Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək V. Allahverdiyeva 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə, T.Babayevanın isə əvvəlki cəzası da qismən toplanılmaq yolu ilə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Proses oktyabrın 31-də davam edəcək.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev tanınır.
İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 


