• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Qarabağ Universiteti ali təhsil tariximizin böyük hadisəsidir

CƏMİYYƏT

15 May 2024 | 09:00

Qarabağ Universiteti ali təhsil tariximizin böyük hadisəsidir

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinə qəbul planı təsdiqlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur:

"Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".

E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərində iş gedir:

"Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb".

Nazirin sözlərinə görə, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq:

"Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq".

Təhsil eksperti Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qarabağ Universiteti Azərbaycan ali təhsil tarixi üçün böyük hadisədir.

Ekspert vurğulayıb ki, Qarabağ Universitetinin nə dərəcədə ali təhsil meyarı olması gələcəkdə daha da bilinəcək:

"Getdikcə bunun daha çox fərqinə varırıq. Universitetdə ilk ilə görə ayrılan plan yerləri müəyyən olundu. İlk ildə Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq və sonra orada tədris olunacaq ixtisaslar müəyyənləşəcək və digər stimullaşdırıcı addımlar atılacaq: yalnız ödənişsiz təhsil, kompüter və yataqxana ilə təmin olunmaq. Bunları qoyaq bir kənara. Təkcə bir faktı deyim. Bir universitetdə 1200 tələbənin təhsil alması o deməkdir ki, orada müəyyən olunmuş ixtisaslar üzrə əsasən seçilmiş və yüksək bal toplamış tələbələr oxuyacaq. Ötən illər təkcə kompüter mühəndisliyi üzrə bütün universitetlərdə 800 plan yeri ayrılmışdı. Yəni sadəcə bir ixtisas üzrə 800 yerdən söhbət gedir. Amma Qarabağ Universitetində isə bütün ixtisaslar üzrə tələbə sayı 1200 olacaq. Bu o deməkdir ki, həqiqətən sayseçmə və ələnmə işi çox yüksək şəkildə həyata keçiriləcək".

Elmin Nuri: Burada süni intellekt və nanotexnologiya, robot-texnika kimi modern dövrün ixtisaslarını görmək istərdim

Həmsöhbətimiz vurğulayıb ki, digər məsələ isə Qarabağ Universitetində hansı ixtisasların tədris olunması ilə bağlıdır:

"İxtisaslar əsasən pedoqoji, mühəndislik və iqtisadi-marketinqlik əsaslı olacaq. Hamısı da yerində olan, əmək bazarının tələbinə cavab verən ixtisaslardır. Amma şəxsən mən süni intellekt və nanotexnologiya, robot-texnika kimi modern dövrün ixtisaslarını orada görmək istərdim. İnanıram ki, qarşıdakı dönəmdə bunlar da reallaşacaq. Həmçinin, təhsilin idarəedilməsi ixtisasının da məhz Qarabağ Universitetində tədris olunmasının tərəfdarıyam. Təhsil nəzəriyyəsi, təhsil menecmenti, ali təhsilin idarəedilməsi kimi xüsusi istiqamətlərin Universitetdə tədris olunması yaxşı olardı”.

“Gələcəkdə media istiqamətinin də nəzərə alınması, sırf təhsil mediasına ayrıca yerin verilməsi, medianın çağdaş qolları olan - sosial media menecmentliyi istiqamətində ixtisasların açılması da arzuolunandır", - deyə Elmin Nuri əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 May 2024