• Bakı 32° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Rusiyanın şimalda hərbi fəallığı: NATO ilə yeni qarşıdurma başlayır?

DÜNYA

07 Avqust 2026 | 10:10

Rusiyanın şimalda hərbi fəallığı: NATO ilə yeni qarşıdurma başlayır?

Rusiya son aylarda Finlandiya və Norveç sərhədlərinə yaxın ərazilərdə hərbi infrastrukturunu genişləndirməyə başlayıb. Peyk görüntüləri və Qərb kəşfiyyat mənbələrinin məlumatlarına görə, sərhəd bölgələrində yeni hərbi şəhərciklər, texnika saxlanılan anbarlar və şəxsi heyətin yerləşdirilməsi üçün obyektlər tikilir.

Bu proses Finlandiyanın NATO-ya üzv olmasından sonra Moskvanın şimal istiqamətində təhlükəsizlik strategiyasını yenidən formalaşdırdığını göstərir. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynada atəşkəs və danışıqların bərpası istiqamətində diplomatik təşəbbüslərini davam etdirir. Belə bir vaxtda Rusiyanın NATO sərhədlərində hərbi mövcudluğunu artırması onun yalnız Ukrayna ilə məhdudlaşmayan daha geniş geosiyasi planlarının olduğunu göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya bu addımı ilk növbədə NATO-nun şimal cinahında formalaşan yeni təhlükəsizlik mühitinə cavab kimi qiymətləndirir. Finlandiyanın Alyansa qoşulması ilə NATO-Rusiya quru sərhədi iki dəfədən çox artıb və Moskva bunu uzunmüddətli risk hesab edir. Norveç istiqaməti isə Arktika, enerji marşrutları və Rusiyanın Şimal Donanmasının yerləşdiyi Kola yarımadasına görə xüsusi əhəmiyyət daşıyır. Kreml sərhəd boyunca hərbi infrastruktur yaratmaqla həm çəkindirmə siyasətini gücləndirmək, həm də NATO-ya siyasi mesaj vermək istəyir. Onun sözlərinə görə, bununla yanaşı, Moskva göstərməyə çalışır ki, Ukraynadakı müharibəyə baxmayaraq, eyni vaxtda digər strateji istiqamətlərdə də hərbi potensialını qorumaq imkanına malikdir. Bu, daha çox uzunmüddətli geosiyasi balansı dəyişdirməyə hesablanmış addımdır.

Həmsöhbətiməz görə, bu addım göstərir ki, Rusiya Ukrayna müharibəsini ayrıca bir münaqişə kimi deyil, Qərblə ümumi geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirir. Məhz buna görə də danışıqlar aparılsa belə, Kreml paralel şəkildə hərbi imkanlarını genişləndirməyə davam edir. Politoloq bildirib ki, bu yanaşma Qərb ölkələrində Rusiyanın niyyətləri ilə bağlı etimadı daha da azalda bilər:

“Eyni zamanda NATO üzvləri müdafiə xərclərini artırmaq və şimal cinahında əlavə qüvvələr yerləşdirmək qərarı verə bilərlər. Belə vəziyyət danışıqlar masasındakı kompromis imkanlarını zəiflədə və qarşılıqlı şübhələri dərinləşdirə bilər. Ona görə də hərbi hazırlığın artması diplomatik prosesə müsbət deyil, daha çox psixoloji təzyiq elementi kimi təsir göstərir”.

Züriyə Qarayeva:  NATO-nun Finlandiya və Norveçdə hərbi iştirakını artırması Rusiyanın da cavab addımlarını sürətləndirəcək

“Rusiyanın şimal sərhədlərindəki bu fəallığı Ukrayna cəbhəsində ona üstünlük qazandıra bilərmi” sualını cavablandıran müsahibimiz bildirib ki, birbaşa hərbi baxımdan bunun Ukrayna cəbhəsində ciddi üstünlük yaradacağını söyləmək çətindir. Əksinə, yeni hərbi birləşmələrin yaradılması əlavə maliyyə, logistika və canlı qüvvə tələb edir:

“Bununla belə, Kreml hesab edə bilər ki, NATO ölkələri diqqət və resurslarının bir hissəsini şimal istiqamətinə yönəltməyə məcbur olacaq. Bu isə Ukraynaya ayrılan hərbi yardımın tempinə müəyyən təsir göstərə bilər. Digər tərəfdən, Avropa dövlətləri artıq belə ssenarini nəzərə alaraq müdafiə büdcələrini artırır və hərbi istehsalı genişləndirirlər. Buna görə də Rusiyanın bu strategiyasının gözlənilən effekti verməsi heç də təmin olunmuş deyil”.

Z.Qarayeva qeyd edib ki, hazırkı mərhələdə tərəflərin birbaşa silahlı qarşıdurmaya getməsi ehtimalı aşağıdır, çünki hər iki tərəf bunun nəticələrinin çox ağır olacağını anlayır. Lakin sərhəd bölgələrində hərbi aktivliyin artması, genişmiqyaslı təlimlər və qarşılıqlı hərbi yerləşdirmələr davam edəcək. Xüsusilə Arktika regionu, Baltik dənizi və Şimal Avropa yaxın illərdə geosiyasi rəqabətin əsas məkanlarından birinə çevrilə bilər. NATO-nun Finlandiya və Norveçdə hərbi iştirakını artırması Rusiyanın da cavab addımlarını sürətləndirəcək. Bu isə qarşılıqlı etimadın daha da zəifləməsinə və yeni silahlanma yarışının dərinləşməsinə səbəb ola bilər.

“Görünən odur ki, Ukrayna müharibəsi başa çatsa belə, Rusiya ilə NATO arasındakı strateji rəqabət uzun müddət beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026