• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Bağlı xətlər açılır: Dəmir yolu diplomatiyası regionda münasibətləri dəyişəcəkmi?

SİYASƏT

12 Mart 2026 | 11:09

Bağlı xətlər açılır: Dəmir yolu diplomatiyası regionda münasibətləri dəyişəcəkmi?

Cənubi Qafqazda uzun illər bağlı qalan nəqliyyat və kommunikasiya xətlərinin tədricən açılması regionun siyasi və iqtisadi gündəmini yenidən formalaşdırır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan üzərindən dəmir yolu yükdaşımalarının bərpasına görə Prezident İlham Əliyevə təşəkkür etməsi bu prosesin diqqət çəkən məqamlarından biri oldu.

1991-ci ildən sonra ilk dəfə yük qatarının tranzitlə Azərbaycandan keçərək Ermənistana çatması regionda yeni iqtisadi və logistika imkanlarının yarana biləcəyini göstərir. Bu hadisə həm də Azərbaycan-Ermənistan münasibətlərində kommunikasiya məsələlərinin daha praqmatik müstəvidə müzakirə olunmağa başladığını göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilir. Nəqliyyat xətlərinin açılması təkcə iqtisadi faydalar deyil, həm də regionda siyasi sabitliyin güclənməsi baxımından yeni perspektivlər yarada bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, dəmir yolu yükdaşımalarının bərpası regionda iqtisadi münasibətlərin canlanması üçün mühüm impuls yarada bilər. Onun sözlərinə görə, uzun illər bağlı qalan logistika xətlərinin açılması ticarət dövriyyəsinin artmasına və nəqliyyat xərclərinin azalmasına səbəb ola bilər:

“Bu, region ölkələrinin bir-biri ilə iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradar. Eyni zamanda Cənubi Qafqazın beynəlxalq tranzit marşrutlarında rolu daha da güclənə bilər. Xüsusilə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri üçün bu marşrut əlavə imkanlar yaradır. Beləliklə, dəmir yolu əlaqələrinin bərpası regional iqtisadi inteqrasiyanın əsas elementlərindən birinə çevrilə bilər.

Bu addımın Azərbaycan-Ermənistan münasibətlərinə göstərəcəyi təsirə gəlincə, müsahibimiz deyib ki, bu hadisə iki ölkə arasında münasibətlərin tam normallaşması demək deyil, lakin müəyyən etimad elementlərinin formalaşması baxımından əhəmiyyətlidir. Politoloq bildirib ki, kommunikasiyaların açılması siyasi dialoqun daha praqmatik müstəviyə keçməsinə kömək edə bilər. Onun dediyinə görə, Ermənistan rəhbərliyinin bu məsələdə təşəkkür ifadə etməsi də müəyyən diplomatik jest kimi qiymətləndirilə bilər:

“Bu, tərəflər arasında qarşılıqlı iqtisadi maraqların mövcud olduğunu göstərir. İqtisadi əməkdaşlıq elementlərinin yaranması isə adətən siyasi gərginliyin azalmasına təsir göstərir. Lakin münasibətlərin gələcək inkişafı daha çox siyasi qərarlardan və regional təhlükəsizlik faktorlarından asılı olacaq”.

Züriyə Qarayeva:  Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi münaqişə risklərini azaltmağa kömək edə bilər

Z.Qarayeva qeyd edib ki, nəqliyyat xətlərinin açılması regionun geoiqtisadi əhəmiyyətini ciddi şəkildə artırır. Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm tranzit məkan kimi daha aktiv rol oynaya bilər. Bu isə həm tranzit gəlirlərinin artmasına, həm də yeni logistika layihələrinin həyata keçirilməsinə imkan yaradar. Eyni zamanda region ölkələri üçün ticarət və investisiya imkanları genişlənə bilər. Nəqliyyat şəbəkələrinin inkişafı yeni sənaye və logistika mərkəzlərinin formalaşmasına da təkan verə bilər. Bütün bunlar nəticə etibarilə regional iqtisadi dinamikanı gücləndirə bilər.

“Bu proses uzunmüddətli perspektivdə regionun siyasi sabitliyinə necə təsir göstərə bilər” sualını cavablandıran həmsöhbətimizin sözlərinə görə, kommunikasiyaların açılması adətən regionlarda qarşılıqlı asılılığı artırır və bu, siyasi sabitlik üçün mühüm amillərdən biridir. Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi münaqişə risklərini azaltmağa kömək edə bilər. Çünki tərəflər iqtisadi faydaların qorunmasında maraqlı olurlar. Cənubi Qafqaz üçün də bu yanaşma müəyyən dərəcədə keçərli ola bilər.

“Əgər nəqliyyat layihələri davamlı şəkildə inkişaf edərsə, region daha sabit iqtisadi məkan kimi formalaşa bilər. Bununla belə, sabitliyin tam təmin olunması üçün siyasi razılaşmalar və qarşılıqlı etimadın daha da güclənməsi vacibdir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

11 Mart 2026