Atmosferdə artan karbon qazı konsentrasiyasına qarşı əsas təbii maneə olan meşələri qorumaq üçün onilliklər ərzində aparılan səylər sürətlənən iqlim böhranı səbəbindən ciddi təhlükə altındadır.
Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) ekspertləri açıqlama yayıb.
Ekspertlərin fikrincə, kritik vəziyyət havanın temperaturunun yüksəlməsi, rütubətin azalması və zərərvericilərin kütləvi yoluxması nəticəsində yaranan meşə yanğınlarının və quraqlıqların artması səbəbindən yaranıb.
UNECE-nin məsuliyyət zonasına daxil olan ölkələr Avropa, Şimali Amerika, Qafqaz və Mərkəzi Asiya dünya meşələrinin 40%-dən çoxunu təşkil edən 1,76 milyard hektardan çox meşəyə ev sahibliyi edir.
Bölgədəki meşələrin ümumi sahəsi 60 milyon hektar artsa da, qlobal miqyasda əks tendensiya müşahidə olunur. Hər il təxminən 10,9 milyon hektar meşə məhv olur.
UNECE nümayəndəsi Paola Deda bildirib ki, 2021-ci ildə meşə yanğınları 12,6 milyon hektar meşəni məhv edib. Bu, Yunanıstanın ölçüsünə bərabər olan ərazidir. Daha 73 milyon hektar meşə, təxminən İspaniya və Portuqaliyanın birləşmiş ərazisi həşərat zərərvericiləri və xəstəlikləri tərəfindən zədələnib.
"Bu tendensiyalar davam edərsə, hazırda güclü bir karbon yuvası kimi fəaliyyət göstərən meşələr emissiya mənbəyinə çevrilərək qlobal iqlim məqsədlərinə çatmağı təhlükə altına alacaq", - Deda xəbərdarlıq edib.
Gülşən Şərif
Bakı 



