Azərbaycan səhiyyəsi tarixi hadisəyə imza atıb — ölkəmizdə ilk dəfə meyit donorun ürəyi uğurla transplantasiya edilib.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüs və dəstəyi nəticəsində səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə "Sabunçu Tibb Mərkəzi" müalicə olunan pasiyentə beyin ölümü diaqnozu qoyulması barədə məlumat daxil olub. Diaqnoz təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümayiş etdirərək orqanların bağışlanmasına razılıq verib.
Bu razılıq nəticəsində Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyi uğurla transplantasiya olunub. Əməliyyat Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi ilə ixtisaslı tibbi heyət tərəfindən həyata keçirilib. Donor ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
Səhiyyə Nazirliyi donorun ailəsinə göstərdiyi nəciblik üçün təşəkkürünü bildirib, əməliyyatda iştirak edən tibb mütəxəssislərinə peşəkarlıqlarına görə minnətdarlıq ifadə edib.
Bu hadisə Azərbaycan səhiyyəsinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
 Bakı
 Bakı 


