Noyabrın 6-da Vaşinqtonda keçirilən C5+1 sammiti, Mərkəzi Asiya ilə ABŞ arasında dialoqun yeni mərhələsini açmaqla yanaşı, Avrasiyada geosiyasi xəritənin yenidən cızıldığı bir dövrə təsadüf edir.
Bu formatın əsas məqsədi bölgənin iqtisadi, enerji və təhlükəsizlik sahələrində davamlı əməkdaşlıq mexanizmi qurmaqdır. Lakin analitik baxımdan prosesin daha geniş mənası var: ABŞ Mərkəzi Asiya ilə əməkdaşlığı təkcə Çin və Rusiyanın təsirini balanslaşdırmaq üçün deyil, həm də Avrasiya qitəsində dayanıqlı tərəfdaşlıq modelini formalaşdırmaq üçün genişləndirir. Bu mənada Azərbaycanın bu prosesə daxil edilməsi, formatın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq amil kimi qiymətləndirilir.
Azərbaycan artıq regional enerji və nəqliyyat sistemlərinin mərkəzində dayanır. Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Qars kimi layihələr ölkəmizi Qərb üçün etibarlı enerji və logistika tərəfdaşına çevirib. Bununla yanaşı, Orta Dəhlizin əsas hissəsi kimi Azərbaycanın tranzit infrastrukturu Mərkəzi Asiya ilə Avropa arasında faktiki körpü rolunu oynayır. Bu reallıq ABŞ-nin Avrasiyada iqtisadi və təhlükəsizlik strategiyasına yeni nəfəs gətirə bilər. C5+1-in “C6+1” və ya daha geniş perspektivdə “C8+1” formatına çevrilməsi ideyası, məhz Azərbaycanın bu körpü funksiyasını institusional səviyyədə tanımaq mənasına gəlir.
“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlandırılan Zəngəzur dəhlizi konsepsiyası, hazırda regionda inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Bu layihə təkcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı Qərb iqtisadi sisteminə birləşdirən strateji xətt kimi dəyərləndirilir. ABŞ üçün bu marşrut həm Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə alternativ, həm də Avrasiya ticarətinin demokratik və təhlükəsiz istiqamətdə inkişafı üçün vacib platformadır. Azərbaycanın bu dəhlizdəki rolu, yəni, həm logistik, həm diplomatik baxımdan sabitlik yaradan aktor kimi çıxış etməsi onu regionun enerji və nəqliyyat mərkəzinə çevirir.
Azərbaycanın C5+1 formatına qoşulması həm də siyasi baxımdan məntiqli addım olardı. Prezident İlham Əliyevin Qazaxıstan, Türkmənistan və Özbəkistan liderləri ilə artan siyasi dialoqu, Xəzər hövzəsində birgə iqtisadi və ekoloji təşəbbüsləri gücləndirib. Bu proses Cənubi Qafqaz və Mərkəzi Asiya arasında süni sərhədləri aradan qaldırır. Azərbaycanın bu müzakirələrdə “müşahidəçi” statusunda iştirakı belə, Vaşinqton üçün regionda sabitlik və proqnozlaşdırıla bilən siyasət təminatıdır. Beləliklə, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də siyasi sabitlik və diplomatik balans yaradan qüvvə kimi dəyərləndirilir.
ABŞ üçün Azərbaycanın bu platformaya daxil edilməsi Avrasiyada çoxqütblü sistemdə dayanıqlı təsir mexanizmi formalaşdırmaq baxımından əhəmiyyətlidir. Vaşinqton, Bakının vasitəçilik və balanslaşdırıcı diplomatiyasını, həm Rusiya, həm də Çinlə rəqabətdə strateji üstünlük kimi qiymətləndirə bilər. Azərbaycan vasitəsilə ABŞ, həm Mərkəzi Asiyada resurs təhlükəsizliyini təmin edə, həm də Qafqazda sülh prosesinə töhfə verə bilər. Bu, eyni zamanda, Cənubi Qafqazın gələcək siyasi xəritəsini sabitlik və iqtisadi əməkdaşlıq prinsipləri əsasında formalaşdırmağa imkan yaradar.
Vaşinqtonda keçirilən C5+1 sammiti artıq sadəcə diplomatik toplantı deyil, Avrasiyanın gələcək geosiyasi düzənini müəyyənləşdirən açar hadisə kimi qiymətləndirilir. Azərbaycanın bu platformaya qoşulması regionun iqtisadi inteqrasiyasını dərinləşdirəcək, Orta Dəhliz üzərində yeni iqtisadi mərkəz yaratmaqla ABŞ-ın Avrasiya siyasətinə strateji dərinlik qazandıracaq. Əslində, bu proses təkcə Azərbaycanın deyil, bütövlükdə Avrasiyanın siyasi sabitliyinə, enerji təhlükəsizliyinə və qlobal ticarət sisteminə yeni nəfəs verə biləcək tarixi fürsət kimi dəyərləndirilməlidir.
Züriyə Qarayeva
Bakı 



