• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Paşinyanın Qazaxıstan səfəri: Cənubi Qafqaz sülhündə yol açılacaqmı?

SİYASƏT

18 Noyabr 2025 | 12:03

Paşinyanın Qazaxıstan səfəri: Cənubi Qafqaz sülhündə yol açılacaqmı?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana planlaşdırılan səfəri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda diqqət çəkir.

Xüsusilə Qazaxıstan-Azərbaycan münasibətlərinin son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi və regional əməkdaşlıq platformalarında sıx koordinasiya aparması bu səfərin mümkün nəticələrinə dair gözləntiləri artırır.

Mövcud geosiyasi şəraitdə sual yaranır: Qazaxıstan, Azərbaycanla güclü tərəfdaşlığını və Türk Dövlətləri Təşkilatı daxilində oynadığı rolu nəzərə alaraq, Bakı ilə İrəvan arasında yekun sülhün əldə olunmasına real töhfə verə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, Qazaxıstan-Azərbaycan münasibətləri strateji xarakter daşıyır:

"Unutmaq lazım deyil ki, İkinci Qarabağ müharibəsi dövründə də Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi. Bu baxımdan, həmin dövrdə Ermənistanın xarici siyasətinə və işğalçı mövqeyinə qarşı prinsipial yanaşması da diqqətəlayiq idi".

Zahid Oruc: Qazaxıstanın Azərbaycanın regional siyasətinin formalaşmasında mühüm rolu var

Parlament üzvü vurğulayıb ki, Qazaxıstan Azərbaycan üçün qardaş və strateji müttəfiq dövlətdir.

"Qazaxıstanın Azərbaycanın regional siyasətinin formalaşmasında mühüm rolu var. Xüsusilə Transxəzər layihələrinin həyata keçirilməsində Qazaxıstanın əhəmiyyəti böyükdür. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində də bu iki dövlətin strateji əməkdaşlığı daha da dərinləşməlidir".

Ermənistan-Qazaxıstan münasibətlərinə gəldikdə isə, müsahibimiz qeyd edib ki, bu münasibətlər artıq heç bir halda Azərbaycan əleyhinə və ya üçüncü bir gücə qarşı istifadə oluna bilməz.

"Bu, proseslərə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və sülhün təmininə töhfə verən amillər kimi yanaşmaq lazımdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Noyabr 2025