• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Trampdan Zelenskiyə təzyiq...! - Ukrayna kompromisə gedə bilərmi? - AKTUAL 

DÜNYA

27 Avqust 2025 | 12:55

Trampdan Zelenskiyə təzyiq...! - Ukrayna kompromisə gedə bilərmi? - AKTUAL 

Müasir beynəlxalq münasibətlər sistemində Rusiya–Ukrayna müharibəsi artıq sadəcə iki dövlət arasındakı münaqişə deyil, qlobal təhlükəsizlik arxitekturasının taleyini müəyyənləşdirən əsas faktora çevrilib. Avropa üçün enerji böhranı, Asiya üçün təhlükəsizlik balansının dəyişməsi, ABŞ üçün isə həm daxili siyasi debatların, həm də xarici siyasət prioritetlərinin mərkəzi məhz bu müharibədir. Dünyanın diqqəti hələ də Ukraynadadır, çünki bu münaqişənin gedişi gələcək onilliklərin siyasi xəritəsini formalaşdıra bilər.

Belə bir mürəkkəb fonda ABŞ-də baş verən hakimiyyət dəyişikliyi və Donald Trampın yenidən prezident kürsüsünə qayıdışı beynəlxalq gündəliyin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Tramp seçki kampaniyası dövründə dəfələrlə bəyan edirdi ki, əgər bu müharibə dayandırılmasa, dünya Üçüncü dünya müharibəsinin, hətta nüvə toqquşmasının astanasına sürüklənə bilər. Bu səbəbdən onun ən böyük seçki vədlərindən biri də məhz “sülhü bərpa etmək” və Rusiya ilə Ukrayna arasında kompromisə nail olmaq idi.

İndi isə bütün diqqətlər Vaşinqtona yönəlib: görəsən, Tramp bu iddialı vədini həyata keçirə biləcəkmi? Onun Kremlin və Kiyevin sərt mövqelərini yumşaltmaq üçün hansı vasitələrdən istifadə edəcəyi, ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətləri necə tənzimləyəcəyi və beynəlxalq aləmin bu prosesə reaksiyası yaxın gələcəyin əsas siyasi suallarından biridir.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Kazım Kazımov bildirib ki, Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl, seçki kampaniyası dövründə Rusiya–Ukrayna müharibəsini bəşəriyyət üçün ən böyük təhlükələrdən biri kimi səciyyələndirirdi:

"O, dəfələrlə vurğulayırdı ki, bu münaqişə dayandırılmazsa, dünya Üçüncü dünya savaşının, hətta nüvə müharibəsinin astanasına sürüklənə bilər. Trampın seçki vədləri arasında ən mühümü də məhz bu müharibəni dayandırmaq, sülhə nail olmaq idi. Lakin hakimiyyətə gəldikdən sonra bütün səylərinə baxmayaraq, Tramp nə Putini, nə də Zelenskini real güzəştə vadar edə bildi".

Kazım Kazımov: Donald Tramp özünün əsas seçki vədlərindən birini reallaşdırmış olacaq

Həmsöhbətimizin sözlərinə görə, onun hər iki liderlə müxtəlif görüşləri baş tutsa da, sonda konkret nəticə əldə olunmadı. Trampın əlində təsir gücü olsa da, Rusiyaya qarşı basqı siyasəti qurmaq, xüsusən də indiki şərtlərdə, olduqca çətin görünür: 

"Çünki Moskva artıq Bayden dönəmində sərt sanksiyalarla üz-üzə qalıb və faktiki olaraq hücum edən tərəfdir. Üstəlik, Rusiyanın iqtisadi və hərbi resursları hələ də kifayət qədər genişdir. Buna baxmayaraq, Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra Ukrayna ilə bağlı müəyyən təzyiq siyasəti yürütməyə çalışır. Xüsusilə də Zelenski ilə Ağ Evdə keçirilən görüşdə onun mövqelərinə təsir etmək cəhdləri açıq görünürdü".

Onun sözlərinə görə, vaxtaşırı Ukraynaya qarşı sanksiya tətbiq ediləcəyi barədə xəbərlər dolaşsa da, hələlik belə bir paket yoxdur:

"Əslində, ABŞ Konqresində hər iki palatanın razılığı olmadan bu cür addımın təsdiqlənməsi də çox çətin görünür və beynəlxalq ictimaiyyətdə də xoş qarşılanmaz. Ona görə də real təzyiq sanksiyalardan çox, yardım paketlərinin azaldılması, kəşfiyyat məlumatlarının məhdudlaşdırılması və siyasi dəstəyin zəiflədilməsi formasında həyata keçirilə bilər. Bu isə nəticə etibarilə Zelenskini mövqelərində yumşalmağa, bəzi şərtlərindən geri çəkilməyə məcbur edə bilər".

Sonda müsahibimiz bildirib ki, NATO məsələsi, torpaq mübadiləsi və digər strateji mövzular üzrə kompromislər istisna deyil. Əgər bu ssenari baş tutarsa, Donald Tramp özünün əsas seçki vədlərindən birini reallaşdırmış olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Avqust 2025