• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Raya Mansurova: İrandakı soydaşlarımızın təşkilatlanaraq ayağa qalxması zaman tələb edən prosesdir - MÜSAHİBƏ

MÜSAHİBƏ

14 Oktyabr 2024 | 10:22

Raya Mansurova: İrandakı soydaşlarımızın təşkilatlanaraq ayağa qalxması zaman tələb edən prosesdir - MÜSAHİBƏ

Bakıvaxtı.az-ın müsahibi, Bakı Dövlət Universitetinin müəllimi, politoloq Raya Mansurovadır.

Müsahibəni təqdim edirik.

- Növbəti gərginlik fazasına adlamış İran-İsrail münasibətlərinin indiki məqamda bu müstəviyə keçməsi hansı qlobal gəlişmə və ya proseslərin təzahürüdür?

- İsrail və İran arasındakı münasibətlərin bu cür qarşılıqlı gərginlik fazasına keçməsi gözlənilən nəticə idi. Hər iki dövlətin son iki ildə bir-birinə qarşı həyata keçirdikləri siyasi gedişlər bu qənaətə gəlmək üçün tutarlı əsaslar yaradır.

1979-cu il inqilabından sonra teokratik dövlət quruluşunu seçən İran İslam Respublikasının əsas məqsədi İslam dünyasında lider mövqeyinə yiyələnərək, bu coğrafiyanın əsas söz sahibinə çevrilməkdir. Bu məqsədə çatmanın əsas yolu Fələstinlə olan münaqişəsindən dolayı İslam dünyasının açıq-aşkar düşməni hesab edilən İsrailin üzərində üstünlük əldə etməkdən keçir. Bunun üçün İran bu ərazilərdə olan təsir dairəsini genişləndirmək üçün müxtəlif üsullardan istifadə edib, eyni zamanda HƏMAS, “Hizbullah” kimi terror təşkilatının silahlandırılmasında iştirak edib. Təbii ki, İsrail də bunu müşahidə edirdi və anlayırdı. Bu mənada sözügedən təşkilatlara, onlara havadarlıq edən dövlətlərə “göz dağı vermək” üçün İranı “cəzalandırmaq” qərarına gəldi.

- Niyə məhz İran?

- Çünki dəfələrlə embarqolara məruz qalmış İran Qərb dövlətləri tərəfindən “gözdən salınmış” bir dövlət idi. Ona qarşı atılan addım beynəlxalq arenada ciddi etirazlara səbəb olmayacaqdı.

Digər tərəfdən İsrail bilir ki, ərəb coğrafiyasında məzhəb fərqlilikləri var. İran bu ərazidən heç vaxt tam dəstək ala bilməyəcək. Sünni məzhəbinə mənsub olan dövlətlər üçün İsrailə meydan oxuyan və ərəb coğrafiyasında güclü sözə malik İran obrazı arzuolunan deyil.

Gərginliyi qızışdıran tərəf kimi İsrail qiymətləndirilə bilər. Çünki İsrailin 2023-2024-cü illərdə İrana qarşı atdığı addımlara İran cavab verəcəyini dəfələrlə bildirib, ancaq bu, İsraili çəkindirməyib. Nəticədə 2024-cü ilin aprelində İran İsrailə qarşı hücum həyata keçirdi. Bu addımı atmaqda İranın məqsədləri var.

- Hansı məqsədlərdən söhbət gedir?

- Niyyət sırf müharibəyə başlamaq, mövcud gərginliyi müharibəyə çevirmək deyildi. İran bunu etmək niyyətində olsa idi, aradan keçən zamanda daha kəskin və ardıcıl addımlar atardı.
İran başa düşür ki, İsrail onu müharibəyə çəkmək istəyir. Rəsmi Tehran, rəsmi Təl-Əvivin atdığı addımlara müvafiq olaraq, “bunlar cavabsız qalmayacaq” fikirinə uyğun öz siyasi nüfuzunu qorumaq üçün gec-tez bu addımı atacaqdı. Çünki bir neçə dəfə sərt bəyanat verib, lakin real addımlar atmayıb. İndi isə İran İsrailin niyyətini öyrənmək istəyir. “Mən dediyimi etdim, indi sıra səndədir” deyərək, “kartları” açmağa çalışır. Beynəlxalq sistemin əsas aktorlarına mesaj vemək niyyəti güdür. Onların İsraili cilovlamalarını istəyir.

- İran-İsrail qarşıdurmasında hansı qlobal güclər iştirak edir və nə üçün?

- İsrailin arxalandığı əsas güc ABŞ-dir. Lakin Birləşmiş Ştatlar hazırda seçki prosesi ərəfəsindədir ki, bu da onun münaqişəyə tam şəkildə müdaxilə etmə imkanlarını məhdudlaşdırır. Rusiya-Ukrayna münaqişəsinin mövcudluğu faktı isə rəsmi Moskvanın münaqişəyə qoşulmasını çətinləşdirir. Əksər Ərəb dövləti isə nə İranı müttəfiq kimi görür, nə də haqlı olaraq İsrail tərəfdən çıxış etmək istəyir.

- Bu qarşıdurmada Azərbaycan necə etməlidir ki, ya az zərərlə çıxsın, ya da heç zərər görməsin, hansı mövqedə dayanmalıdır?

-Azərbaycan üçün qonşuluğunda bu cür gərginlik ocağının yaranması arzuolunan hal deyil. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı İsrailin ölkəmizə dəstəyi böyük idi. Lakin münaqişənin gələcək istiqamətləri tam aydınlaşmadan açıq-aydın çıxışlarla münaqişəyə daxil olmaq bizim üçün ürəkaçan nəticələrə gətirib çıxarmaz. Ölkəmiz üçün əsas məsələ işğaldan azad etdiyimiz torpaqların yenidən qurulmasını və inkişafını uğurla həyata keçirməkdir.

Eyni zamanda cəmiyyətdə belə bir fikir formalaşa bilər ki, mövcud ziddiyyətin müharibəyə çevrilməsi İranın daxilində nəzarətin zəifləməsinə gətirib çıxarar, bu da İranda yaşayan soydaşlarımız üçün ümid işığı ola bilər. Amma bu, peşəkarlıqdan uzaq bir yanaşmadır. Çünki müharibə şiddətlənəcəyi təqdirdə İranla birbaşa sərhədi olan bir ərazi kimi onun fəsadları ölkəmizə də toxunacaq. Münaqişənin dərinləşməsi onun miqyasının böyüməsinə və digər güclərin prosesə daxil olmasına gətirib çıxara bilər ki, bu, bəşəriyyət üçün ağır nəticələr doğura bilər. Hər halda uzun müddət fars hakimiyyəti altında yaşamış və hər bir hərəkətinə daim nəzarət olmuş, qarşılıqlı inteqrasiya olunmuş bir xalqın təşkilatlanaraq, ayağa qalxması və bu ideyanı çoxluğa qəbul etdirməsi uzunmüddətli hazırlıq və zaman tələb edən bir prosesdir.

Aydın Baxış


SON XƏBƏRLƏR