ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı və İranın cənub sahillərində yerləşən raket buraxılış qurğularına və hərbi obyektlərinə yeni zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmilərinin müdafiə xarakterli adlandırdığı zərbələr xüsusilə Qeşm adasındakı raket buraxılış məntəqəsini və Bəndər-e-Cask sahilindəki hərbi dəniz bazasını hədəf alıb. ABŞ gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə bu addımı atdığını bildirib. Hazırda bölgədə hərbi gərginlik yüksək həddə qalmaqdadır.
ABŞ-nin məhz İranın cənub sahillərindəki raket buraxılış qurğularını hədəf alması Hörmüz boğazı və enerji təhlükəsizliyi ilə bağlı İrana birbaşa xəbərdarlıq sayıla bilərmi? Vaşinqton bu addımla seçki öncəsi daxili auditoriyaya güc nümayiş etdirməyi, yoxsa İsrail və Körfəz müttəfiqlərinə təhlükəsizlik zəmanəti verməyi hədəfləyir?
Bakıvaxtı.az-ın bu suallarını cavablandıran politoloq Çingiz Şahbazi bildirib ki, İranın raket infrastrukturuna qarşı ABŞ-nin hərbi əməliyyatlarını enerji təhlükəsizliyi, İsrail və Körfəz müttəfiqlərinə təhlükəsizlik təminatı və özünün daxili auditoriyasına seçkiqabağı güc nümayişi kimi qiymətləndirmək olar. Hər üç istiqamət bir-birini istisna etmir:
"ABŞ-nin Hörmüz boğazındakı hərbi fəaliyyətinin eyni vaxtda bir neçə strateji məqsədə xidmət etməsi mümkündür. Burada məsələ zərbələrin hansı obyektlərə endirilməsindən əlavə, Vaşinqtonun bu əməliyyatı hansı siyasi məqsədlər üçün etməsi və Tehranın bundan sonra hansı addımları artmasıdır. Qeşm adasındakı raket buraxılış qurğusuna endirilən zərbələr və Bəndər-e-caskdakı hərbi dəniz obyektinin vurulması ilə bağlı xəbərlər CENTCOM tərəfindən təsdiq edilib. Hərbi əməliyyatlar böyük ehtimalla İranın Hörmüzdə gəmilərə hücumları ilə bağlıdır. Bu vəziyyət Tramp administrasiyasını ciddi təzyiq altında qoyub".

Çingiz Şahbazi: ABŞ Hörmüz boğazını açıq saxlamaq üçün hərbi əməliyyatları davam etdirəcək
Müsahibimiz hesab edir ki, son vaxtlar İranın hücumları nəticəsində neft daşımalarının həcmi kəskin azalıb.
"Sentyabrın sonlarında Hörmüzdən gündəlik təxminən 16 milyon barelə yaxın neft keçirdi. Oktyabrda bu göstərici yarıya düşdü. Bu səbəbdən də neftin qiyməti yüksəldi. Baxmayaraq ki, İran Hörmüz üzərində əvvəlki tək təsir imkanlarına malik deyil. Amma Tehran yenə də gəmiçilik riskini artırmaqla dünya enerji bazarlarına təsir göstərə bilir. Bu mənzərədə ABŞ-nin Qeşm və Cask istiqamətindəki mümkün zərərləri təkcə taktiki cavab deyil, İranın dəniz daşımalarına müdaxilə imkanlarını məhdudlaşdırmaq cəhdi kimi də qiymətləndirmək lazımdır. Həmçinin ABŞ İsrail və Körfəz müttəfiqlərinin müdafiəsi baxımından da əməliyyatları oxumaq olar", - deyə Ç.Şahbazi qeyd edib.
Politoloq onu da vurğulayıb ki, ABŞ regional hərbi mövcudluğunu və müttəfiqlərini müdafiə etmək iradəsini nümayiş etdirir:
"Seçkiqabağı hərbi güc nümayişinin də əlbəttə ki, nəticələrə siyasi təsiri istisna edilmir. Bu baxımdan hesab edirəm ki, ABŞ xüsusilə də Hörmüz boğazını açıq saxlamaq üçün və müttəfiqlərini müdafiə etmək məqsədilə hərbi əməliyyatları davam etdirəcək".
Gülşən Şərif
















