• Bakı 16° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycanda da “quş qripi”nin yayılma ehtimalı varmı? -Bu, elə bir xəstəlikdir ki...

CƏMİYYƏT

27 Oktyabr 2025 | 14:48

Azərbaycanda da “quş qripi”nin yayılma ehtimalı varmı? -Bu, elə bir xəstəlikdir ki...

Almaniyada “quş qripi”nin (H5N1) sürətlə yayılması ölkə miqyasında ciddi narahatlıq yaradıb. Havaların soyuması ilə yoluxmanın artacağı gözlənilir.

Məlumata görə, infeksiya dalğası hələ ən yüksək səviyyəyə çatmasa da, ölkə üzrə təxminən 400 min quş məhv edilib.

Fridrix Löffler İnstitutunun rəhbəri Krista Kühn vəziyyətin sürətlə dəyişdiyini və yoluxma hallarının artmasının mümkün olduğunu bildirib. O, insanlara ölü vəhşi quşlardan uzaq durmağı və fermalara girməməyi tövsiyə edib. Epidemiya nəticəsində istehsalçılar milyonlarla avro zərər görüb. Kənd təsərrüfatı naziri Alois Rainer itlaf edilən heyvanlar üçün təzminat məbləğinin artırılmasını təklif edib.

Bəs görəsən, ölkəmizdə də “quş qripi”nin yayılması ehtimalı varmı? “Quş qripi”ndən qorunmaq üçün hansı addmlar atılmalıdır?

Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, “quş qripi”nə yoluxma ehtimalı hər kəs üçün keçərlidir:

"Epidemiyaların qarşısını almaq yalnız virus yayılan ölkədə yaşayan insanların digər ölkələrə axınının qarşısı alınan zaman mümkündür. Nəticədə başqa ölkələrdə xəstəliyin yayılmasının qarşısını lokal şəkildə almaq olar. “Quş qripi” elə xəstəlikdir ki, quş havada uçaraq bir ölkədən digər ölkəyə keçir. Nəticədə həmin ölkənin ərazisindəki quşları da xəstəliyə yoluxdurur. İnsanlar həmin quşlarla əlaqədə olanda virus insanlara keçə bilər".

R.Bağırov qeyd edib ki, əvvəllər Azərbaycanda da “quş qripi” yayılıb. Lakin elə də ciddi fəsadları olmayıb.

Rasif Bağırov: “Quş qripi”nə yoluxma ehtimalı hər kəs üçün keçərlidir:

"Ölkəmizdə ”quş qripi” çox yüngül keçən bir xəstəlik olub. Hətta müalicə ilə sağalma mümkün olub. Əgər ölkəmizdə quş qripi yayılarsa, ciddi narahatlığa əsaslar yoxdur", - deyə müsahibimiz əlavə edib.

Ekspert sonda vurğulayıb ki, ölkəmizdə də “quş qripi”nin yayılması ehtimalı mövcuddur.

Qeyd edək ki, “quş qripi” müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsidir. “Quş qripi”nin inkubasiya dövrü 3-5 gündür. Virusa yoluxma zamanı quşlar yemdən imtina edir, süstləşir, lələkləri pırpızlaşır, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44o C-dək yüksələrək qısa müddətdə (24-72 saat) tələf olurlar. “Quş qripi” əsasən quşları yoluxduran, lakin bəzi hallarda insanlara da keçə bilən yoluxucu bir xəstəlikdir. Bu xəstəliyə səbəb olan virus, insanlara yoluxduqda ağırlaşmalara və hətta ölümə səbəb ola bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR