Artıq yeni il tətilini də başa vurduq. Hər il olduğu kimi, bu il də bayram şənlikləri oldu, əhali sıx toplaşdı. Təsadüfi deyil ki, hazırda bir çox insan xəstədir. Bəs tətil günlərində sıx toplaşmaların koronavirusun artımına təsiri oldumu?
Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pandemiya bitsə də, koronavirusun omikron ştamının mutasiya variantları ayrı-ayrı yerlərdə müxtəlif epidemik ocaqlar törətməkdə davam edir: “Bu gün Avropanın əksər ölkələrində, Amerikada bu cür epidemik ocaqlar müşahidə edilir. Çox adamın pandemiyanın yenidən alovlanacağını düşünməsinə baxmayaraq, pandemiya geri qayıda bilməz. SARS-CoV-2 virusu ilə COVİD-19 pandemiyası yaranmışdı. Artıq pandemiya bitib, infeksiya zənciri qırılıb. Həm vaksinasiya olunanlar, həm də xəstələnib sağalanların hesabına əksəriyyətdə immunitet yaranıb. Ancaq mutasiya variantları davam edir”.
Müsahibimiz qeyd edib ki, əslində, həm vaksin olunan, həm də immunitet yaranan şəxslərin ikinci dəfə xəstələnməyi mümkündür. Onun sözlərinə görə, sözsüz, bu vaxt xəstəlik daha yüngül keçir: “Epidemik ocaqlar da buna görə davam edir. Hesab edirəm ki, virus yavaş-yavaş zəifləyir. Zəiflədikcə daha çox yoluxuculuq xassəsi əldə edir. Bu, virusunn yaşam reaksiyalarıdır, lakin öldürücülüyü xeyli aşağı düşüb”.

Adil Qeybulla: Həm vaksin olunan, həm də immunitet yaranan şəxslərin ikinci dəfə xəstələnməyi mümkündür
A.Qeybulla vurğulayıb ki, karantin qaydalarına riyaət etmək lazımdır ki, yoluxmalar az olsun: “Təəssüf ki, bizim camaat pandemiyadan bir nəticə çıxarmayıb. Maska taxmağa kompleks edir, heç nəyə diqqət etmirlər. Mağazalarda əllərin dezinfeksiyası üçün məhlullar gözə dəymir. Təəssüflər olsun ki, bu, şəxsi gigiyena vasitələrinin “iqnor” olunmasıdır. Bu da koronavirusun omikron ştamının yayılmasını mümkün edir”.
Aytac Aslan
















