Uzun müddət idi ki, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovdan müsahibə götürmək cəhdimiz baş tutmurdu. Müsahibə ilə bağlı professora müraciət edəndə ya ölkədə olmurdu, ya da ki, tədbirlərlə bağlı bizə vaxt ayıra bilmirdi.
Nəhayət, iki gün əvvəl Bakıvaxtı.az-a geniş müsahibə verməsinə razı sala bildik.
Həmin müsahibəni təqdim edirik.
Bu, Azərbaycan üçün qürurverici bir nailiyyətdir
- İlham müəllim, xoş gördük. İlk növbədə müsahibə götürmək istəyimizə müsbət yanaşdığınıza və vaxt ayırdığınıza görə Sizə təşəkkür edirik.
- Xoş gördük.
- Son vaxtlar mətbuatda az-az görünməyiniz nə ilə bağlıdır?
- Mətbuatda ən çox görünənlər, əlbəttə ki, siyasətçilərdir. Siyasətlə birbaşa məşğul olmasam da, jurnalistlərlə görüşmək, eləcə də onların suallarını cavablandırmaq imkanlarını həmişə dəyərləndirmişəm. Bu, mənim üçün müzakirə və fikir mübadiləsi aparmaq, eyni zamanda cəmiyyətin aktual məsələlərinə dair düşüncələrimi paylaşmaq üçün bir fürsətdir. Çünki ictimaiyyətlə əlaqə yaratmaqda və məlumatların yayılmasında mətbuatın rolu əvəzsizdir.
- Gələn ay Azərbaycan böyük bir tədbirə - COP29-a ev sahibliyi edəcək. Azərbaycan üçün bu tədbirin önəmu nədir?
- Son dövrlərdə Azərbaycanda beynəlxalq tədbirlərin artması, ölkəmizin beynəlxalq aləmdəki rolunu bir daha təsdiqləyir. Hesab edirəm ki, Azərbaycanın strateji coğrafi mövqeyi və enerji resursları beynəlxalq tədbirlərin burada keçirilməsi üçün ideal şərait yaradır. Eyni zamanda, ölkəmizdəki təhlükəsizlik və sabitlik mühiti, müasir infrastrukturlar xarici qonaqların rahatlığını təmin edir və bu da iştirakçılarda Azərbaycan haqqında müsbət təəssürat yaranmasına səbəb olur.
COP29-un Azərbaycanda keçirilməsi də əslində ölkəmizin ekoloji məsələlərə diqqətini və beynəlxalq müstəvidəki öhdəliklərini nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakını göstərir. Belə tədbirlər, ölkəmizin dünyada strateji əhəmiyyətini və etibarını artırır. Bu, Azərbaycan üçün qürurverici bir nailiyyətdir.
- Amma hər dəfə Azərbaycanda beynəlxalq tədbir keçiriləndə ABŞ, bəzi Qərb dövlətləri ölkəmizə qarşı kampaniyalara başlayır. Bu dəfə də “ənənə” pozulmadı. Sizcə, bu kampaniyaların arxasında nə dayanır?
- Vaxtilə Qərbə, xüsusən Amerikaya səmimi inamımız var idi. Müstəqil dövlət olaraq yeni bir cəmiyyətə qədəm qoymuşduq və bu səbəbdən Qərbin, o cümlədən ABŞ-ın ədalətli siyasət yürütməsini düşünürdük. Elə düşünürdük ki, onların tövsiyələri və siyasətləri yalnız Azərbaycana deyil, bütün respublikalara faydalı olacaq. Lakin zamanla gördük ki, bu yanaşmamızda yanılmışıq. Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ müstəqil ölkələrə qarşı bəzən qərəzli siyasət yürüdür, ədalətsiz mövqelər sərgiləyirlər. Bu, indiki dövrdə də Azərbaycana yönəlmiş qərəzli yanaşma ilə özünü biruzə verir. Qeyd etmək lazımdır ki, bu cür siyasət yalnız Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da tətbiq olunur. Artıq bir çox dövlətlər başa düşür ki, ABŞ və Qərb demokratiya adı altında öz maraqları uğrunda mübarizə aparırlar. Əslində bu, Qərbin, əsasən də Amerika siyasətinin mahiyyətidir.
Digər tərəfdən hər bir xalqın tarixi, onun adətləri, sahib olduğu dəyərləri yad cəmiyyətlərin ona zorla qəbul etdirmək istədikləri standartları qəbul etməyə imkan vermir. Keçmiş sovet respublikaları kimi biz də müstəqillik qazananda elə bilirdik ki, Qərbin təlqin etdiyi standartlar bizi uğura paracaq. Lakin sonradan gördük ki, heç də bu elə deyil. Qərbin də səhvi ondan ibarət idi ki, orda düşünürdülər ki, bizlər onların bizə qəbul etdirmək istədikləri dəyərləri asanlıqla qəbul edəcəyik.
- Yeri gəlmişkən, Ukrayna da dünya birliyinə çağırış edb ki, Putin qatılacağı təqdirdə COP29 tədbirləri boykot edilsin...
- Ukraynanın bu çağırışı da təbii ki, heç bir sağlam məntiqlə uzlaşmır. Xatırladaq ki, Ukraynanın ən çətin zamanında Azərbaycan mənəvi, humanitar dəstək göstərib. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Bunun müqabilində Ukraynanın belə bir bəyanat verməsi təəssüf doğurur.
Putinin tədbirdə iştirakı məsələsi isə hər hansı bir dövlətin çağırışına görə deyil, onun özü tərəfindən verilən qərardan asılıdr. Putini tanıyan biri kimi deyə bilərəm ki, onun qərarlarına bu kimi çağırışlar təsir edə bilməz. Əsas qonaqlayan dövlət kimi Azərbaycan dövləti onu dəvət etmişdi.
Putinin xəstəliyi barədə deyilənlər doğri deyil
- Siz hüquq sahəsində görkəmli alim, tanınmış iş adamısınız. Rusiyanın bir sıra nüfuzlu elmi qurumlarında təmsil olunursunuz, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə əlaqələrinin möhkəmlənməsində müəyyən əməyiniz var. Bu əlaqələrin inkişaf perspektivini necə görürsünüz?
- Bugünkü Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətləri tarixi hadisələrin nəticəsi olaraq formalaşıb. Ancaq bu münasibətlərin inkişafı yalnız tarixin deyil, eyni zamanda, beynəlxalq münasibətlər, regional güc balansı və iqtisadi əməkdaşlıq kimi bir çox amillərin təsiri ilə baş verir. Eyni zamanda burda xüsusi olaraq liderlər arasındaki münasibətlər mühüm rol oynayıb. Azərbaycan Rusiya münasibətlərinin inkişafı Vladimir Putinin prezident seçilməsindən sonra rəhmətlik Heydər Əliyevlə olan şəxsi əlaqələri mühüm rol oynayıb. Bu münasibətlər sonradan da Azərbaycanın dövlət başçısı İlham Əliyev və Putin tərəfindən qorunub saxlanıldı və inkişaf etdirildi.
Xatırlayırsınızsa, Qarabağ problemi mövcud olarkən mən həmişə bildirirdim ki, problemin həlli Azərbaycan-Rusiya və Rusiya-Türkiyə münasibətlərindən asılı olacaq. Fikrimcə, proseslərin sonrakı inkişafı bunu sübut etdi.
Bu ölkələrin bir-biri ilə münasibətlərinin normal məcrada inkişaf etməsi, həmçinin regional stabilik və təhlükəsizlik üçün çox önəmlidir. Hazırda Rusiya-Azərbaycan və Rusiya-Türkiyə arasındakı münasibətlər müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Bu inkişaf, yalnız tarixi hadisələrdən deyil, həm də müasir siyasi-iqtisadi əməkdaşlıqdan və regional təhlükəsizlik məsələlərindən asılıdır.
- Rusiya prezidenti, dostunuz Vladimir Putin hər dəfə Azərbaycana gələndə sizinlə görüşürdü, ancaq sonuncu səfərdə belə ənənəvi görüşünüz olmadı...
- Putinin Azərbaycana çoxsaylı səfərləri olub, amma hər dəfə onunla görüşmək nəsib olmayıb. Bəzi səfərlərində telefonla əlaqə saxlamışıq, bəzilərində isə görüşmüşük. Putin Azərbaycana sonuncu dəfə gəldikdən bir həftə sonra Moskvada bir araya gəldik. Axırıncı görüşümüz oktyabrın 5-i və 6-da baş tutdu, yəni onun ad günündən bir gün əvvəl.
- Son vaxtlar mətbuatda Putinin xəstə olması ilə bağlı məlumatlar dərc olunur. Bu xəbərlər nə dərəcədə həqiqətəuyğundur?
- Yuxarıda qeyd etdiyim kimi Putinlə bu günlərdə - onun ad günündən əvvəl görüşdük. Putin sağlam və gümrahdır. Onun idmanla məşğul olduğunun, xokkey oynadığının da şahidiyəm. O, professional idmançı olduğu üçün sağlamlığını diqqətlə qoruyur, səhhətində heç bir problem yoxdur,
- Gürcüstanda parlament seçkilərinə sayılı günlər qaldı. 26 oktyabr seçkiləri yaxınlaşdıqca qərb qonşumuza ABŞ başda olmaqla, Qərbin təzyiqləri artır. Paralel surətdə iqtidara qarşı sanksiyalar çoxalır. Nələr baş verir Gürcüstanda, nələr gözlənilir?
- Seçkilər ərəfəsində Gürcüstanda maraqlı sitiuasiya yaranıb. Əgər seçkilərdə hakim partiya udsa, Qərb, eləcə də Gürcüstan müxalifəti bu qələbədə Rusiyanın əli olduğunu iddia edəcək. O zaman sual oluna bilər: Müxalifət qələbə çaldığı təqdirdə seçkilərə Qərbin müdaxilə etdiyini iddia etmək olar? Düzdür, Qərb buna çox çalışır. Gürcüstan bu gün qərbyönlü siyasət aparır. Ancaq xatırlatmaq istəyirəm ki, dünənə qədər Gürcüstanı demokratik hesab edən Avropa bu gün gürcüləri bilirsiniz, nədə ittiham edir: ümumavropa qaydalarını pozmaqda. Səbəbi də budur ki, Gürcüstan parlamenti Amerikanın özündə belə mövcud olan qanunu qəbul etmək istəyirdi. Məhz buna görə, Gürcüstanı sanksiyalarla hədələyirdilər, hətta Aİ ölkələrinin xarici işlər nazirləri müxalifətin tərəfini tutub və onlarla birlikdə mitinqlərdə iştirak edirdilər, hökuməti qanunun qəbulundan imtina etməyə çağırırdılar. Ancaq hazırda Gürcüstanda getdikcə başa düşürlər ki, Qərbin irəli sürdüyü şərtlər ölkənin müstəqilliyinə zərər gətirir. Yəni Qərb öz standartlarına uyğun tələblər qoyur. Gürcülər, ümumiyyətlə, azadlıqsevər xalqdır. Amma görəndə ki, irəli sürülən tələblər onların adət-ənənələrinə ziddir deyə rədd etdilər. Hazırki məqamda təhlükə ondan ibarətdir ki, 26 oktyabr seçkilərində qarşıdurma ola bilər və bu, mümkündür.
Fikrimcə, Gürcüstanın son zamanlar müstəqil siyasət yürütməsinin və Rusiya ilə olan münasibətlərini korrektə etməsinin əsas səbəblərindən biri də Azərbaycanın apardığı siyasət və onun nəticəsidir. Azərbaycanın xarici siyasəti onu göstərdi ki, problemlərin həlli sərhədində yerləşən böyük qonşu ilə konfratasiya aparmaqdan yox, münasibətləri qoruyub saxlamaqdan keçir.
Ermənistanın müharibəyə başlayacağına inanmıram
- Fransanın, Hindistanın Ermənistanı silahlandırması regionda yenidən müharibəyə rəvac verə bilərmi? Belə bir gərgin situasiyada Azərbaycanın Ermənistanla sülh danışıqlarının sonunu necə görürsünüz?
- Hər bir ölkə silah alıb-sata bilər, bu, beynəlxalq hüquq çərçivəsində tanınmış bir praktikadır. Ancaq silah alınması niyyətləri, yəni bu silahların hansı məqsədlərlə istifadə olunacağı mühüm əhəmiyyət kəsb edir. Ermənistanın silah alması, onun müəyyən strateji məqsədləri olduğunu göstərir. İqtisadi baxımdan çox zəif olan Ermənistanın silahlanmaya böyük pullar xərcləməsi gələcəkdə hansısa niyyətinin olmasından xəbər verir. Bəs indiki şəraitdə müharibə Ermənistan üçün nə dərəcədə sərfəlidir? Müharibənin nəticələri yalnız silahlarla deyil, insan resursları ilə də bağlıdır. Ermənistanın, məhz insan resurslarının məhdud olması, müharibəyə başlamaq ehtimalını azaldır. Yəni, uzun müddətli müharibə Ermənistan üçün daha çox itki və fəlakət deməkdir. Sülh danışıqlarına gəlincə, hesab edirəm ki, sülh sazişi bağlanacaq. Sülh sazişinin bağlanması hər iki tərəf üçün daha faydalı bir yol kimi görünür. Bu, sülhün olması Cənubi Qafqaz regionunda sabitliyi təmin edə bilər.
Zelenski “Qələbə planı”ndan yox, “Sülh planı”ndan bəhs etməliydi
- Amerika növbəti prezident seçkiləri ərəfəsindədir. Prezidentliyə namizəd Donald Tramp Ağ Evin sahibi olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini dayandıracağını iddia edir. Bəzi politoloqlar Trampın problemi hətta bir günə həll edə biləcəyini söyləyir. Sizcə, bu mümkündürmü?
- Hesab edirəm ki, bu fikirlər müəyyən qədər təbliğat xarakteri daşıyır. Heç bir müharibəni bir günə bitirmək mümkün deyil. Lakin Tramp Putinə və Zelenskiyə zəng edib atəşkəs barədə xahiş edə bilər, bu isə mümkündür. Belə olan təqdirdə isə danışıqların aparılmasına və sülh müzakirələrinə başlamaq olar.
- Ümumiyyətlə, 3 ilə yaxıdır davam edən müharibənin sonunu necə görürsünüz?
- Bütün müharibələrin sonu sülhlə yekunlaşır. Tarixdə belə nümunələr çoxdur, hətta uzun sürən müharibələr belə zamanında sülhlə bitib. Bu müharibənin də sonda sülhlə başa çatacağına ümid edirəm. Lakin Ukrayna-Rusiya münaqişəsində aydın görünür ki, ruslar məqsədlərinə çatmaq üçün axıra kimi gedəcəklər.
- Bu arada Ukrayna prezidenti Vladimir Zelenski “Qələbə planı”nı Ali Radaya təqdim etdi. “Qələbə planı” Ukraynanı qələbəyə aparacaqmı?
- Məncə, Zelenskinin hərəkəti məntiqsiz bir hərəkətdir. O, “Qələbə planı”ndan yox, “Sülh planı”ndan bəhs etməliydi. “Qələbə planı”ndan bəhs edirsə, demək istəyir ki, müharibə davam edəcək.
Sizcə, nüvə silahına malik olan bir dövlətə qarşı qələbə planı barədə danışmaq nə qədər məntiqli görünə bilər?! Məhz bunun da səbəbi odur ki, heç Qərbdə də bu planı ciddi qəbul etmədilər.
- İsrail-Fələstin müharibəsi getdikcə qızışır. İsrail bununla paralel İranla da qarşıdurmadadı. İran-İsrail müharibəsi mümkündürmü? Əgər bu münaqişə alovlanarsa, rəsmi Bakı hansı addımları atmalıdır ki, bunun Azərbaycana təsiri olmasın?
- İran-İsrail müharibəsi başlasa, bunun Azərbaycan üçün ciddi təsirləri ola bilər. Əvvala, İranın qonşu ölkə olması birbaşa təhlükələrdən biri kimi önə çıxır. Müharibə orada yaşayan milyonlarla soydaşımızın təhlükəsizliyini ciddi şəkildə poza bilər. Belə ki, Azərbaycan sərhədinə yaxın bölgələrdə baş verən münaqişələr qaçqın axınını sürətləndirə bilər. Bu məsələdə Azərbaycan səbrli, təmkinli davranmalıdır.
Dünyada gedən münaqişələrin xarakteri onu göstərir ki, artıq beynəlxalq hüquq tam güçsüz bir vəziyyətə düşüb. Siseronun məşhur bir kəlamı indi tam aktualdır: “Silahlar işə düşəndə, qanun susur”.
Bu gün Yaxın Şərqdə gedən proseslər onu bir daha göstərir ki, artıq ABŞ da dünyada gedən münaqişələrin həllində həlledici gücə malik deyil. İndi elə situasiya yaranıb ki, Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi İsrail də onun istəklərini qəbul etmir. Bu onu göstərir ki, artıq dünyada fövqəlgüc anlayışı yoxdu.
Allah insanı yarandanda cəzanı da yaradıb
- Bugünlərdə Sizin növbəti “Cəzanın bəraəti. Tarixi, dini, fəlsəfi, sosioloji aspektlər” adlı kitabınız işıq üzü görüb. Mümkünsə, qısaca məlumat verərdiniz, kitab nədən bəhs edir?
- Bu kitabın ideyasını iki kəlmə ilə ifadə etmək olmaz. Amma yenə də çalışaram ki, qısaca məlumat verim. Allah insanı yarandanda cəzanı da yaradıb. İnsan da cəzadan günümüzə qədər istifadə edir. Maraqlı olsa, oxuya bilərsiniz.
Bu mükafat yalnız akademik fəaliyyətimə verilən qiymət deyil
- Yeri gəlmişkən, Sizi Sankt Peterburq Dövlət Universitetinin “Fəxri doktoru” adına layiq görülməyiniz münasibətilə təbrik edirəm. Səhv etmirəmsə, gələn ay fəxri diplomun və mantiyanın təqdimetmə mərasimi olacaq...
- Təşəkkür edirəm. Bəli, gələn ay həmin universitetdə təqdimetmə mərasimi baş tutacaq. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, indiyə qədər bir çox beynəlxalq hüquq təşkilatları və nüfuzlu universitetlərdən fəxri diplomlar almışam. Lakin Sankt Peterburq Dövlət Universitetinin “Fəxri doktoru” adına layiq görülmək, tamamilə fərqli bir təcrübədir. Çünki mən Sankt Peterburq şəhərində ali təhsil almışam və elmi fəaliyyətimin, tələbəlik illərimin mühüm anları həmin universitetlə bağlıdır. Bu səbəbdən, Sankt Peterburq Dövlət Universitetinin “Fəxri doktoru” adı ilə şərəflənmək, mənim üçün böyük bir onur və qürur mənbəyidir. Bu, mükafatı yalnız akademik fəaliyyətimə verilən qiymət deyil, həm də keçmişimlə bağlı dərin bir bağın təsdiqi kimi dəyərləndirirəm.
- Kitab oxumağı sevirsinizmi? Sonuncu oxuduğunuz kitab hansıdır?
- Hüquqla bağlı kitabları mütəmadi olaraq alıram, oxuyuram. Əgər hüquq elmi ilə məşğul oluramsa, deməli, onları daim izləməliyəm. Digər tərəfdən mən fəlsəfəni çox sevirəm. Oxuculara yaxşı məlumdur ki, kitablarımın əksəriyyəti fəlsəfə ilə bağlıdır. Niyə? Çünki mən başa düşdüm ki, hüquq elmi ilə əsas da, cinayət hüququ ilə məşğul olanda, daha dəqiq desək, cinayət və cəza, cinayətin səbəbləri, cəzanın effekti, lazımlığı ilə bağlı suallara cavab axtaranda gördüm ki, bu suallara təkcə hüquq elmində cavab tapmaq mümkün deyil. Ona görə də, fəlsəfə ilə məşğul olmağa başladım. Fəlsəfə elmlərin elmidir. Kantı, Hegeli daha çox oxuyuram.
İkincisi, tarixi ədəbiyyatı oxumağı çox sevirəm. Tarixi kitabları oxuyanda, əgər maraqlıdırsa, hansı dövrü oxuyursansa, elə bil o dövrdə yaşayırsan. O dövrdəki proseslərdə iştirak edirsən. Tarixi şəxsiyyətlərlə bağlı ədəbiyyatı, Atilla, Çingiz xan, Topal Teymur haqqında çox oxuyuram. Eyni zamanda, Çingiz Hüseynovun “Peyğmbər”i və Qazax yazıçısı Rüstəm Rahmanaliyevin “Türkün imperiyası” çox sevdiyim əsərlərdir. Sizə də oxumağı tövsiyə edirəm.
Hazırda isə XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış publisist, tarixçi, filosof Nikolay Trubetskoyun kitabını üçüncü dəfə oxuyurum. O kitab elə bil indi yazılıb, sanki bu gün cərəyan edən hadisələrdən, əsasən də Rusiya-Ukrayna münasibətlərindən bəhs edir.
- Son vaxtlar mətbuatda iş ortağınız Qod Nisanovun adı müxtəlif qalmaqallı məsələlərdə hallanır. Bu barədə nə deyə bilərsiniz?
- Bu məlumatlar o qədər qeyri-ciddi və absurd iddialardır ki, buna hətta münasibət bildirmək əhəmiyyətsizdir.
Uşaq bağçasının tikilməsi anamın arzusu idi
- Sizin xeyriyyətçilik fəaliyyətiniz barədə kifayət qədər məlumatımız var. Eşitdiyimizə görə, Tovuzda, doğma kəndinizdə müasir tipli uşaq bağçası tikirsiniz...
- Doğrudur. İlk öncə vurğulamaq istərdim ki, bu uşaq bağçasının tikilməsi rəhmətlik anamın arzusu, ideyası idi. Anamın arzularını reallaşdırmaq, bu layihəni həyata keçirmək mənim üçün bir vəzifə oldu.
Bir neçə gün əvvəl Tovuza getmişdim və doğulduğum Cilovdarlı kəndində tikdirdiyim bağçada aparılan işlərlə yaxından maraqlandım. Şadam ki, layihə artıq yekunlaşmaq üzrədir.
- Nə vaxt istifadəyə veriləcək?
- Hesab edirəm ki, uşaq bağçasındakı son tamamlama işlərini ilin sonuna qədər başa çatdıracaq və bağçanı Elm və Təhsil Nazirliyinə təhvil verə biləcəyik. Bu, mənim nazirliyə, eyni zamanda, uşaqlarımıza hədiyyəm olacaq. Onların gələcəyi üçün atdığımız bu addım, inanıram ki, uşaqlara müsbət təsir edəcək.
Qalib İbrahimoğlu