• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Keçmiş Baş nazir: "Seçimimizi edib, addımlarımızı atmalıyıq" - MÜSAHİBƏ

MÜSAHİBƏ

07 Oktyabr 2024 | 10:18

Keçmiş Baş nazir: Seçimimizi edib, addımlarımızı atmalıyıq - MÜSAHİBƏ

Bu gün dünyanın diqqəti İran-İsrail münasibətlərinə yönəlib. Baş verənlər iki ölkə arasında potensial müharibə, Yaxın Şərqdəki ən təhlükəli münaqişələrdən biri hesab olunur.

Sabiq Baş nazir, ictimai-siyasi xadim Pənah Hüseyn baş verənlərlə bağlı Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- İran-İsrail qarşıdurması nə vəd edir?

- Bu, yeni deyil, neçə onillərdən bəri davam edən qarşıdurmanın yeni gərginlik mərhələlərindən biridir. Deyim ki, çox ciddi bir gərginlik mərhələsidir. Dünyada gedən qlobal geopolitik savaş da bu dövrə təsadüf edib. Bu mənada məlum vəziyyəti təkcə İsrail-İran gərginliyi kimi dəyərləndirmək doğru olmaz. Bu, böyük, qlobal miqyaslı savaşın tərkib hissəsidir.

Prinsip etibarilə Rusiya, Çin, İran, ABŞ və İsrail daxil olmaqla onlar bu savaşın əsas subyektləri, pionları kimi çıxış edirlər. Doğru təhlil aparmaq istəyiriksə, buna İran-İsrail qarşıdurması kimi baxmalı deyilik. Bu savaşın hissəsi İsrail-İran arasında aparılır.

- Savaşı hansı tərəf qazanacaq?

- Hər halda İran raket hücumları edir. Bunun hansısa nəticələr verib, verməməsindən asılı olmayaraq, psixoloji, situativ baxımdan İranın ali dini rəhbərinin çıxış etməsi İrandakı qüvvələri bir qədər şokdan çıxardı. Savaşda təşəbbüsün kimin əlinə keçməsi İsrailin cavabından sonra məlum olacaq. İranın məğlubiyyətində maraqlı olmayan qüvvələr var. Bunlara Rusiya, Çin daxildir.

- İranın qonşu, İsrailin isə tərəfdaş ölkə olduğunu nəzərə alsaq, bu məqamda Azərbaycan hansı mövqedə dayanmalıdır?

- Hesab edirəm ki, Azərbaycan bu geopolitik savaşda hansısa bir cəbhədə üzv olaraq yer almamalıdır. Yəni nə Rusiya və Çinin yanında, nə də ABŞ və İsrailin yanında dayanmalıdır. Bu, doğru olmaz.

Son günlərdə Rusiya xüsusi xidmət orqanları rəhbərlərinin Azərbaycanla bağlı mesajları oldu. Sanki belə bir təəssürat yarandı ki, Azərbaycan öz seçimini edib. Azərbaycan tərəfindən də çıxışlar oldu. Bunlar narahatlıq doğuran məsələlərdir. Məncə, o da vacib məsələdir. Yəqin COP-la əlaqədar məsələyə aydınlıq gələcək. Məncə, indiki vəziyyətdə Azərbaycan Türkiyə ilə birgə müstəqil bir qütb kimi çıxış etməklə daha doğru addım atmış olar. Amma müəyyən manevr imkanları olacaq, yaranmış vəziyyətdən az zərərlə çıxmaq və ya maksimum nə mümkündür əldə etmək kimi məsələlər də diplomatiya və strategiyanın işidir. Bu mənada Azərbaycanda İsrail-İran məsələsini bəziləri maraqla, bəziləri həyəcanla, bəziləri də həvəslə izləyir. Çünki açılım gözləyənlər var. Bu mənada biz də mövcud proseslərdən uzun müddət kənarda qala bilməyəcəyik. Əvvəl-axır seçim etmək zamanı gələcək. Məncə, biz Türkiyə və türk dövlətləri ilə birlikdə situativ olaraq mümkün qədər müstəqil qütb kimi, çıxış etməliyik.

- Sözügedən qarşıdurmada Türkiyə hansı fürsəti fövtə verməməldir?

- Bu, çox böyük oyundu. Burada risk məsələsi önəmlidir. Türkiyəyə diqqət etsək, görərik ki, gərginlik hiss olunsa da, rəsmi Ankara gözləmə mövqeyindədir. Türkiyə Azərbaycan Türkiyə ittifaqı nüvə olmaqla türk dövlətləri birliyi ilə birgə addımlar atmalıdır.

Ən azı indiki məqamda resurslar məsələsi önəmlidir. Müharibəyə çox böyük güclər cəlb olunub. Hər halda balans siyasətinin əleyhinəyəm. Yuxarıda dediklərimdən belə çıxmasın ki, biz balans siyasəti yürütməliyik. Seçimimizi edib, addımlarımızı atmalıyıq. Konkret olaraq vəziyyət yaranarsa, COP və ya digər məsələlərə baxmayaraq, Türkiyə və Azərbaycan Zəngəzur məsələsini həll etməlidir.

- İran-İsrail qarşıdurmasında Qərb və Rusiyanın yanaşması aydındır. Bu qütblərin fərqli yanaşmaları növbəti dünya müharibəsini açıq müstəviyə keçirə bilərmi?

- Məncə, artıq ayrı-ayrı dövlət başçıları tərfindən- ABŞ və Rusiya rəsmilərinin açıqlamalarına baxsaq, şahidi olaraq ki, hazırda II Dünya müharibəsi bitdikdən sonra ən gərgin və xaotik vəziyyət yaranıb. Bu da bizdən asılı olmayan məsələdir. Bu işdə risk və cəsarətlə, eləcə də zərgər dəqiqliyi ilə ölçülən diplomatiya yürütmək lazımdır.

Aydın Baxış


SON XƏBƏRLƏR