Milli Məclisdə Əmək Məcəlləsi və pensiya qanunlarında aparılan son dəyişikliklər ölkədə əmək hüquqları və sosial sığorta sistemində əhəmiyyətli yenilikləri gündəmə gətirir. Bu dəyişikliklər yalnız qanunvericilik səviyyəsində deyil, həm də praktiki olaraq işçi və işəgötürən münasibətlərinə təsir edəcək.
Əsas məqsəd sosial sığorta və pensiya sisteminin idarəçiliyini daha şəffaf və səmərəli etmək, eyni zamanda əmək bazarında geniş yayılan qeyri-formal məşğulluğun qarşısını almaqdır. Lakin bu məqsədlərə çatmaq üçün qanunların tətbiqi və sahibkarlarla əməkdaşlıq mexanizmlərinin düzgün işləməsi vacibdir.
Yeni qaydaların gündəlik həyat və iş mühitində necə reallaşacağı isə uzunmüddətli müşahidə və təhlil tələb edir.
Milli Məclisdə qəbul edilən Əmək Məcəlləsi və pensiya qanunlarındakı dəyişikliklər sosial sığorta və pensiya sistemində idarəçiliyi daha səmərəli edəcəkmi və əmək bazarında geniş yayılan qeyri-formal məşğulluğu aradan qaldırmağa kömək edə biləcəkmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Fazil Mustafa deyib ki, Əmək Məcəlləsində aparılan dəyişikliklər bir çox sahəyə, o cümlədən, pensiya sisteminə də birbaşa təsir göstərəcək və qeyri-formal məşğulluğun aradan qaldırılmasına xidmət edəcək. Onun sözlərinə görə, gələcəkdə bütün məşğulluq prosesləri rəsmi sənədləşdiriləcək, əmək münasibətləri müqavilələr əsasında qurulacaq.
Həmsöhbətimiz vurğulayıb ki, bu prinsiplərin praktikada tətbiqi müəyyən çətinliklər yarada bilər.

Fazil Mustafa, deputat
Dediyinə görə, xüsusilə ki, sahibkarlar əlavə maliyyə və inzibati yük altına düşəcək:
"Bu səbəbdən işəgötürən və işçilərin maraqları arasında tarazlıq tapmaq böyük əhəmiyyət daşıyır. İşəgötürənlər üçün əlverişli və stimullaşdırıcı şərtlər yaradılmalı, həmçinin prosedurların sadələşdirilməsi və rəqəmsal idarəetmə mexanizmləri tətbiq edilməlidir".
Onun sözlərinə görə, praktikada bu dəyişikliklərin səmərəliliyini qiymətləndirmək üçün bir müddət müşahidələr aparmaq lazım olacaq:
"Əsas məqsəd, həm işçilərin hüquqlarının qorunması, həm də işəgötürənlərin fəaliyyətinin davamlı və dayanıqlı şəkildə təmin edilməsidir. Əgər idarəetmə effektiv və balanslı şəkildə həyata keçirilərsə, bu dəyişikliklər əmək bazarında şəffaflığı artıracaq və sosial təminat sisteminin güclənməsinə töhfə verəcək".
Əli Hüseynov
Bakı 




