• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

“Zəngəzur dəhlizi açılacaq, böyük dövlətlər “əl qoyub” - Hərbi ekspertlə MÜSAHİBƏ

MÜSAHİBƏ

30 Sentyabr 2024 | 10:36

“Zəngəzur dəhlizi açılacaq, böyük dövlətlər “əl qoyub” - Hərbi ekspertlə MÜSAHİBƏ

Bakıvaxtı.az-ın budəfəki müsahibi ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovdur.

Söhbəti təqdim edirik.

Rəsmi İrəvanın bəyanatları imitasiyadan başqa bir şey deyil

- Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazilərini yenə atəşə tutur. Bir yandan bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan konstitusiyanın dəyişilməsinə hazır olduqlaırnı bildirir, sülh siqnalı ötürür, digər yandan silahları “danışdırır”. Nələr baş verir?

- Nikol Paşinyan ölkəsində orduya nəzarət edə bilmədiyini açıqlayıb. Dəfələrlə bəyan edib ki, onun rəhbəri olduğu dövlətdə istefasını tələb edən generallar var. Onun idarəçiliyi ilə razılaşmayan hərbçilər mövcuddur. Bu mənada düşünürəm ki, Paşinyanın bəyanatları sübut edir ki, bu ölkənin ordusunda vahid komandanlıq yoxdur.

- Bəs bu hərbçilər haradan, kimdən, hansı qüvvələrdən güc alıb, ölkə rəhbərliyinin qərarını, idarəçiliyini “boykot” edirlər?

- Ermənistanda Rusiya sərhədçiləri yerləşiblər. Onlar zaman-zaman mühüm görüşlər öncəsi bu cür təxribatlara əla atırlar. Bu, dəfələrlə sübut olunub. Bu işdə həm Ermənistan ordusunun, həm də kənar qüvvələrin fəaliyyəti var. Ona görə də Ermənistanın səmimiyyətinə heç zaman inanmamışam. Bu ölkə həmişə “sağ deyib, sol vurub, sol deyib, sağ vurub”. Onlar guya sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edirlər, amma bu, imitasiyadan başqa bir şey deyil. Rəsmi İrəvan prosesi uzadır.

- Niyə?

- Qərb və digər ölkələrdən dəstək almaq istəyirlər və bu istəklərinə də çatırlar. Artıq Fransa, Amerika, Yunanıstan, Hindistan bu ölkəyə dəstək verir.

Rusiyanın əvvəlki gücü və imkanları olsa idi...

 - Bu ölkələrin hədəfi nədir?

- Hədəf Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdır. Böyük ehtimalla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bundan sonra məlum prosesi davam etdirəcəklər.

- Ermənistanı Rusiya təsirindən xilas etmək mümkün olcaqmı? Uzağa getməyək, bir zamanlar Gürcüstan da analoji yolu tutmuşdu, amma ərazi itkilərinə məruz qaldı, hətta Gürcüstanda bu siyasi xətti aparan sabiq prezident Mixeil Saakaşvili hazırda həbsdədir. Sizcə, Ermənistanı da Gürcüstanın aqibəti gözləyir, yoxsa Rusiyanın əvvəlki gücü, qüdrəti qalmayıb?

- Rusiyanın əvvəlki gücü və imkanları olsa idi, Ermənistan heç zaman Qərbə inteqrasiya yoluna qədəm qoymazdı. Bu barədə heç düşünməzdi də.

Özbəkistan hadisələrinə diqqət yetirin. Özbəkistan parlamentinin vitse-spikeri Rusiyaya çox sərt təpki verib. Bundan əvvəl Tacikistan prezidenti MDB müşavirəsində Rusiya lideri Vladimir Putinə etirazını bildirib. Əvvəlki illərdə belə halların şahidi olmurduq. Bütün bunlar düşünməyə əsas verir ki, hazırkı Rusiya əvvəlki Rusiya deyil.

Belə müşahidə edirəm ki, Ermənistan özünə Rusiyadan təhlükə görsə idi, bu cür addımlar atmazdı. Yaxın aylarda daha başqa mənzərələrin şahidi olacağıq.

Hesab edirəm ki, Ermənistan Rusiya ilə yollarını ayıracaq

- Ermənistan sürətlə Rusiyanın təsir və təzyiqindən uzaqlaşır.Ermənistan bunu necə reallaşdıra bilər ki, iqtisadiyyatının az qala 80-85 faizi Rusiyadan asılıdır, bu ölkədə Rusiyanın hərbi bazası yerləşir?!

- Bəli çətindir, amma bu istiqamətdə addımlar atılır. Razıyam ki, Rusiyanın 102-ci bazası Gümrüdədir, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır, amma Ermənistana kənardan gələn dəstək onu həvəsləndirir. Hətta Ermənistan neçə müddətdir ki, KTMT-nin təlimlərinə qatılmır. Rusiya da onları bu təlimlərə məcbur edə bilmir. Dəfələrlə bəyanat səsləndiriblər, amma Ermənistan çağırışa məhəl qoymur. Hər halda rəsmi İrəvan əmin olmasa idi, Kremlə qarşı bu addımları atmazdı. Hesab edirəm ki, Ermənistan Rusiya ilə yollarını ayıracaq. İddia etmirəm ki, tam olaraq, qopmalar baş verəcək. Hər halda Ermənistan Rusiyanın təzyiqi və təsirindən xilas olmaq istəyir.

- Qeyd etdiniz ki, Fransa, Amerika, Yunanıstan, Hindistan və başqa ölkələr Ermənistana dəstək verirlər. Bu dəstək rəsmi İrəvanı Azərbaycana qarşı revanşa “iştahlandıra” bilərmi?

-Yaxın 5 ildə bu “iştaha” düşə bilməzlər, amma sonrakı illərdə onlar güclü hazırlıq keçsələr, baş qaldıra bilərlər. İndiki halda isə bunu istisna edirəm.

- Bəs Azərbaycan nə kimi preventiv addımlar atmalıdır ki, düşmən bu cür istəyə düşməsin?

- Silahlı qüvvələrimizi daha da gücləndirməliyik, ordumuz üçün lazım olan silah-sursatı almalıyıq ki, Ermənistan xam xəyallara düşməsin.

- Zəngəzur dəhlizinin açılması da son günlərin müzakirə predmetidir. Bizə yaxın olan dəhliz məsələsinin açılması niyə uzanır? Bir halda ki, bəzi Avropa ölkələri , Türkiyə, Rusiya, Azərbaycan razıdır. Belə olan halda niyə proses uzanır?

- Sözsüz ki, burada daha çox siyasi amillər var. Amma dəhliz açılacaq, mütləq açılacaq, sadəcə indi proses bir az ləngiyir, bu da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının orada yerləşdirilməsi istiqamətində Ermənistanla dil tapa bilməməsi ilə bağlıdır. Rəsmi İrəvan görür ki, Moskvanın əvvəlki gücü yoxdur, o da 2020-ci ildə imzaladağı sənəddəki bəndlərdən imtina edir.

Bununla yanaşı, hesab edirəm ki, dəhlizin açılması qaçılmazdır. Dəhliz açılacaq, çünki burada təkcə, Azərbaycan və Türkiyə deyil, böyük dövlətlərin də maraqları var. Onlar da dəhlizin açılmasına “əl qoyublar”. O dövlətlər də bu yol vasistəsilə yüklərin dünyanın bir başından o biri başına daşınmasına nail olmaq istəyirlər.

Aydın Baxış


SON XƏBƏRLƏR