Minsk Avtomobil Zavodu (MAZ) Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ehtiyacları üçün Gəncə Avtomobil Zavoduna 100 ədəd MAZ-6312S5 maşını tədarük edəcək.
Bakıvaxtı.az xəbər verir ki, aprelin 7-də Minskdə "MAZ" ASC-nin baş direktoru Valeri İvankoviç və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müvafiq müqavilə imzalayıblar.
Belarusun sənaye naziri Andrey Kuznetsov imzalanma mərasimində vurğulayıb ki, Azərbaycanın ehtiyacları üçün kommunal maşınların istehsalı iki ölkə arasında gələcək qarşılıqlı faydalı əməkdaşlıq üçün növbəti addımdır.
"Azərbaycan bizim ənənəvi bazarımız, sənaye əməkdaşlığını inkişaf etdirdiyimiz əsas tərəfdaşlarımızdan biridir. Biz əsas diqqəti MAZ, Minsk Traktor Zavodu, "Mogilevliftmash"a yönəldirik. Eyni zamanda, Azərbaycanda məişət texnikası istehsalı üzrə birgə müəssisənin yaradılması üzərində işləyirik", - o qeyd edib.
Öz növbəsində, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev müqavilənin imzalanmasını müsbət qiymətləndirib. Diplomat Bakı ilə Minskin qarşılıqlı ticarət dövriyyəsini artırmaqla bağlı niyyətni xatırladıb:
"Qarşıya iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq vəzifəsi qoyulub. Hələ ki bu rəqəmə çatmamışıq, lakin artıq yarım milyarda nail olmuşuq. Əminəm ki, müqavilənin imzalanması qarşılıqlı fəaliyyətin aktivləşməsinə əlavə təkan verəcək, münasibətlərimizi möhkəmləndirəcək"./Report
Bakı 




