Son günlər ABŞ və Rusiya arasında nüvə silahları ilə bağlı səslənən bəyanatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.
ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı verdiyi göstəriş və Rusiya Prezidenti Vladimir Putinin “Poseydon” sualtı qayığı və “Burevestnik” raketləri ilə bağlı nümayişkaranə açıqlamaları yeni bir nüvə qarşıdurması mərhələsinin başlanması ehtimalını gündəmə gətirib.
Bu gərgin fonun arxasında Ukrayna müharibəsi və Qərbin Kiyevə verdiyi hərbi dəstək dayanır. Rusiya tərəfi ABŞ və Avropa ölkələrinin Ukraynaya uzaqmənzilli raketlər vermə ehtimalına qarşı öz nüvə arsenalını nümayiş etdirərək güc balansına dair mesaj verməyə çalışır. ABŞ isə bu mesajlara cavab olaraq öz nüvə gücünü xatırladır və strateji üstünlüyünü qorumağa çalışır.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu addımlar nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, həm Trampın nüvə sınaqları ilə bağlı qərarı, həm də Putinin yeni silah sistemlərini təqdim etməsi daha çox çəkindirici və psixoloji təsir məqsədi daşıyır:

Rəşad Bayramov: Rusiyanın arsenalında artıq kifayət qədər nüvə başlıqlı raketlər mövcuddur
"Nə Putinin yeni raketlər və sualtı qayıq sınaqları, nə də Trampın nüvə sınaqlarının bərpa olunması ilə bağlı qərarları nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilə biməz. Bunlar daha çox çəkindirici faktorlar kimi qəbul olunmalıdır”.
Rusiyanın “Buravestnik” raketləri ilə bağlı sınaqları, ardınca da “Paseydon” sualtı qayığı ilə bağlı təqdimat daha çox ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlər vermə ehtimalına qarşı bir güc göstəricisi idi. Hər kəs anlayır ki, Putinin bir həftə içində bu texnikaları nümayişkaranə şəkildə təqdim etməsi Ukraynaya yox, Kiyevin Qərb tərəfdaşlarına ünvanlanmış mesaj idi. Yoxsa ki, Ukraynaya zərbələr endirmək üçün 14-15 min kilometr məsafə qət edə bilən raketlərə ehtiyac yoxdur. Onsuz da Rusiyanın arsenalında nüvə başlıqlı çoxlu sayda raketlər mövcuddur".
Politoloq qeyd edib ki, Trampın sərt ritorikası və nüvə sınaqlarının bərpası qərarı Rusiyaya ünvanlanmış cavabdır. ABŞ lideri bu yolla ölkəsinin dünyanın ən böyük nüvə gücü olduğunu vurğulamaqla strateji balansın dəyişmədiyini göstərmək istəyir:
"Putinin bu mesajının Qərbə və əsasən də ABŞ-yə ünvanladığını yaxşı başa düşən Tramp da ilk öncə sərt bəyanat veməklə kifayətləndi, ardınca isə nüvə sınaqlarını bərpa etməklə və ABŞ-nin dünyanın ən böyük nüvə gücü olduğunu bəyan etməklə Rusiyaya həddini göstərmək istədi. Başqa sözlə desək, atılan bu addımlar ümumi mənzərədə heç nəyi dəyişmir".
Analitikin fikrincə, Rusiyanın “Poseydon” və “Burevestnik” sistemləri ABŞ ilə müqayisədə güc balansını dəyişəcək səviyyədə deyil. Üstəlik, bu texnikaların döyüş növbəsinə nə vaxt qoyulacağı da hələlik məlum deyil:
"Məsələn, Putin 2022-ci ildə sınaqdan keçirilən “Sarmat” raketinin hələ yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirmişdi. Nəticə etibarilə, ekspertlər bu prosesləri daha çox siyasi ritorika və strateji çəkindirmə vasitəsi kimi qiymətləndirirlər. Lakin bu ritorikanın intensivləşməsi beynəlxalq təhlükəsizlik gündəmini daha da gərginləşdirə bilər".
Aynur
 Bakı
 Bakı 


