• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Ramaldanov real təhlükələrdən DANIŞDI - Azərbaycanla...

SİYASƏT

12 Mart 2026 | 14:37

Ramaldanov real təhlükələrdən DANIŞDI - Azərbaycanla...

Regionda baş verən geosiyasi proseslər, xüsusilə də Cənubi Qafqazda davam edən gərginlik təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. Son dövrlərdə müxtəlif ekspertlər bölgədə sabitliyin tam formalaşmadığını və müəyyən risklərin qalmaqda davam etdiyini bildirirlər.

Xüsusilə sərhəd məsələləri, regional güclərin maraqları və davam edən siyasi proseslər fonunda yeni qarşıdurma ehtimalları barədə müzakirələr aparılır.

Bu kontekstdə Azərbaycanın təhlükəsizlik mühiti və mümkün risk mənbələri də tez-tez müzakirə olunan mövzulardandır.

Bəs mövcud reallıqları nəzərə alsaq, Azərbaycan üçün regionda real təhlükə yarada biləcək ölkə hansıdır? Ekspertlərin qeyd etdiyi mümkün müharibə ehtimalı nə dərəcədə əsaslıdır və bu risklər daha çox hansı istiqamətdən yarana bilər? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ehtiyatda olan polkvonik Şair Ramaldanov deyib ki, Azərbaycanın yerləşdiyi geosiyasi mühit nəzərə alındıqda, regionda baş verən proseslər təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir:

"Bununla belə, mövcud vəziyyət və dövlətin atdığı addımlar ölkədə sabitliyin qorunmasına yönəlib. Azərbaycanın üç qonşu istiqaməti üzrə müxtəlif geosiyasi proseslər müşahidə olunur. Ermənistanla münasibətlərdə sülh danışıqları davam etsə də, iki ölkə arasında hələ də tam hüquqi sülh sazişi imzalanmayıb. Hazırda müəyyən addımlar atılır, lakin sərhədlərin delimitasiya və demarkasiyası prosesi hələ yekunlaşmayıb".

Onun sözlərinə görə, bununla yanaşı, Ermənistanın daxili siyasi gündəmində seçkilərin olması gələcək siyasi kursla bağlı müəyyən qeyri-müəyyənliklər yarada bilər. Bu səbəbdən rəsmi Bakı məsələlərin “de-yure” həlli və uzunmüddətli sabitliyin təmin olunması üçün proseslərin davam etdirilməsini vacib hesab edir:

"Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında davam edən müharibə regiondakı ümumi təhlükəsizlik mühitinə təsirsiz ötüşmür. Münaqişənin gedişində müxtəlif hadisələr, o cümlədən, Xəzər regionu ilə bağlı epizodlar da diqqətlə izlənilir. Azərbaycan bu proseslərin fonunda öz hava məkanı və sərhədlərinin təhlükəsizliyini gücləndirmək istiqamətində addımlar atır".

Həmsöhbətimiz deyib ki, cənub istiqamətində isə İranın regionda davam edən hərbi qarşıdurmalar fonunda aktivliyi diqqət mərkəzindədir. Müxtəlif epizodlar, o cümlədən Naxçıvan istiqamətində müşahidə olunan hadisələr risklərin qiymətləndirilməsini zəruri edir:

"Bütün bu amillərə baxmayaraq, Azərbaycan regionda sabitlik və əməkdaşlıq siyasətinə sadiq qalır. Ölkə həm də mühüm tranzit və kommunikasiya mərkəzi kimi regional layihələrin inkişafına töhfə verir. Dövlət tərəfindən sərhədlərin mühafizəsi, hava məkanının qorunması və mümkün risklərin qabaqlayıcı şəkildə qiymətləndirilməsi istiqamətində əlavə tədbirlər görülür".

Sonda polkovnik vurğulayıb ki, Azərbaycan hazırkı mürəkkəb geosiyasi şəraitdə balanslı və ehtiyatlı siyasət yürüdərək təhlükəsizlik məsələlərini nəzarətdə saxlayır və regionda sabitliyin qorunmasına çalışır.

Əli Hüseynov


SON XƏBƏRLƏR