• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Geosiyasi rəqabətin yeni üzü: dialoq və qarşılıqlı asılılıq mərhələsi

DÜNYA

31 Oktyabr 2025 | 12:44

Geosiyasi rəqabətin yeni üzü: dialoq və qarşılıqlı asılılıq mərhələsi

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında Cənubi Koreyada baş tutan görüş dünya siyasətindəki qüvvələr balansının hansı istiqamətə dəyişdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir.

Görüşdən əvvəl yüksək gözləntilər olsa da, nəticələrdən görünür ki, tərəflər real irəliləyişdən çox, bir-birlərinin mövqeyini ölçməyə çalışıblar. Trampın Ukrayna məsələsi ilə bağlı açıqlamaları da bunu təsdiqləyir:

“Si Cinpin bizə Ukrayna məsələsində kömək edəcək, amma edə biləcəyimiz başqa bir şey yoxdur”.

Bu cümlə Vaşinqtonun Pekinlə əməkdaşlıq imkanlarını məhdud, lakin zəruri hesab etdiyini göstərir.

İki liderin müzakirələrinin əsas mövzusu ticarət əlaqələri və tarif siyasəti olub. Trampın “Çin mallarına tətbiq olunan tarifləri 47%-ə endirəcəyik” bəyanatı Vaşinqtonun iqtisadi qarşıdurmanı yumşaltmaq niyyətindən xəbər verir. Bu, ABŞ-nin Pekinlə ticarət savaşını nəzarət altında saxlamaq cəhdidir. Çinin cavab addımı isə ABŞ-yə soya paxlasının idxalının bərpası, nadir torpaq metalları ixracının davamı və fentanil ticarətinə qarşı mübarizə öhdəliyi olub. Əslində, bu qarşılıqlı güzəştlər tərəflərin açıq rəqabət mühitini diplomatik koordinasiyaya çevirməyə çalışdığını göstərir.

Lakin The Spectator nəşrinin yazdığı kimi, Tramp görüşdən öncə Pentaqona Çin və Rusiya ilə “bərabər şərtlərlə” nüvə sınaqları keçirməyi tapşıraraq psixoloji üstünlük qazanmaq istəyib. Ancaq Pekin bu təzyiqə reaksiya vermədən soyuqqanlılıq nümayiş etdirib və iqtisadi gündəliyi önə çəkib. Çin diplomatiyasının mahiyyəti də budur. O, sərt ritorika əvəzinə sakit diplomatik oyunu seçir və nəticədə real imtiyaz əldə edir. Beləliklə, Tramp özünün strateji manevri ilə əslində Pekinə manevr üçün əlavə meydan qazandırıb.

Digər tərəfdən, JP Morgan analitiki Maykl Mckinleynin qeyd etdiyi kimi, Çin Rusiyadan enerji asılılığını azalda bilmir, çünki bu, iqtisadi məsələdən çox təhlükəsizlik amilidir. Moskva üçün Çin bazarı həyati əhəmiyyət daşıyır, Pekin üçün isə Rusiya ilə yaxınlıq Qərb təzyiqlərinə qarşı sığorta rolunu oynayır. Buna görə də, Çin nə Rusiyadan uzaqlaşa bilər, nə də Qərblə tam yaxınlaşa bilər, balans siyasətini qoruya bilər.

Nəticə etibarilə, Tramp-Si görüşü yeni razılaşmalar gətirmədi, amma tərəflərin gələcək strateji davranışlarını müəyyənləşdirdi. ABŞ üçün bu görüş Çini təcrid etməkdən çox onu dialoq masasında saxlamaq məqsədi daşıyırdı. Çin üçün isə əsas məqsəd qlobal imicini “sabitləşdirici güc” kimi möhkəmləndirmək idi.

Bu görüş göstərdi ki, XXI əsrin beynəlxalq münasibətlərində artıq təkqütblü hegemonluq dövrü bitib. İndi dünyada liderlik təkcə güclə deyil, sabitlik, praqmatizm və iqtisadi çevikliklə qazanılır. ABŞ və Çin rəqabət içində əməkdaşlıq modelini qorumağa çalışır. Bu isə yeni qlobal nizamın əsas xətlərindən biri olacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR