• Bakı C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Azərbaycanın İrana humanitar yardımı: Gərginlik fonunda...

SİYASƏT

12 Mart 2026 | 17:15

Azərbaycanın İrana humanitar yardımı: Gərginlik fonunda...

Azərbaycanın İrana humanitar yardım göndərməsi regional gərginlik fonunda ölkənin humanist və prinsipial mövqeyini nümayiş etdirən önəmli addımdır.

Naxçıvana atılan raketin İrandan gəldiyi iddiası fonunda yaranmış gərginliyə baxmayaraq, Bakının belə bir qərar verməsi həm qonşuluq məsuliyyətinə sadiqlik, həm də humanitar dəyərlərin prioritet olduğunu göstərir.

Bu yardım bölgədə qarşılıqlı etimadın qorunmasına, dialoq və sabitliyin gücləndirilməsinə yönəlmiş diplomatik mesaj kimi də qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, bu, İran cəmiyyətinə mesajdır. 

Siyasi şərhçinin sözlərinə görə, ən böyük mesaj isə İran hakimiyyətində təmsil olunan elit qruplaradır: 

“Mesaj odur ki, Azərbaycan həm ən sərt formada cavab verə bilir. Amma konstruktiv mövqe sərgilənəndə Azərbaycan humanitar addımlar atır. Azərbaycan fövqəlvəziyyətdə bir çox ölkəyə diplomatiya dərsi keçdi. Əfsuslar olsun ki, bəzi dövlətlər bu sınaqdan çıxa bilmədi. Hazırki dövrdə İranda müharibə gedir. Bütün informasiya köpüyünü kənara atsaq, Azərbaycanın yeganə mövqeyi ortaya çıxır".

Fərhad Məmmədov, politoloq

Onun sözlərinə görə, bu da heç bir vəchlə müharibəyə, münaqişəyə qoşulmamaqdır. Atılan bütün addımlar, sərt reaksiyaların verilməsi, yolların bağlanması və sonrakı günlərdə əlaqələrin qurulması, humanitar yardımlar məhz bu məqsədə xidmət edir. Biz müharibəyə qoşulmamaqla bərabər, hücumların, təxribatların da təkrarlanmamasını istəyirik və tələb edirik. 

F.Məmmədov diqqətə çatdırıb ki, İranda hazırda müharibə getdiyi üçün hakimiyyətdə təmsil olunan şəxslər dəyişikliyə məruz qalıb: 

“Məsələn, İranın hərbi hakimiyyətində Azərbaycana ən yaxın sima İranın keçmiş Baş qərargah rəisi Məhəmməd Baqiri idi. Ancaq ötən qısa müddət ərzində İranda hərbi-siyasi rəhbərlikdə bir neçə dəfə dəyişiklik olub. Digər tərəfdən, mövqelər, yanaşmalar dəyişib. Azərbaycan da hər zaman rəsmi qurumlarla münasibətlər qurub".

Siyasi şərhçinin qeyd etdiyinə görə, heç də təsadüfi deyil ki, İran prezidenti ilə danışdıqdan sonra müsbət nəticələr əldə olundu və yardım göndərildi. Bu da İran daxilində Məsud Pezeşkianın mövqelərini gücləndirir. Aydın olur ki, məhz onunla danışıqları aparmaqla yaranmış problemləri həll etmək mümkündür.

Aydın Baxış


SON XƏBƏRLƏR