• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Trampın ritorikasında yumşalma - Vaşinqton Tehranla danışıqlara gedir?

SİYASƏT

12 Mart 2026 | 15:34

Trampın ritorikasında yumşalma - Vaşinqton Tehranla danışıqlara gedir?

ABŞ-İran münasibətlərində son günlər diqqət çəkən məqamlardan biri Vaşinqtonun ritorikasında müşahidə olunan dəyişiklikdir. Əvvəlcə İranla heç bir danışığın mümkün olmadığını bildirən ABŞ Prezidenti Donald Trampın daha sonra “danışıqlara hazıram” açıqlaması verməsi müxtəlif suallar doğurub. Bu fonda ABŞ liderinin mövqeyindəki yumşalmanın hansı amillərlə bağlı olduğu müzakirə mövzusuna çevrilib.

Mövzuyla bağlı Baıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirovun fikrincə, Trampın mövqeyində baş verən dəyişiklik, son hadisələrlə bağlıdır. ABŞ və İsrailin əvvəlcədən hesabladığı və planlaşdırdığı ssenarilər özünü doğrultmadı. Çünki onların əsas hədəfi İranda rejimi devirmək idisə, bu plan iflasa uğradı.

Politoloqun sözlərinə görə, hətta İranın ali dini lideri və onun ətrafındakı komandanın böyük hissəsi sıradan çıxarılsa belə, ölkədə rejim devrilmədi, insanlar kütləvi etirazlara qalxmadı. Bundan başqa, ərəb ölkələri də müharibəyə qoşulmadı, baxmayaraq ki, bu istiqamətdə müəyyən gözləntilər vardı:

"Bu fonunda ABŞ Prezidenti Donald Tramp müəyyən qədər yumşalmaq və danışıqlara getmək məcburiyyətində qalır. Baxmayaraq ki, o da yaxşı anlayır: əgər İran tərəfi danışıqlara hazır olsaydı, ən azından öldürülmüş dini liderin oğlunun yeni dini lider kimi seçilməsi təşəbbüsü irəli sürülməzdi və həyata keçirilməzdi.

Hər halda hesab edirəm ki, mövcud vəziyyətdən yeganə düzgün çıxış yolu danışıqlardır. İran da, siyasi rəhbərliyinin bu qədər zərbələrə məruz qalmasına baxmayaraq, gec-tez danışıqlara getməlidir. Çünki müharibənin davam etməsi çıxış yolu deyil və bu proses dayandırılmalıdır".

Xəyal Bəşirov: İsrail tərəfi danışıqlara müsbət yanaşmır

Müsahibimiz bildirib ki, məhz buna görə ABŞ Prezidenti danışıqlara başlamaq niyyətini ortaya qoyub. Lakin burada İsrail faktorunu da unutmaq olmaz. İsrail tərəfi danışıqlara müsbət yanaşmır. Çünki onların fikrincə, son onilliklərdə yaranmış nadir bir imkan ortaya çıxıb və bu imkandan istifadə etməyə çalışırlar ki, İranda rejim devrilsin və ya ölkə parçalanma mərhələsinə gəlib çatsın:

"Bu, onların əsas istəklərindən biridir. Ancaq indiki mərhələdə vəziyyət göstərir ki, bu ssenarilər tam reallaşmayıb. Əksinə, hadisələrin gedişi tərəflərin danışıqlara başlaması və müəyyən razılaşmaların əldə olunması ehtimalını gündən-günə artırır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR