Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin Sərəncamı ilə Zaur Zeynalabdul oğlu Rüstəmov "General-leytenant" hərbi rütbəsi alıb.
Bakıvaxtı.az Zaur Rüstəmovun dosyesini təqdim edir:
Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini doğulduğu kənddə alan Zaur Rüstəmov daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.
1992-ci ildə hərbi aviasiya sahəsində təhsil almaq üçün Türkiyəyə göndərilən Rüstəmov 1996-cı ildə Azərbaycana qayıdıb. Həmin ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, müstəqil Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri kimi tanınır.
Hərbi karyerası ərzində Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışan Zaur Rüstəmov aviasiya sahəsində peşəkar fəaliyyət göstərib. O, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 2020-ci il noyabrın 8-də keçirilən Zəfər paradında hərbi təyyarəçilərə rəhbərlik edib.
Zaur Rüstəmov 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində iştirak edib. Hərbi xidmətləri və döyüşlərdə göstərdiyi fəaliyyətə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
25 iyun 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.
2022-ci ilin may ayında Bakıda keçirilən TEKNOFEST Azərbaycan festivalı çərçivəsində Türkiyənin “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktarla Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsində uçuş həyata keçirib. Bu hadisə onun hərbi aviasiya sahəsindəki fəaliyyətinin diqqətçəkən məqamlarından biri olub.
7 noyabr 2024-cü ildə Zaur Rüstəmov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının müavini təyin edilib.
25 iyun 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Murad İsmayıl
















