Xəbər verdiyimiz kimi, ötən ay Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul edib. Senatın 295 üzvü sənədin leyhinə, 1 üzvü isə əleyhinə səs vermişdi. Bunun ardından iki gün əvvəl Fransa Milli Assembleyası da Azərbaycanın əleyhinə qətnamə qəbul edib.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Razi Nurillayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəlcə Fransa senatının, ardınca Fransa Milli Assambleyasının Azərbaycana qarşı qətnamə qəbul etməsi qəbuledilməzdir: “Sözsüz ki, bu qətnamənin qəbul edilməsi Fransa-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcək. Hərdən düşünürəm ki, məgər Fransada ağıllı, həqiqətləri bilən bir senator, bir deputat yoxdurmu?! Əslində, var. Ona görə də, bir çox həmkarlarım, siyasətçilər, jurnalistlər, hökumət nümayəndələri Fransaya qarşı daha ciddi tədbirlərin görülməsini tələb edir”.
Deputat hesab edir ki, bu gün Fransanın hər iki palatasının Azərbaycana qarşı qəbul etdiyi sanksiyanın elə də ciddi bir təsiri yoxdur. Onun sözlərinə görə, əgər bunu Fransa prezidenti Emmanuel Makron bu qətnamədən irəli gələn tövsiyyələrə əməl etsə və Fransa hökumətinin də mövqeyini onlarla eyniləşdirsə, artıq bütün körpülərin tam olaraq yandığını deyə bilərik:
“Mən düşünmürəm ki, bu gün Fransa ilə Azərbaycan arasında körpülər tam yanıb. Ümumiyyətlə, biz hər zaman Fransa ilə yaxın münasibətlərin tərəfdarı olmuşuq. Bu gün də bu münasibətlərin tərəfdarıyıq. Ona görə də, Fransa ilə münasibətlərimizi düzəltmək və onların gözünü açmaq üçün orada dostlarımızın sayını artırmağa çalışmalıyıq”.
R.Nurullayev qeyd edib ki, birinci növbədə, Azərbaycan Fransa dostluq qrupu var: “Məncə, dostluq qrupunun üzvlərinin Fransaya bir neçə dəfə səfəri lazımdır. Orada müxtəlif hökumət təbəqələri ilə parlament, senat, Fransa Milli Assembleyası ilə işləmək üçün uzun və qısamüddətli səfərlərin olması vacibdir. Təbii ki, biz Azərbaycanın Fransadakı səfirliyi ilə bərabər işləyib müəyyən nəticələr əldə də bilərik. İkincisi, Fransanın həm senatının, həm də Milli Assembleyasının davamlı olaraq Azərbaycana səfərini təşkil etmək çox vacibdir. Biz müxtəlif platformalar çərçivəsində onları Azərbaycana dəvət edə bilərik. Düşüncəm bundan ibarətdir ki, onlar Azərbaycana gəlməkdən imtina etməzlər”.
O, Fransanın Azərbaycandakı səfirliyinin xidmətlərindən bu sahədə istifadə edilməsini vacib sayır: “Biz, təbii ki, Fransanı tənqid edirik, onların bu mövqeyi bizi razı salmır. Yalnız danışmaq, tənqid etməklə də məsələlər həll olunmaz. Bu, bir sahəmizdir, biz buna həm parlamentin, həm də dövlətin mövqeyini sərgiləyirik. Təbii ki, Azərbaycan prezidenti də öz mövqeyini sərgiləyib və bu, ən üst səviyyədədir. Biz də mövqeyimizi açıqlamışıq, amma bununla bərabər, həm də Fransa-Azərbaycan münasibətlərinin normallaşması və Fransanın bu şəkildə qərəzli olaraq Azərbaycana yanaşmasının da qarşısını almaq üçün müxtəlif yollar üçün baş sındırmlıyıq”.
Aytac Aslan
















