• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

MƏDƏNİYYƏT

31 Oktyabr 2025 | 12:22

Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun (1925–1963) 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisinin açılış mərasimi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində keçirilib. Tədbirdə rəssamın müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, kitab illüstrasiyaları və eskizlər nümayiş olunub. Əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı İncəsənət Mərkəzi (“Yeni Gallery”) və şəxsi kolleksiyalardan toplanıb və ilk dəfə vahid sərgi məkanında bir araya gətirilib.

Açılış mərasimində çıxış edənlər – Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və təsviri incəsənət üzrə tədqiqatçı, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli – Tofiq Cavadovun qısa, lakin məhsuldar ömründə zəngin bədii irs qoyduğunu vurğulayıblar. Onlar, həmçinin rəssamın 1950–1960-cı illərdə sovet ideoloji məhdudiyyətlərinə baxmayaraq fərdi yaradıcılıq azadlığını qoruyan nadir sənətkarlardan biri olduğunu qeyd ediblər.

Sərgidə Tofiq Cavadovun Abşeron rəngkarlıq məktəbinin poetik üslubunu əks etdirən əsərləri, o cümlədən “Buzovnada küçə”, “Kənd mənzərəsi”, “Sənaye mənzərəsi”, “Neftçilər”, “Çənlər” və “Zavod” silsiləsi nümayiş olunub. Rəssamın əsərlərində insanın mənəvi aləmi, azadlıq duyğusu və daxili dramatizm, həmçinin insan və zaman münasibətləri poetik və fəlsəfi məna daşıyır.

Sərgidə kitab qrafikası sahəsindəki əsərlərin interaktiv multimedia formatında – sensor ekran vasitəsilə təqdim olunması da diqqət çəkib. Bu təqdimat tamaşaçılara Cavadovun yaradıcılıq diapazonunu daha geniş müstəvidə dərk etməyə imkan verib.

Azərbaycan Milli İncəsənət Muzeyi sərgi ərəfəsində rəssamın sənət irsinin qorunması istiqamətində mühüm addımlar atıb. Muzey Tofiq Cavadovun “Bakıda küçə” rəngkarlıq əsəri və “Analıq” qrafik işini kolleksiyasına daxil edib, Dövlət Rəsm Qalereyası isə “Tökmə sexi” tablosunun bərpasını həyata keçirib.

“Yarımçıq qalmış ömür” sərgisi yalnız Tofiq Cavadovun həyat və yaradıcılıq yoluna işıq salmır, eyni zamanda azad düşüncənin sənətdə ifadəsinə dərin baxış təqdim edir. Sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.


SON XƏBƏRLƏR