• Bakı 16° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycanda əcnəbilər hansı qayda ilə çalışır? - DMX-dən CAVAB

CƏMİYYƏT

07 Noyabr 2025 | 16:31

Azərbaycanda əcnəbilər hansı qayda ilə çalışır? - DMX-dən CAVAB

Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Ölkədə fəaliyyət göstərmək istəyən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yalnız müvafiq iş icazəsi əldə etdikdən sonra haqqı ödənilən işlə məşğul ola bilər.

Bu icazələrin verilməsi prosesinə nəzarət Dövlət Miqrasiya Xidmətinə həvalə olunub və prosedurlar Miqrasiya Məcəlləsi ilə müəyyən edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması hansı qaydalarla tənzimlənir?

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakıvaxtı.az-ın sorğusunu cavablandırıb. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar.

Eyni zamanda, iş icazəsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Əcnəbilərə iş icazələrinin verilməsi hər təqvim ili üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, əmək miqrasiyası kvotası Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə şamil olunmur. İşəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 64-cü maddəsində sadalanan hallar istisna olmaqla iş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Bununla yanaşı, əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

2025-ci ilin 9 ayı ərzində işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 8906 müraciət daxil olmuşdur. İş icazəsinin verilməsi (uzadılması) ilə bağlı daxil olmuş müraciətlər tikinti, emal sənayesi və digər 17 iqtisadi fəaliyyət növü üzrə olmuşdur.

 


SON XƏBƏRLƏR