• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Elmar Məmmədyarov: "Ermənistan çoxlu pul qazana bilər, amma buna getmir"  - MÜSAHİBƏ

MÜSAHİBƏ

21 Oktyabr 2024 | 10:25

Elmar Məmmədyarov: Ermənistan çoxlu pul qazana bilər, amma buna getmir  - MÜSAHİBƏ

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

İran “özünü öldürür” ki, avtomobil və dəmir yolu ordan keçsin

- Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı müəyən çağırışlar var. Ermənistan tərəfi COP29-a qədər yekun sülh imzalamağa hazır olduğunu bəyan edir, amma rəsmi Bakı Ermənistandan konstitusiyasına dəyişiklik edərək, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasını tələb edir. Sizcə, Ermənistan nə vaxta qədər bu cür manipulyasiyalar edəcək?

- Hazırda Ermənistan dünyaya göstərmək istəyir ki, guya onlar yekun sülhə hazırdırlar, amma Azərbaycan prosesi ləngidir. Bundan ehtiyat etmək lazım deyil. Azərbaycan öz mövqeyini sonacan müdafiə etməlidir. Doğrudan da saziş hazırdırsa, onu parafalamaq olar. Həmin sənədi imzasız paraflayıb, kənara qoyursan, bildirirsən ki, sənəd paraflanıb, hazırdır, amma Ermənistan konstitusiyasını dəyişdirəndən sonra imzalana bilər. Çünki indi konstitusiya dəyişdirilməsə, sonradan Azərbaycana qarşı ərazi iddiaları irəli sürə bilərlər. İşi birdəfəlik həll etmək lazımdır.

Bu məsələ yalnız Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı deyil. Növbəti illərdə Paşinyan olmaya bilər, başqası hakimiyyətə gələndə konstitusiyanı əsas gətirərək, yenidən ərazi iddiası irəli sürə bilər. Bu mənada doğrudan da bir önəmli məqam kimi istifadə edə bilərik ki, saziş hazırdır, amma biz onu Ermənistanın konstitusiyasını dəyişdirəndən sonra imzalayacağıq. Bu bəyanatdan sonra artıq “top” Ermənistana ötürüləcək. Moskva, Vaşinqton, Brüssel də soruşsa, cavab verə bilərik ki, saziş paraflanıb, mətni razılaşdırılıb, lakin Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialırını çıxarsın, bundan sonra saziş tam rəsmiləşsin.

- Zəngəzur dəhlizi ilə bağlı müsbət siqnallar var. Bəzi ekspertlər iddia edirlər ki, İranın başı İsraillə münaqişələrə qarışdığı dönəmdə Zəngəzur dəhlizi məsələsini həll etmək lazımdır. Sizcə, dəhlizin açılması niyə gecikir, niyə rəsmi İrəvan prosesləri ləngidir?

- Zəngəzur dəhlizi məsələsi həll olunacaq, buna bir qram şübhəm yoxdur. Ermənistan rəhbərliyinin ağlı olsa, o yolu çoxdan inşa edərdilər. İran niyə “özünü öldürür” ki, gəlin avtomobil və dəmir yolunu İranın ərazisindən keçirək. Burada söhbət yalnız Naxçıvan-Azərbaycan əlaqələrindən getmir. Rəsmi Tehran düşünür ki, Çindən Türkiyə, Rusiya və Avropaya yollar gəlir. Həmin yollar sanksiya altındadır. O yollar Çin üçün çox önəmlidir. Burada milyardlardan söhbət gedir. Ona görə də İran özünü qabağa verdi, hətta ölkəmizi şantaj etdi. Ermənistan rəhbərliyinin ağlı olsa, 42 km olan Zəngəzur dəhlizinin inşasını büdcəyə salardı. Maraqlısı odur ki, vaxtilə Avropa İttifaqı bəyan etdi ki, o yolun çəkilməsi üçün vəsait ayırmağa, kredit verməyə hazırdır. Ermənistan buna razı olmadı, o yolu özlərinin tikəcəyini bildirdi, amma tikmədilər.

- Ermənistanı Fransamı fikrindən daşındırdı?

- Xeyr. Burada əsas məsələ odur ki, Avropa İttifaqı və ABŞ tam şəkildə Zəngəzur dəhlizinin açılmasını istəyir. Çünki onlar çalışırlar ki, o yol İrandan keçməsin, digər tərəfdən də o yol hazır olarsa, Orta Asiyaya da yol açılar. Orta Asiyaya yol açmaq üçün ya Azərbaycan və Ermənistandan keçməlisən, ya da İrandan. Bu mənada Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduqlarına dair bəyanatlar veriblər. Geostateji baxımdan onların Orta Asiyaya gəlişi çox önəmlidir.

- Zəngəzur dəhliznin açılmasına, Rusiya, Türkiyə, Amerika və Avropa ölkələri razıdırsa, niyə rəsmi İrəvan dəhlizin açılmasını yubadır. Bu paradoksu nə ilə izah etmək olar?

- Doğrudan da paradoksdur. Ermənistan çoxlu pul qazana bilər. Amma buna getmir, zamanla məsələ həllini tapacaq.

İranla İsrail arasında böyük toqquşma olacağına inanmıram

- İran-İsrail qarşıdurması yenidən şiddətlənib. Qarşılıqlı hədələr var. Sizcə, “bu xəmir çoxmu su aparacaq”?

- Qəzza hadisələrindən sonra İsrail Livanı “Hizbullah”I, HƏMAS-ı “vurdu”. İsrailin Suriyaya da hücumu gözlənilirdi. İnanmıram ki, İranla İsrail arasında böyük toqquşma olsun. Buna imkan verməzlər. Düzdür, bu, fantastik bir fikir olacaq. Əgər İsrail İranı vurarsa, bilirik ki, müharibə başlayanda qaçqın ordusu yaranır. İranda 25-35 milyon azərbaycanlı yaşayır. İrandan Ermənistana 5 milyon qaçqın köçsə, Ermənistanla məsələmiz birdəfəlik çözüləcək. Belə olarsa, Ermənistan iqtisadiyyatı güclü “qan itirəcək”, kökündən çökəcək və məsələmiz birdəfəlik həll olunacaq.

- Bildirdiniz ki, İsrailin İranı “vurmasına” icazə verməyəcəklər. Kim imkan verməyəcək?

- İlk növbədə Amerika buna imkan verməyəcək. Ola bilsin, konkret olaraq hansısa zavodları vursunlar, amma geniş müharibə gözlənilmir.

Ukrayna NATO-ya üzv olsa, bu, NATO-Rusiya müharibəsi olacaq

- Rusiya-Ukrayna müharibəsi nə zaman başa çata bilər. Ötənlərdə Ukrayna lideri Volodomir Zelenksi açıqlama yaydı ki, yeni “Qələbə planı” hazırlayıblar. Sizcə, Rusiyanı geri oturtmaq mümkün olacaqmı?

- Ukryana üçün əsas məsələ NATO üzvlüyüdür. NATO üzvü olan bəzi ölkələr buna imkan verməyəcək. Ukrayna NATO-ya üzv olsa, artıq bu, NATO-Rusiya müharibəsi olacaq. İlk növbədə NATO üzvü olan Almaniya buna getmək istəmir.

- Bəs onda niyə Ukraynanı Rusiya ilə üz-üzə qoyurdular və ya hər bəyanatlarında böyük dəstəkdən bəhs edirdilər?

- Ukrayna öz ərazisini müdafiə edir. Qərb üçün də vacibdir ki, Rusiya gücdən düşsün. Sanksiyalar da buna hesablanıb. Amma Rusiyanı geri oturtmaq çətin məsələdir. Heç onlar atəşkəsə gedə bilmirlər. Maraqlısı odur ki, Zelenskinin planının ilk bəndində NATO-dan söhbət gedir. Mənsə hesab edirəm ki, onların ilk planı Avropa İttifaqına üzvlük olmalı idi. Aİ isə NATO kimi hərbi blok deyil. Amma yenə də Ukrayna Aİ üzvlü olsa idi, atəşkəsi əldə etmək olardı.

Düşünürlər ki, mövzu var, hücuma keçək

- BRİCS hansı beynəlxalq struktura alternativ olaraq formalaşdı və təşkilat fəaliyyətini genişləndirə biləcəkmi?

- Əlbəttə, perspektivi olacaq. Dünyanın ən böyük dövlətləri bu təşkilatda yer alıb. Oların böyük iqtisadi gücləri var. BRİCS iqtisadiyyat baxımından önəmlidir, amma bu təşkilat  BMT-ni əvəz edə bilməz. Bununla yanaşı, deyim ki, iqtisadi baxımdan bir-birilərinə dəstək verə bilərlər.

- COP29-un Azərbaycanda reallaşmasına sayılı günlər qalıb. Belə bir məqamda bəzi beynəlxalq mərkəzlər yenə ölkəmizə qarşı kin-küdurət “qusurlar”...

 - Necə deyərlər, o dairələr üçün mövzu var. Düşünürlər ki, mövzu var, hücuma keçək. Bu, alışdığımız məsələdir. Fikir vermək lazım deyil.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Oktyabr 2024