Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizi ilə bağlı növbəti açıqlama verib. Mirzoyan jurnalistlərdən xahiş edib ki, “dəhliz” terminindən istifadə etməsinlər, çünki bu, “TRIPP layihəsi”dir. Onun sözlərinə görə, “dəhliz” anlayışı onun üçün mənfi emosional məna daşıyır. Nazir bildirib ki, yeni iqtisadi və logistika marşrutları hazırda dünyada fəal şəkildə müzakirə olunur, lakin “dəhliz” anlayışı Ermənistanda xüsusilə emosional əhəmiyyət kəsb edir:
“Bəli, bütün ölkələr yeni nəqliyyat marşrutları yaratmağa çalışırlar. Amma məsələ ondadır ki, bu terminlə nə nəzərdə tutulur? Danışıqların müxtəlif mərhələlərində bəzi dövlətlər dəmir yolu boyunca hərbi mövcudluq yaratmaq və ya infrastruktur üzərində nəzarət etmək istəyi bildiriblər. Mən artıq demişəm ki, bu, Ermənistan Respublikasının müstəsna hüququdur. Amma “dəhliz” sözünü eşidən kimi avtomatik olaraq ölkənin suverenliyinə xələl gətirə biləcək gizli niyyətləri hiss edirik”.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlamasında bildirib ki, Ermənistan rəsmilərinin bir çox məsələyə qeyri-rasional yanaşması anlaşılan deyil.
Deputatın sözlərinə görə, tarixi-coğrafi adı ilə desək, Zəngəzur dəhlizi, yəni “TRIPP” layihəsi Orta Dəhlizin bir komponentidir:
“Zəngəzur dəhlizi Çindən Avropaya minlərlə kilometr uzanan Orta Dəhlizin mühüm tərkib hissəsidir. Məsələn, Azərbaycan üzərindən Orta Dəhliz keçir və biz də bunu ‘yol’ yox, ‘dəhliz’ adlandırırıq. Məgər bununla öz suverenliyimizdən imtina edirik?! Qazaxıstan və Rusiyanın taxılı məhz Azərbaycan üzərindən Gürcüstan vasitəsilə Ermənistana daşınır".

Tural Gəncəliyev: Dənizin dibinin və su sərhədlərinin bölünməsi mübahisələrə yol açdı
O diqqətə çatdırıb ki, əgər Zəngəzur dəhlizi açıq olsaydı, Azərbaycandan Ermənistana taxıl yükləri Gürcüstan vasitəsilə yox, birbaşa daşınardı:
"Ona görə də Ermənistan rəsmilərinin ‘dəhliz’ termininə bu qədər kəskin yanaşmasını anlamıram. Dəhliz sözünü ermənilər öz suverenliklərinə təhdid sayırlar".
Parlament üzvü vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında ətraf ölkələrin illərlə müzakirəsi getdi:
"Dənizin dibinin və su sərhədlərinin bölünməsi mübahisələrə yol açdı. Çünki bəzi ölkələr Xəzəri dəniz yox, göl adlandırırdılar. Son nəticədə razılıq əldə olundu. İndi bütün dünya Orta Dəhliz layihəsinə dəhliz deyir, ermənilər isə bu ifadəyə qarşı çıxır. 43 kilometrlik ‘TRIPP’ marşrutu Orta Dəhlizin kiçik bir elementidir. Ermənistan tərəfi bunu qəbul etməsə də, bu, faktdır — dünya bunu belə qəbul edir”.
Aydın Baxış
Bakı 


