ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyaların müddətini daha bir il uzatmaq barədə qərarı Vaşinqtonun Tehranla münasibətlərində təzyiq diplomatiyasını davam etdirmək niyyətinin göstəricisidir. Bu qərar həm iqtisadi, həm də geosiyasi baxımdan region üçün mühüm nəticələr doğura bilər.
ABŞ administrasiyası sanksiyalar vasitəsilə İranın nüvə proqramını məhdudlaşdırmaq, regional təsir imkanlarını zəiflətmək və Tehranı beynəlxalq davranış qaydalarına uyğun siyasət yürütməyə məcbur etmək istəyir. Lakin sual budur: bu sanksiyalar hədəflərinə çatırmı, yoxsa əksinə, İranı daha sərt və qapalı siyasətə yönəldir?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ bu addımı atmaqla İranın regional ambisiyalarını məhdudlaşdırmaq və nüvə proqramı ətrafında güzəştə məcbur etmək istəyir. Trampın strategiyası əvvəlki administrasiyalardan fərqli olaraq “maksimum təzyiq” modelinə əsaslanır. Yəni, Vaşinqton, iqtisadi məngənə yaratmaqla Tehranı diplomatik masaya geri çəkməyi hədəfləyir.
Onun sözlərinə görə, eyni zamanda bu qərar daxili siyasi auditoriya üçün də mesaj xarakteri daşıyır:
“Tramp administrasiyası sərt xarici siyasət kursuna sadiqliyini nümayiş etdirir. Digər tərəfdən, bu sanksiyalar ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı kimi tərəfdaşlarına təhlükəsizlik zəmanəti kimi də dəyərləndirilə bilər. Beləliklə, qərarın arxasında həm regional, həm də daxili siyasi motivlər dayanır”.
Sanksiyaların İran iqtisadiyyatı və siyasətinə təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub - neft ixracı azalıb, milli valyuta dəyər itirib, inflyasiya yüksəlib. Bununla belə, Tehran müəyyən adaptasiya mexanizmləri formalaşdıraraq, daxili istehsal və qeyri-rəsmi ticarət kanallarını aktivləşdirib. İran cəmiyyətində sosial narazılıqlar artsa da, hakimiyyətin dayaqları hələ də qorunur:
“Bu, onu göstərir ki, iqtisadi təzyiq siyasi dəyişikliyə avtomatik gətirib çıxarmır. Əksinə, bəzən xarici təzyiqlər milli birliyi gücləndirir və hakimiyyətin legitimlik arqumentinə çevrilir. Yəni sanksiyalar iqtisadi nəticə yaratsa da, siyasi transformasiya hələ baş verməyib”.

Züriyə Qarayeva: Bu vəziyyət ABŞ siyasətinin paradoksunu göstərir - təzyiq strategiyası rəqibləri birləşdirir
Z.Qarayeva deyib ki, Vaşinqtonun məqsədi yalnız İranın nüvə fəaliyyətini dayandırmaq deyil, həm də Yaxın Şərqdəki güc balansını öz xeyrinə dəyişməkdir. Dediyinə görə, ABŞ İranın Livan, Suriya, Yəmən və İraqdakı təsirini zəiflətməklə bölgədə İsrail və ərəb müttəfiqlərinin təhlükəsizliyini möhkəmləndirmək istəyir:
“Həmçinin, sanksiyalar İranın Rusiya və Çinlə iqtisadi yaxınlaşmasını çətinləşdirmək məqsədi daşıyır. Bununla belə, Tehran bu təzyiqləri balanslaşdırmaq üçün məhz həmin ölkələrlə əməkdaşlığı dərinləşdirir. Bu vəziyyət ABŞ siyasətinin paradoksunu göstərir – təzyiq strategiyası rəqibləri birləşdirir. Uzunmüddətli perspektivdə bu siyasətin Vaşinqton üçün həm risk, həm də fürsət yarada biləcəyi aydın olur”.
“Gələcəkdə İranla ABŞ arasında münasibətlərin normallaşması mümkün görünürmü” sualına cavabında isə politoloq bildirib ki, hazırkı şəraitdə bu ehtimal çox zəifdir, çünki tərəflər arasında etimad bərpa olunmayıb. Onun sözlərinə görə, İran, sanksiyaların əvvəlcə qaldırılmadığı təqdirdə heç bir siyasi güzəştə getməyəcəyini bildirir. ABŞ isə insan haqları və nüvə proqramı məsələlərində konkret irəliləyiş görmədən diplomatik normallaşma addımı atmağa yanaşmır:
“Lakin beynəlxalq enerji bazarında sabitlik və Qərb üçün İran neftinin əhəmiyyəti bu dialoqu gələcəkdə zəruri edə bilər. Eyni zamanda, regional sabitlik baxımından Türkiyə, Qətər və Oman kimi vasitəçilərin rolu arta bilər. Ən sonda, Vaşinqtonun təzyiq strategiyası yerini qarşılıqlı etimad və mərhələli dialoqa vermədiyi müddətcə, sanksiyalar nə sülh, nə də sabitlik gətirə biləcək”.
Zülfü Məmmədov
Bakı 



