• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Qlobal Bakı Forumu: Azərbaycanın beynəlxalq dialoq və təhlükəsizlik gündəliyində artan rolu

SİYASƏT

12 Mart 2026 | 15:35

Qlobal Bakı Forumu: Azərbaycanın beynəlxalq dialoq və təhlükəsizlik gündəliyində artan rolu

Bakıda keçirilən XIII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu və qlobal müzakirələr üçün mühüm platformaya çevrildiyini bir daha nümayiş etdirdi.

Prezident  İlham Əliyevin himayəsi və Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə keçirilən forumun mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” müasir beynəlxalq münasibətlərin əsas problemlərinə birbaşa toxunur. Dünyada geosiyasi gərginliyin artdığı, yeni münaqişə ocaqlarının yarandığı və beynəlxalq hüquq sisteminin sınağa çəkildiyi bir dövrdə belə bir platformanın Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq mərkəzi kimi mövqeyini gücləndirir.

Forumda sabiq dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar və ekspertlərin iştirakı göstərir ki, Bakı artıq yalnız regional deyil, həm də qlobal miqyasda siyasi fikir mübadiləsinin aparıldığı mühüm məkana çevrilib.

Prezident İlham Əliyevin çıxışında əsas diqqət təhlükəsizlik, sülh və beynəlxalq hüququn qorunması məsələlərinə yönəlib. Dövlət başçısı Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolun - işğal, müharibə və sonrakı sülh prosesinin - beynəlxalq ictimaiyyət üçün mühüm təcrübə olduğunu vurğulayıb. Azərbaycan əvvəlcə hərbi-siyasi mübarizə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, daha sonra isə regionda sülhün qurulmasına yönəlmiş siyasət yürüdüb. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə nadir nümunələrdən biri kimi təqdim edilir. Prezidentin vurğuladığı kimi, sülhün təmin edilməsi yalnız sənədlərlə deyil, real iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə mümkündür. Ermənistanla münasibətlərdə ticarət əlaqələrinin bərpası və tranzit imkanlarının açılması da bu strategiyanın praktiki təzahürü kimi qiymətləndirilir.

Forum çərçivəsində diqqət çəkən digər mühüm istiqamət enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları məsələləri olub. Qlobal enerji bazarında qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycanın neft, qaz və elektrik enerjisi sahəsində etibarlı tərəfdaş kimi çıxış etməsi xüsusi vurğulanıb. Azərbaycan artıq bir çox ölkə üçün mühüm enerji təchizatçısına çevrilib və bu rolun gələcəkdə daha da artacağı gözlənilir. Eyni zamanda ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində aktiv iştirakı Azərbaycanın Avrasiya məkanında logistika qovşağı kimi mövqeyini gücləndirir. Bu amillər Bakıda keçirilən Qlobal Forumun yalnız müzakirə platforması deyil, həm də regional və qlobal əməkdaşlıq strategiyalarının formalaşdığı mühüm siyasi məkan olduğunu göstərir.

Beləliklə, XIII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq diplomatiyada artan nüfuzunu və qlobal problemlərin həlli üçün dialoq təşəbbüslərində fəal rolunu bir daha ortaya qoyub.

Alim Nəsirov


SON XƏBƏRLƏR