Donald Trampla Vladimir Putinin Budapeştdə gözlənilən görüşünün baş tutmaması iki lider arasında diplomatik pauzanın başlanğıcı deyil, əksinə, yeni danışıqlar mərhələsinə keçidin xəbərçisidir.
Hər iki tərəf anlayır ki, bu qədər açıq müzakirədən sonra dialoqu birdəfəlik kəsmək nə siyasi, nə də strateji baxımdan məqsədəuyğundur. Lakin “növbəti görüş olacaqmı” sualına birmənalı “bəli” cavabı vermək hələ tezdir. Çünki tərəflər arasında razılaşdırılmamış çox ciddi məsələlər mövcuddur: xüsusilə, Ukrayna, Çin və enerji bazarları ətrafında.
ABŞ tərəfi Trampın təşəbbüsünü “nəticə əsaslı diplomatiya” kimi təqdim edir. Yəni, görüş ancaq konkret razılıq əldə ediləcəyi halda baş tuta bilər. Bu, əvvəlki administrasiyalardan fərqli yanaşmadır: Tramp simvolik foto və bəyanatlarla deyil, siyasi dividendlərlə maraqlanır. Əgər Rusiya Çinə yönəlik siyasətində və Ukrayna məsələsində müəyyən elastiklik göstərsə, yeni görüşün təşkili mümkündür. Lakin Kreml hələlik bu mövqedə dəyişiklik siqnalları vermir. Deməli, yaxın perspektivdə sammitin keçirilməsi ehtimalı azdır, amma diplomatik kanallar tam bağlanmayıb.
Rusiya üçün isə belə bir görüş yenə də vacibdir. Putin üçün bu, Qərb arenalarına dönüşün və beynəlxalq dialoqda bərpa olunan rolun simvoludur. Moskva istəmir ki, “Budapeşt fiaskosu” imic itkisinə çevrilsin. Ona görə də Rusiya diplomatiyası bu prosesi açıq saxlayacaq, lakin təşəbbüsü Vaşinqtondan gözləyəcək. Lavrovun “hər şey ABŞ-dən asılıdır” deməsi də bunu təsdiqləyir. Kremlin hesablamasında növbəti görüş Trampın seçki gündəliyində “sülh gətirən lider” obrazının bir parçası kimi mümkündür.
Geosiyasi mənzərə də bu istiqamətdə müəyyən imkanlar yaradır. Ukraynada vəziyyətin dalana dirənməsi, Avropa İttifaqında fikir ayrılıqları və Çinin artan təsiri Qərb üçün yeni formatlı danışıqlara ehtiyac yaradır. Tramp administrasiyası bu fürsətdən istifadə edərək həm daxili siyasi dividend qazanmaq, həm də beynəlxalq arenada “yeni güc balansı”nı formalaşdırmaq istəyir. Bu baxımdan, növbəti görüş tamamilə istisna edilmir. Sadəcə, onun vaxtı və formatı konkret nəticələr üçün yetişməlidir.
Nəticə etibarilə, Budapeşt sammiti baş tutmasa da, diplomatik proses dayanmayıb. Hər iki tərəf bir-birinə mesaj verdi: Tramp nəticə istəyir, Putin isə tanınma. Bu maraqlar bir nöqtədə kəsişərsə, yeni görüş labüddür. Amma o, sülh ritorikasının deyil, sərt geosiyasi hesablamaların görüşü olacaq.
Züriyə Qarayeva
Bakı 


