dostluq barədə düşünmürəm.
Bir-birimizi tənqid edək, amma düşmənlik aparmayaq
- Siz Əbülfəz Elçibəy hakimiyyəti dönəmində də, elə indi də müəyyən proseslərdə iştirak edir(di)siniz, müəyyən prosesləri idarə edir(di)siniz. O zamanla bu zmaanı müqayisə etmisinizmi, hansı dövr nəyi ilə yaxşıdır və ya nəyi ilə pisdir?
- Hər dövrdən razıyam. O dövrdə müstəqilliyi əldə etdik. Bildik ki, Azərbaycan suveren dövlətdir, təhsilə test üsulu gətirdik. Korrupsiyanı aradan qaldırdıq. Rus ordusunu ölkədən çıxardıq. Bunlar o dövrün gözəllikləri idi. Bu dövrün də gözəlliyi ondadır ki, biz doğrudan da tam müstəqilliyi bərpa etdik. Adamın Allahı var, gərək düz danışaq. Ərazi bütövlüyümüzü təmin etdik. Bu gün Xankəndidə toy edirik. Uşaqlarımız Şuşa və Xankəndidə məktəblərə gedirlər. Bu, çox qürurverici haldır. Bu dövrün də ən böyük dəyəri məhz budur. Zəngəzur dəhlizi də açılsa, proseslər daha ürəkaçan olacaq. İnanıram, zamanla bu da baş tutacaq.
Hər dövr özü üçün gözəldir. Bunu bilməyənlər, anlamayanlar axmaqlardır. Hazırda kasıbla varlının arasında yaranmış yarğanı aradan qaldırmaq və xalqı sevməyi bacarmaq lazımdır. Bir-birimizi tənqid edək, amma düşmənlik aparmayaq. Belə olduğu halda ölkə, dövlət adına çox uğurlara imza ata bilərik.
Aydın Baxış