Yoqa dərsləri diz osteoartriti ilə əlaqəli ağrı və sərtliyin öhdəsindən gəlməyə ənənəvi güc təlimi kimi təsirli kömək edir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Məlumata görə, tədqiqatda Tasmaniyanın cənubundan olan osteoartritli 117 xəstə iştirak edib. Onlar iki qrupa bölünüblər. Bəziləri yoqa, bəziləri əzələləri gücləndirən məşqlər edib.
Belə ki, proqram 24 həftə davam edib. 12 həftədən sonra hər iki qrupdakı iştirakçılar ağrının azaldığını bildiriblər. Lakin aralarındakı fərq statistik cəhətdən əhəmiyyətli deyil. Bu isə o deməkdir ki, yoqa ağrıkəsici təsirində güc təlimindən geri qalmır.
Müəlliflər qeyd ediblər ki, yoqa, xüsusən də qeyri-narkotik yanaşmalara üstünlük verənlər üçün klassik müalicə üsullarına yaxşı alternativ və ya tamamlayıcı ola bilər. Yoqa nəfəs alma, incə məşq və zehinlilik texnikalarını birləşdirir ki, bu da həyat keyfiyyətinə və narahatlıq səviyyələrinə müsbət təsir göstərə bilər.
Nəticələr təsdiqləyir ki, diz artrozu üçün yoqa təkcə rahatlaşdırıcı təcrübə deyil, həm də ağrıları aradan qaldırmağın tam yolu ola bilər.
Mina Mikayılova