• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Qarabağ”ın növbəti rəqibi kim olacaq?

İDMAN

23 Fevral 2024 | 13:47

“Qarabağ”ın növbəti rəqibi kim olacaq?

“Əslində “Qarabağ” “Braga” səddini asanlıqla keçməli idi. Elvin Cəfərquliyev meydandan qovulana qədər ssenari bunu göstərirdi. Çünki “Atlar” rəqibdən bir baş üstün idilər, özləri təhlükəli vəziyyət yaradır, rəqibə heç bir şans vermirdilər”.

Bu sözləri Bakıvaxtı.az-la söhbətində tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Müsahibimiz ötən gün baş tutan “Qarabağ”–“Braga” (2:3 – ümumi hesab 6:5) matçından, o cümlədən ölkəmizdə də geniş azarkeş kütləsinə malik olan Türkiyə təmsilçisi “Galatasaray”ın “Sparta Praha”ya məğlubiyyətindən söz açıb. Xatırladaq ki, istanbullular ilk oyunda doğma meydanda Çexiya təmsilçisi üzərində 3:2 qələbə qazansa da, səfərdə “cim-bom” praqalılara 4:1 məğlub oldu.

“Qarabağ”ın əzmkar qələbəsindən söz açan N. Muxtarlı söyləyib ki, komandamız ilk yarını çox asan, heç bir təzyiq olmadan keçirdi:

“Amma meydanda azlıqda qalandan sonra vəziyyət dəyişdi. Rəqib ümidləndi, irəli atıldı, təzyiqi artırdı. Lakin “Qarabağ” xarakter göstərdi və sübut etdi ki, mərhələni keçməyə layiqdir. Artıq tarix yazılıb və indi diqqətlər 1/8 finalda hansı komandanın rəqib olacağına yönəlib. Təbii, bu mərhələ daha çətin olacaq. “Qarabağ”ın potensial rəqibləri arasında iki komandanı çıxmaq şərti ilə digərləri “böyük beşlik” təmsilçiləridir”.

Onun sözlərinə görə, “Qarabağ”ın heç kimdən çəkinəcəyi yoxdur:

“Artıq tarix yazılıb, bundan sonra heç bir təzyiq olmadan, mübarizə aparmaq lazımdır. Yəni bu mərhələdə “Qarabağ” məğlub olsa belə, irad eşitməyəcək. Lakin bəxtimiz gətirsə, növbəti mərhələyə adlamaq şansı da var. Məsələn, Şotlandiya təmsilçisi “Glasgow Rangers” “Qarabağ”ın üçün uyğun rəqibdir. Bu komandanı mübarizədən kənarlaşdırmaq olar. Bütün hallarda “Qarabağ”a yazdığı bu tarixə görə təşəkkür etməliyik”.

“Galatasaray”ın fiaskosuna gəlincə, həmsöhbətimiz İstanbul klubunun “Sparta”nı keçəcəyini gözləmirdi:

“Sparta” İstanbuldakı oyunda da məğlub olmamalıydı. Sadəcə təcrübəsizlik öz sözünü dedi. Onlar növbəti oyuna qədər çatışmazlıqlarını incələdilər və rahat qələbə qazandılar. Azərbaycanda Türkiyə klublarının gücünü çox şişirdirlər”.

Onun sözlərinə görə, amma ağlasığmaz büdcəyə rəğmən, İstanbul nəhəngləri elə İstanbulda “nəhəng”dirlər, Avropada isə çox zəifdirlər:

“Galatasaray”ın belə büdcə ilə belə nəticəsini gördükdə, “Qarabağ”ın necə nəhəng bir iş gördüyünün fərqində olmalıyıq”.

Rafi Müslümov


SON XƏBƏRLƏR

26 Iyul 2024