• Bakı 13° C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Çin proksi müharibəyə meyl edir - AÇIQLAMA

SİYASƏT

25 Noyabr 2025 | 16:36

Çin proksi müharibəyə meyl edir - AÇIQLAMA

ABŞ-nin 2025-ci il xarici siyasət doktrinasında Asiya prioriteti daha da gücləndirilib. Vaşinqton Çini yenə də əsas strateji rəqib olaraq saxlayır, Hind-Sakit okean regionuna isə maliyyə və hərbi ayırmalar artırılıb.

Mövcud vəziyyətdə medianın ABŞ-Çin rəqabətini “soyuq müharibə", yoxsa iqtisadi inteqrasiya üzərində gedən mübarizə kimi təqdim etməsi necə qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qədir Aslan bildirib ki, hazırda Orta Dəhliz məsələsi gündəmdədir. Onun sözlərinə görə, Çinlə Avropa arasında ənənəvi ticarət yollarının dəyişməsi və yeni nəqliyyat marşrutlarının açılması prosesi gedir. Avropa İttifaqı ilə təqribən 1 trilyon dollarlıq, ABŞ ilə isə 1 trilyonu ötən ticarət dövriyyəsi olan Çin üçün bu yeni yollar iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək. Daşınma müddətinin 36 gündən 16 günə endirilməsi də nəzərdə tutulur:

"Belə olan halda, ticarət müharibələri müəyyən qədər davam etsə də, bu prosesin hərbi qarşıdurmaya çevrilməsi real görünmür. Çin və ABŞ bir-birini balanslaşdıran böyük iqtisadiyyatlardır və hər iki tərəf yaxşı anlayır ki, qarşı tərəfə ziyan vuran qərarlar nəticədə dünya iqtisadiyyatına, dolayısı ilə də öz maraqlarına mənfi təsir göstərir".

Qədir Aslan: Çin və ABŞ bir-birini balanslaşdıran böyük iqtisadiyyatlardır

Politoloq qeyd edir ki, sadəcə geopolitik və geostrateji müstəvidə anlaşılmazlıqlar qalır. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin Yaponiya və regionun digər adalarında hərbi bazaları yerləşir. Çinin ətrafında, xüsusilə Tayvan istiqamətində raket və hava hücumundan müdafiə sistemləri qurulub. Müsahibimizin sözlərinə görə, Çin bu konfiqurasiyanı dəyişmək istəyir ki, 80 ildən sonra özünü regionda hərbi təzyiq altında, sıxılmış vəziyyətdə hiss etməsin.

Həmsöhbətimiz deyib ki, regionda nüvə silahına malik ölkələr var və uzun mənzilli ballistik raketlərin idarə olunması, həmçinin strateji silahların azaldılması ilə bağlı danışıqlar əslində mümkündür:

“Lakin indiki vəziyyət göstərir ki, dünyada yeni münaqişə ocaqlarının artması bu proseslərin irəliləməsini çətinləşdirir".

Müsahibimizin fikrincə, bu məsələnin hələ uzun müddət davam edəcəyi görünür. Üstəlik, artıq proksi müharibələr meyli də artır. O bildiirb ki, Çin əvvəllər yalnız ticarət savaşı aparan bir aktor kimi çıxış edirdi, lakin indi İran və Rusiya vasitəsilə proksi müharibələrə qoşulmağa cəhd edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR