• Bakı 27° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Şüalanma şübhəsi olduqda hansı tədbirlər görülür? – Səhiyyə Nazirliyi proseduru açıqladı

CƏMİYYƏT

21 Iyul 2026 | 14:30

Şüalanma şübhəsi olduqda hansı tədbirlər görülür? – Səhiyyə Nazirliyi proseduru açıqladı

Şüalanma ilə bağlı daxil olan müraciətlər operativ qaydada araşdırılır, zərurət yarandıqda isə hadisə yerində radioloji monitorinq aparılır, torpaq, su və hava nümunələri laborator müayinəyə göndərilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsinin müdiri İlham Qarayev "Sağlam radio"nun (93 FM) "Sağlam həyat" verilişində məlumat verib.

Onun sözlərinə görə, əhalinin radiasiyadan mühafizəsinin təmin edilməsi və mümkün radioloji risklərin vaxtında aşkar olunması məqsədilə Radiasiya gigiyenası bölməsinə daxil olan bütün müraciətlər operativ qaydada araşdırılır.

İ.Qarayev bildirib ki, vətəndaşlardan, müəssisələrdən və dövlət qurumlarından daxil olan müraciətlər – yaşayış binasının yaxınlığında və ya zirzəmisində şüalanma şübhəsi, ərazi və torpaq sahələrində radiasiyanın mövcudluğu ehtimalı və digər oxşar hallar – xüsusi prosedur əsasında yoxlanılır.

Bölmə müdirinin sözlərinə görə, hər bir müraciət əvvəlcə qeydiyyata alınır, daha sonra müraciətçi ilə əlaqə saxlanılaraq hadisə barədə ətraflı məlumat toplanır və mütəxəssislər tərəfindən ilkin qiymətləndirmə aparılır.

"Müraciətin mahiyyəti və ehtimal olunan şüalanma mənbəyi barədə zəruri məlumatlar əldə edildikdən sonra münasib vaxt müəyyən edilərək hadisə yerində baxış və radioloji monitorinq həyata keçirilir", – deyə İ.Qarayev qeyd edib.

O əlavə edib ki, zərurət yarandıqda instrumental ölçmələr aparılır, torpaq, su və ya hava nümunələri götürülərək laborator müayinələrə təqdim edilir. Nümunələr Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin akkreditasiyadan keçmiş radioloji laboratoriyasında spektrometrik və radiometrik üsullarla analiz olunur, radionuklidlərin tərkibi müəyyən edilir.

İlham Qarayev vurğulayıb ki, araşdırma başa çatdıqdan sonra müraciət edən şəxsə laborator müayinələrin nəticələrini əks etdirən protokol və mütəxəssis rəyi təqdim edilir.

O bildirib ki, bu proses dövlət tərəfindən təsdiq edilmiş metodikalar əsasında tam şəffaf şəkildə həyata keçirilir və yalnız müraciətlərin araşdırılması ilə məhdudlaşmır. Eyni zamanda ətraf mühitdə radioloji vəziyyətin davamlı monitorinqi aparılır, mümkün radioaktiv çirklənmə halları vaxtında aşkarlanır və əhalinin radiasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR