• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Hansı sənətçilər oruc tutur? - SORĞU

MƏDƏNİYYƏT-ŞOU

19 Mart 2024 | 15:31

Hansı sənətçilər oruc tutur? - SORĞU

11 ayın sultanı hesab olunun Ramazan ayının 9-cu günüdür. Bu ayda əksər müsəlmanlar namaz qılır, oruc tutur, ən azından gördüyü savab işlərin sayını artırmağa çalışır.

Bəs şou sakinləri necə, oruc tuturlarmı? Ramazan ayı üçün hansı planları var?

Bakıvaxtı.az bu suallarla şou biznesin öndə gedən simalarına müraciət edib.

İlk müsahibimiz Xalq artisti Röya Ayxan oldu. Sənətçinin media direktoru Elvin Elxanın dediyinə görə, onların Ramazan ayı ilə bağlı planları çoxdur:

“Martın 16-da Yekatrinburqda konsert oldu. Martın 22-sində Moskvada, 29, 30 mart tarixlərində isə Bakıda səhnələrimiz olacaq. Bu ay da yeni mahnılar hazırlanacaq. Türkiyədə klip çəkilişi də nəzərdə tutulur”.

Xalq artisti Gülyaz Məmmədova isə səfərinin olduğuna görə oruc tuta bilmədiyini deyir:

“Səfərim var, ona görə oruc tuta bilmirəm, amma səfərdən qayıdandan sonra orucuma davam edəcəm. Yaxın günlərdə Fransaya gedəcəm, oradan da Berlinə, konsertlərim var. Mən həmişə oruc tuturam. Allah hamımıza mübarək bayramları qismət etsin. Dinimizin gözəl adətidir. Kim tutubsa, Allah qəbul eləsin”.

Növbəti müsahibimiz isə Əməkdar artist Ruhəngiz Allahverdiyeva oldu. Əməkdaşımızın onunla söhbətini olduğu kimi təqdim edirik:

- Salam, hər vaxtınız xeyir. Ruhəngiz xanımdır?

- Salam, hər vaxtınız xeyir, bəli.

-Bakıvaxtı.az saytından Ziyafət Əlisoydur. Sənət adamları arasında sorğu keçiririk, icazənizlə sizə də bir sualım olacaq.

- Buyurun.

- Ruhəngiz xanım, Ramazan ayı ilə bağlı nə kimi planlarınız var? Oruc tutursunuzmu? Yoxsa işlərinizdən dolayı alınmır?

- Bağışlayın, Ruhəngiz xanım indi hamamdadır, çıxsın, özü sizə zəng edəcək.

- Bəs siz kimsiniz? Axı Ruhəngiz Allahverdiyeva olduğunuzu dediniz?

İndi isə suallarımızı Əməkdar artist Elza Seyidcaha ünvanlayaq. Seyidcahan zəngimizi açsa da sualımızdan dolayı yolla imtina edir:

- Siz sualınızı mənim “WhatssAPP” nömrəmə göndərin, mən cavablandıracam.

Əməkdar artistin dediyi kimi də edirik. Amma çox təəssüf ki, o da suallarımızı cavablandırmaqdan boyun qaçırır. Mesajlarımız cavabsız qalır...

Bəs, Əməkdar artist Mətanət İsgəndərli necə? O, oruc tuturmu? Ramazan ayı ilə bağlı hansı planları var?

Sənətçinin əlaqə nömrəsinə zəng etdik. Köməkçisi telefonumuzu açıb, onun Bakıda olmadığını bildirdi. Suallarımızla bağlı isə heç bir cavab vermək istəmədiyini dedi.

Xuraman Şuşalı isə ibadətindən bir gün belə olsun qalmır:

“Ramazan ayına Novruz bayramı da təsadüf edir deyə, yəqin ki, tədbirlərimiz olar. Konsertlərimiz də olmalıdır. Amma əsas boynumuza düşən orucumuzu tutmağımızdır. Allah hər birimizə güc-qüvvət versin. Bütün ayı oruc tuta bilək, gözəl əməllər görə bilək, ehsanlar verə bilək, ac qarınları doydura bilək... Bu ayın məqsədi bizim nəfsimizi, özümüzü tərbiyə etməkdir. Bu, bir vərdişə çevrilməlidir. Tək Ramazan ayında deyil, digər aylarda da nəfsimizlə oruc tutmalıyıq, gözəl işlər görməliyik, əməllərimizlə oruc olmalıyıq. Orucluq aclıq demək deyil”.

Son zamanların ən çox danışılanlarından olan Nərmin Kərimbəyovanın da Ramazan ayı ilə bağlı planları az deyil. Cazibədar müğənni qarşıdakı ayda yeni mahnı təqdim edəcəyini bildirib:

“Bizim işimiz elədir ki, çörəyimiz oradan çıxır. Ay ərzində iş olarsa, götürəcəyik. Çalışırıq bu ay daha çox savab iş görək. Əlimizdən gəldiyi qədər ehtiyacı olanlara yardım edirik. Allah hər kəsin dualarını, oruclarını qəbul eləsin. Bu ay bir mahnı da təqdim etmək istəyirəm. Maraqlı bir layihə olacaq”.

Duetləri ilə yerli şou-biznesdə ad çıxaran Əli Pormehrin Ramazan ayında konsertlər verəcək:

“Gələn ay Çinarə Məlikzadə ilə barabər böyük bir konsertimiz olacaq. Şəbnəm Tovuzlu ilə də layihələrimiz var. Bu ay hər bir müsəlmanın boynuna nə düşürsə, onu etməyə şalışacağıq”.

Şou biznesin gənc, amma başı qalmaqallardan səngiməyən siması Nəfəsə gəldikdə isə... Nəfəsin prodüseri Rovik (Rövşən Səfərov) deyir ki, ifaçı ilin bütün aylarında savab işlər görür:

“Nəfəs işləri ilə əlaqədar olaraq oruc tutmur. Bu ay bayramla bağlı Moskva səfərlərimiz, konsertlərimiz var. Sədəqələrə gəldikdə isə Nəfəs bunları tək bu ayda deyil, hər ay edir. Məsələn, aylardan birində hansısa ailəyə baxır, bir qızın xərclərini çəkir, müalicəsini etdirir. Başqa bir ailənin kirayə xərclərini verir. Misal üçün o gün bir tələbəyə pul göndərdi. Başqa-başqa ehtiyacı olan insanlar var ki, Nəfəs onalra da maddi yardım edir. Bu ay da təbii ki, edəcək. Bu ayın sonlarında iftar süfrələri də edəcəyik”.

Saz, söz aləmində isə vəziyyət fərqlidir. Aşıqlarımızın bir çoxu Ramazan ayında oruc tuturlar.

İlk zəng etdiyimiz Həci Namiq Fərhadoğlu oldu. Namiq deyir ki, bu ayda oruc tutmaq hər birimizin müqəddəs borcudur:

“Əlbəttə ki, oruc tutmalıyıq. Bu, bizim borcumuzdur. Bu ay üçün o qədər də məclis olmur, götürməmişik. Bir məclis var, o da dostumuzun oğlunun toyudur, iftardan sonra olacaq. Mən iki ildir hacıyam. Əvvəllər tutmurdum, amma indi əlhəmdulillah, hər zaman orucumuzu tutub, dualarımızı edirik”.

Aşıq Mübariz Camaloğlu da oruc tutduğunu deyir:

“Əlbəttə ki, oruc tuturam. Ramazan ayı bizim üçün ən müqəddəs aylardan biridir. Oruc tutanda rahat olduğumu hiss edirəm, Allah hər kəsin orucunu qəbul eləsin”.

Aqşin Tarıyeloğlu da oruc tutduğunu və buna illərdir ki, əməl etdiyini bildirir:

“Bəli oruc tuturam. Allah hamının duasını qəbul eləsin. İnşallah, Xalq artisti Niyaməddin Musayevlə maraqlı bir proyektim oldu, onu təqdim etdik”.

Biz də öz növbəmizdə oruc tutan sənətçilərimizin dualarının qəbul olmasını diləyir, onlara öz işlərində uğurlar arzulayırıq. Əsas olan əməllərimizin oruc olmasıdır. Ümid edək ki, bu ay hər kəs üçün düşərli olar.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Aprel 2024