Qəzza zolağı tonlarla zibillə doludur və antisanitar şərait yerli əhalinin sağlamlığına ciddi təhlükə yaradır.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Qəzzadakı ofisinin rəhbəri Alessandro Mrakiç açıqlama verib.
Onun sözlərinə görə, Qəzzada tullantı probleminin miqyası çox böyükdür:
"Söhbət Qəzza boyu idarə olunmayan 2 milyon ton tullantıdan gedir. Ətraf mühit, su təbəqəsi və ictimai sağlamlıq üçün risklər çox böyükdür. Bir çox yerli sakinlər mədə və dəri problemlərindən şikayətlənirlər. Yerli həkimlər mövcud vəziyyəti ətraf mühitin çirklənməsi ilə əlaqələndirirlər".
Xan Yunis şəhərindəki səhra xəstəxanasının dermatoloqu Sami Əbu Taha qeyd edib ki, dəri xəstəlikləri qəzzalıların qaldığı zibilliklərin yanında qurulan çadırlarda həddindən artıq sıxlıq səbəbindən geniş yayılıb.
Nəşr qeyd edib ki, BMT problemin həlli yolları, o cümlədən tullantılardan elektrik enerjisi istehsal edə biləcək təkrar emalı zavodlarının tikintisi layihələri hazırlayır.
Gülşən Şərif
Bakı 



