• Bakı 11° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Tramp-Zelenski görüşü müharibənin tempinə birbaşa təsir edəcək

DÜNYA

26 Noyabr 2025 | 11:45

Tramp-Zelenski görüşü müharibənin tempinə birbaşa təsir edəcək

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Cenevrədə razılaşmanın əsas müddəaları üzrə qarşılıqlı anlaşma əldə etməsi müharibənin gələcək siyasi konturlarını müəyyən edə biləcək önəmli mərhələ kimi dəyərləndirilir. Prezident Zelenskinin yaxın günlərdə Vaşinqtona planlaşdırılan səfəri bu prosesin kulminasiya nöqtəsi olacaq.

Gözlənti odur ki, Zelenski-Tramp görüşündə həm təhlükəsizlik təminatları, həm də müharibənin davamını müəyyənləşdirən kritik detallara son nöqtə qoyulacaq. Bu kontekstdə proses həm regional, həm də qlobal güc balansını dəyişdirə biləcək cizgilər daşıyır.

Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayevanın sözlərinə görə, Cenevrədə əldə olunan qarşılıqlı anlaşma göstərir ki, tərəflər strateji hədəflər üzrə artıq bir-birinə daha yaxın mövqedədirlər. Bu, xüsusilə Tramp administrasiyasının əvvəlki qeyri-müəyyən mesajlarının fonunda Kiyev üçün mühüm siyasi siqnaldır. Müsahibimiz hesab edir ki, anlaşmanın əldə olunması ABŞ-nin Ukrayna ilə bağlı siyasətini daha strukturlaşdırılmış formata keçirdiyini göstərir:

“Eyni zamanda Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı daha konkret öhdəliklərin formalaşmasına zəmin yaradır. Bu proses Zelenskinin Vaşinqton səfərində final detalların razılaşdırılması üçün güclü baza rolunu oynayacaq. Razılaşma həm də müharibənin gələcək mərhələsində daha proqnozlaşdırıla bilən dinamika yaradacağına işarə edir”.

Politoloq qeyd edib ki, Zelenski-Tramp görüşünün əsas gündəmi təhlükəsizlik təminatlarının konkretləşdirilməsi olacaq. Trampın yeni planı Ukraynanı daha çox kompromisli modelə yönəltmək niyyəti daşısa da, Kyiv müəyyən qırmızı xətləri qorumağa çalışacaq:

“Görüşün nəticəsi müharibənin davam etmə müddətinə və siyasi qərarların tonuna birbaşa təsir göstərə bilər. Əsas sual Tramp administrasiyasının Ukraynaya hərbi və maliyyə dəstəyinin nə dərəcədə davam edəcəyi ilə bağlıdır. Zelenski bu dəstəyi minimum risklərlə təmin etməyə çalışacaq. Əgər səfərdə tərəflər ortaq model taparsa, regionda yeni diplomatik mərhələ başlaya bilər”.

Bu prosesin Rusiyanın mövqeyinə təsirinə gəlincə, Z.Qarayeva deyir ki, Cenevrə anlaşması Moskvanın diqqətlə izlədiyi bir prosesdir, çünki ABŞ-Ukrayna yaxınlaşması əməliyyat səhnəsində balansı dəyişə bilər. Onun fikrincə, Rusiya mümkün kompromislərdə öz lehinə daha çox güzəşt qapısı axtarmağa çalışacaq. Eyni zamanda Moskva Zelenskinin Vaşinqton səfərini müharibənin gedişatında siyasi dönüş nöqtəsi kimi qiymətləndirir.

Züriyə Qarayeva: Rusiya mümkün kompromislərdə öz lehinə daha çox güzəşt qapısı axtarmağa çalışacaq

“Əgər ABŞ Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatları təqdim etsə, Rusiya təzyiq strategiyasını yenidən qurmalı olacaq. Lakin Tramp administrasiyasının “müharibəni tez bitirmək” ritorikası Moskvanı danışıqlarda daha iddialı etməyə də vadar edə bilər. Bu baxımdan proses Rusiyanın qərar mexanizmlərində ikili təsir yaradır: həm risk, həm də imkan pəncərəsi”, - deyə həmsöhbətimiz qeyd edib.

“Zelenskinin Vaşinqton səfərindən sonra regionda hansı yeni dinamika yarana bilər” sualına cavab verən politoloq bildirib ki, əgər tərəflər razılaşmanı yekunlaşdırsa, regionda nisbi siyasi stabilləşmə mərhələsi başlaya bilər. Təhlükəsizlik təminatlarının dəqiqləşməsi Ukraynanın uzunmüddətli müdafiə strategiyasını daha müəyyən formaya salacaq. Bu həm də Avropa İttifaqı və NATO daxilində koordinasiyanın güclənməsi deməkdir:

“Digər tərəfdən, Rusiya mümkün diplomatik təzyiq artımlarına uyğun olaraq fərqli hərbi və siyasi addımlar ata bilər. Prosesin nəticəsi Cənubi Qafqazdan tutmuş Şərqi Avropaya qədər geniş təsir dairəsi formalaşdıra bilər. Zelenski–Tramp görüşündən sonra siyasi xəritənin bəzi konturlarının dəyişməsi real perspektiv kimi görünür”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

25 Noyabr 2025