Bir il əvvəl Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğradı. Hadisənin ilk dəqiqələrindən məlum idi ki, qəza təbii səbəblərdən deyil, kənar müdaxilə nəticəsində baş verib: radarlara təsir göstərilərək təyyarəyə zərbələr endirilib və açılan raket atəşi nəticəsində təyyarə Xəzər dənizi üzərinə yönləndirilib.
Ötən müddət ərzində hadisənin səbəbləri və məsul şəxslər hələ də tam şəkildə açıqlanmayıb. Proseslərin yekunlaşmasına baxmayaraq, Rusiya tərəfi konkret açıqlama verməkdən yayınır.
Bəs Rusiya bu cinayətə görə niyə hələ də adekvat addımlar atmır? Beynəlxalq hüquq normaları və sərnişin təhlükəsizliyi prinsipləri necə təmin olunacaq? Azərbaycan-Rusiya strateji tərəfdaşlığı çərçivəsində belə hadisələr qarşısında dövlətlərarası münasibətlər necə qorunmalıdır? Bu suallar hələ də açıq qalır və hadisənin nəticələrinin adekvat şəkildə araşdırılması, məsuliyyət daşıyanların cəzalandırılması zəruridir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı proseslər yekunlaşıb:
"Lakin ilk dəqiqələrdən məlum idi ki, təyyarəyə kənar müdaxilə olunub: radarlara təsir göstərilərək təyyarəyə zərbələr dəyib, açılan raket atəşi nəticəsində təyyarə faktiki olaraq qəzaya uğradılıb. Təyyarə Xəzər dənizi üzərinə yönləndirilmişdi".

Arzuxan Əlizadə: Rusiya bu cinayəti ört-basdır etməyə çalışdı, lakin buna nail ola bilmədi
Onun sözlərinə görə, bu hadisədə Rusiyanın müvafiq qurumlarının məsuliyyəti var. Təəssüf ki, indiyə qədər Rusiya tərəfi konkret açıqlama verməyib. Dövlət başçılarının Düşənbədəki görüşündən sonra irəliləyiş gözləsək də, hələ heç bir addım atılmayıb.
"Beynəlxalq normalara əsasən Rusiya bu cinayətə görə məsuliyyət daşımalıdır. Faktlar açıqdır: naviqasiya sistemi sıradan çıxarılıb və bu, cinayət xarakteri daşıyır. Lakin bu günədək adekvat tədbirlər görülməyib",-parlament üzvü əlavə edib.
Həmsöhbətimiz deyib ki, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərinə də uyğun olmayan bu vəziyyət strateji tərəfdaşlığımıza xidmət etmir:
"Rusiya bu cinayəti ört-basdır etməyə çalışdı, lakin buna nail ola bilmədi. Hadisənin nəticələri ilə bağlı adekvat addımların atılmaması qəbuledilməzdir. Biz bu hərəkətləri qınayırıq və ən azından ümid edirik ki, gələcəkdə adekvat tədbirlər görüləcək".
Əli Hüseynov
Bakı 




