Oktyabrın 31-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Göygöl rayonunda vətəndaşlarla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların müraciətlərinə baxması məqsədilə təşkil edilib.
Qəbul Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında baş tutub. Zaur Mikayılov Göygöl, Daşkəsən və digər rayonlardan gələn vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan əvvəl sədr Zaur Mikayılov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşların müraciətləri əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması və balansa götürülməsi, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələləri əhatə edib.
Sədr Zaur Mikayılov hər bir müraciətin diqqətlə öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirərək, bölgələrdə qəbulların rahat və əlverişli şəraitdə keçirilməsindən məmnunluqlarını ifadə ediblər.
 Bakı
 Bakı 








