• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Orucluqda necə qidalanaq?

CƏMİYYƏT

31 Mart 2022 | 19:44 | Müəllif: Qalib İbrahimoğlu

Orucluqda necə qidalanaq?

İki gündən sonra Ramazan ayı başlayacaq. Müsəlman aləmi Allah qarşısında öhdəliklərini yerinə yetirmək üçün oruc tutacaq. Oruc tutmağın insan orqanizmi üçün nə qədər faydalı olduğunu hər kəs bilir. Amma orucluqda düzgün qidalanmamaq sonradan problemlərə yol açır.

Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a bildirib ki, tibb elmi ilə din qardaşdır: “Yəni, qaydalara riayət edən hər bir müsəlman, eyni zamanda, tibb elminin də qaydalarına əməl etmiş olur. Tibdə də sanitar-gigiyenik qaydalara əməl edirik. Təmizlik hər baxımdan sağlamlığa xeyirlidir. Məsələn, ətrafın, otağın, insanın təmiz olması, sanitar-gigiyenik qaydalara əməl etməsi İslam dinində də çox müsbət qarşılanır. Hətta bu qaydalar üst-üstə düşür. İslam dini də öz növbəsində təmizlik və sağlamlıq tərəfdarıdır. Oruc tutmaq İslam dininin qaydasıdır. Oruc tutmaq Adəm övladının Allah qarşısında öhdəliklərini yerinə yetirməsidir. Biz öz borcumuzu yerinə yetiririk. Ancaq necə yerinə yetiririk?! Hansı qaydalara əməl etmək lazımdır?!”

Dietoloq qeyd edib ki, əvvəlcə orucun müsbət tərəflərindən danımaq lazımdır: “Orucluğun müsbət tərəfi odur ki, insan orqanizmi toksinlərdən bir ay müddətində təmizlənir. Allah insanı robot kimi sistemləşdirib. İnsan adi halda düzgün qidalanmırsa, oruc tutduqdan sonra artıq rejim yeniliyi olur və orqanizm yeni bir üsulla çalışmağa başlayır. Mən hər zaman qeyd etmişəm ki, səhər tezdən durmaq lazımdır. Çünki insan orqanizmini təmin edən əsas hormonlar səhər saatlarında olur. Adicə hardasa analiz verdikdə nəyə görə saat 9-a qədər veririk? Orqanizmdə elə hormonlar var ki, saat 6-7-ə qədər aktiv olur. Onların dövriyyəsinin aktiv olan vaxtında insanın ayaq üstə durması, təbiətdə yoqa ilə məşğul olması, səhər yeməyi yeməsi həmin insanı gün ərzində daha aktiv saxlayır. Ona görə də, orucluğun ən birinci xeyirli tərəfi insanı səhər tezdən durmağa məcbur etməsidir. İnsan robot kimi səhər durur, yeməyini yeyir, su ehtiyacını ödəyir. Səhər düzgün qidalanırsa, gün ərzində özünü doğru idarə edə bilir. İnsan səhər yediyi qidadan enerji mənimsəməlidir ki, gün ərzində aktiv olsun”.

Müsahibimiz deyir ki. axşam da müəyyən qaydalara əməl etməklə sağlam qidalanmaq lazımdır: “Biz bu bir ay müddətində, doğrudan da, orqanizmimizi təmizləyirik. Bu zaman orucluğun orqanizmə çox müsbət təsiri olur. Məsələn, şəkəri yüksək olan insanlarda şəkər, arteriyal təzyiqi olanlarda təzyiq tənzimlənir. Yuxu rejimində problem olanlarda isə hormon tənzimlənir. Oruc tutduqda metabolizm normal çalışmağa başlayır. Orucluqdan sonra da müəyyən qaydalara əməl etmək lazımdır ki, problem olmasın. Çünki orqanizm yenidən əvvəlki üsuluna qayıdır”.

L.Süleymanova vurğulayıb ki, insan düzgün oruc tutmadıqda müəyyən problemlərlə üzləşir: “Yanlış oruc tutmaq mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Hətta şəkər xəstələri və arteriyal təzyiqi yüksək olan insanlarda həyati təhlükə də yaradır. Məsələn, onların 3-ə qədər oyaq qalıb 3-də yediyi yeməyi orqanizm səhər yeməyi kimi yox, gecə yeyilən yemək kimi tanıyır. Gecə yemək yeməyin orqanizmə hansı fəsadlar vurduğunu da hər kəs bilir. Bu zaman qida həzm olunmur, ağır bir şəkildə qalır. Əgər təzyiq və şəkər yüksəkdirsə, qalxır, gün ərzində suya təlabat artır, insan halsız olur. Axşam da yedikləri yeməklər həzm olunmur. Elə insanlar var ki, orucluq zamanı 9-10 kilo çəki alırlar”.

L.Süleymanova  həkim-dietoloq olaraq oruc tuta bilməyənləri özlərini buna məcbur etməməyə çağırır: “Əgər bayaq qeyd etdiyim kimi, səhər durmağa tənbəllik etdiyiniz üçün səhərə qədər oyaq qalacaq, axşam da həddindən artıq yeyəcəksinizsə, bu, nə Allah, nə də sizin orqanizminiz tərəfindən qəbul olunur. Yəni, belə oruc tutmağın mənası yoxdur. Bunu etməklə özünüzə sadəcə yeni bir xəstəlik yaradırsınız. Amma Allahın qarşısında özünüzü sübut etmək istəyirsinizsə, yuxu rejiminizi normallaşdırın, vaxtında yeyin, imsakda duzlu qidaları kənarlaşdırın, həftənin müəyyən günləri meyvə-tərəvəz, digər günlərini orta qidalar yeyin. Ac qarnına mütləq 2-3 stəkan su için. Bütün günü aktiv olun. Səhər yemək yemisinizsə, aktivliyiniz sizə daha gözəl təsir edəcək. Daha çox iftara yaxın aktivlik müşahidə olunsun ki, iftarda yeyilən qida rahat həzm olunsun. İftar zamanı süfrədə çox dolu yeməklər lazım deyil”.

Həmsöhbətimiz  oruc tutanlara düzgün qidalanmağın yolunu açıqlayıb: “Axşam bir stəkan suyunuzu için, yanında xurma yeyin. Xurma rahat həzmə kömək olur. Bir dənə xurma yedikdən sonra bir dilim boyat, ağ, yaxud qara çörəklə yarım boşqab şorba yeyin. İkinci menyuda qarnirin yanında toyuq, balıq, qırmızı ət, yəni yüngül qidalar yemək olar. İki çeşid qida məsləhətdir. Allah təala da sizin nəfsinizə necə qalib gəldiyinizi görsün”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR