• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

“Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə ağırlaşmaların qarşısını alaraq, onların həyat keyfiyyətini yüksəldir

CƏMİYYƏT

30 Sentyabr 2024 | 11:40

“Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə ağırlaşmaların qarşısını alaraq, onların həyat keyfiyyətini yüksəldir”

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Zəminə xanım, İnsanın İmmunçatışmazlığı Virusları (İİV) orqanizmdə daha çox hansı orqan və sistemləri zədələyir?

- İmmunçatışmazlığı Virusları ilə yoluxmadan sonra virus insan orqanizmin daxili maye mühitlərində aktivliyə malik olaraq dövr edir. Qanda və digər bioloji mayelərdə dövr edən virus orqanizmdə CD4+ reseptorları olan hüceyrələrə aktiv şəkildə nüfuz edir. Qeyd olunmalıdır ki, müdafiə funksiyasını həyata keçirən orqan və sistemlər bu reseptorlarla xüsusilə zəngindir. Virus onun üçün hədəf hüceyrələr hesab olunan CD4 limfositləri zədələyir. Həmçinin, dərinin, mədə-bağırsaq traktının, tənəffüs, sinir sisteminin, ümumilikdə orqanizmin patogen mikroorqanizmlərə, bakteriya və viruslara, xarici faktorların təsirinə qarşı müdafiə qabiliyyəti zəifləyir. Nəticədə, orqanizmdə geriyə dönən və bəzən geriyə dönməz dəyişikliklər yaranmağa başlayır. İİV-ə yoluxan şəxslərin orqanizmində baş verən bu dəyişikliklər daha çox hallarda özünü dərinin müxtəlif xarakterli zədələnmələri, Kapoşi sarkoması, mədə bağırsaq sisteminin kandidozu, vərəm, müxtəlif mənşəli pnevmoniyalar, ensefalopatiyalar və s. şəklində biruzə verir.

- İİV-ə yoluxma şübhəsi varsa, ilk olaraq insanda hansı əlamətləri müşahidə edə bilər?

- İİV-ə yoluxan şəxslərdə müşahidə olunan kliniki əlamətlər digər infeksion və qeyri infeksion xəstəliklərdə müşahidə olunan əlamətlərlə oxşardır. Belə ki, xəstəlik erkən mərhələlərdə daha çox ümumi halsızlıq, iştahanın zəifləməsi, periferik limfa düyünlərinin böyüməsi, hərarətin yüksəlməsi kimi əlamətlərlə özünü biruzə verir. Sonrakı mərhələlərdə isə İİV viruslarının replikasiyasının sürətlənməsi və virusun səviyyəsinin artması hesabına digər kliniki əlamətlər meydana çıxır. Belə ki, dəridə müxtəlif xarakterli səpkilərin əmələ gəlməsi, ishal, ağız boşluğunun, qida borusunun kandidozu ilə əlaqədar qida qəbulunun çətinləşməsi, hərarətin davamlı yüksəlməsi, çəki itkisi, öskürək və s. əlamətlər müşahidə olunur. Sadalanan kliniki simptomların digər xəstəliklər zamanı da müşahidə olunduğunu nəzərə alaraq, bu əlamətli şəxslərin İİV-ə müayinə olunmaları tövsiyə olunur.
Eyni zamanda, İİV infeksiyası üçün uzun müddətli gizli gedişat da xarakterikdir. Belə ki, bəzən İİV-ə yoluxan şəxslər 2 ildən 10 ilə qədər heç bir kliniki əlamət və simptomatika müşahidə olunmadan yaşaya və virusu digər şəxslərə yoluxdura bilirlər. Buna görə də, azı ildə iki dəfə müayinədən keçməklə, gizli gedişata malik infeksiya zamanı da İİV status barədə məlumat əldə etmək vacibdir.

- Doktor, İİV-ə yoluxan şəxslərdə müşahidə olunan ağırlaşmaların və yanaşı xəstəliklərin müalicəsi necə aparılır?

- İlk öncə qeyd etmək istərdim ki, İİV-ə yoluxan şəxslərin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Milli protokola uyğun həyata keçirilir. İİV müsbət statusu təyin olunan hər bir pasiyent ARV terapiyaya cəlb olunmazdan öncə həkim infeksionist tərəfindən ətraflı müayinə olunur, anamnestik məlumatlar toplanır, xəstədə yanaşı xəstəliklərin mövcudluğu araşdırılır, İİV infeksiyası ilə əlaqəli yaranan ağırlaşmalar dəyərləndirilir və kliniki, laborator, instrumental müayinə nəticələri qiymətləndirilir. İİV-ə yoluxan şəxslər üçün xüsusilə əhəmiyyət kəsb edən immunoloji status və virus yükünün səviyyəsinə əsasən xəstəyə müalicə sxemi təyin edilir və opportunistik infeksiyaların profilaktikasına başlanılır.
İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə, həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər.

- İİV-ə yoluxan şəxslər ailə həyatı qura bilərmi?

- İİV-ə yoluxan şəxslər həkim tövsiyələrinə ciddi nəzarət etməklə, ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki ARV terapiya İİV-ə yoluxan şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilər.

- İİV-ə yoluxan şəxs üzərində tibbi manipulyasiyalar icra edən zaman, təsadüfi zədələnmələr baş verərsə, hansı tədbirləri görmək lazımdır?

- Bildiyimiz kimi, tibb işçiləri daim infeksion və qeyri infeksion faktorların təsirinə məruz qalırlar. İİV-ə yoluxan şəxslərə tibbi manipulyasiyalar və prosedurlar icra edilən zaman universal təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtdir. Belə halların qarşısının alınması məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı vəsait dərc olunub və tibb işçilərinin maarifləndirilməsi məqsədilə paylanılıb. Universal təhlükəsizlik tədbirləri İİV-in pasiyentlə tibb işçisi arasında ötürülmə riskinin azaldılmasına yönəldilən tədbirlər kompleksidir.
Bilmək lazımdır ki, təmasdan sonra profilaktika təmas baş verdiyi andan 72 saatdan gec olmayaraq aparıldıqda effektivdir.


SON XƏBƏRLƏR