Rusiya Dövlət Dumasında hamilə qadınlar üçün iş gününün müddətinin azaldılması təklif edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının deputatları Baş nazirin müavini Tatyana Qolikovaya müraciət edərək hamilə qadınlar üçün iş gününün 6 saata endirilməsini və bununla yanaşı əməkhaqqının tam şəkildə saxlanmasını təklif ediblər.
Məlumata görə, onlar bu hüququ Rusiya Federasiyasının Əmək Məcəlləsində təsbit etməyi təklif edirlər.
Deputatlar hesab edir ki, bu addım hamiləlik dövrünə mənfi təsir göstərən fiziki və emosional yüklənməni azaldacaq.
Bildirilib ki, bir çox işəgötürənlər hamilə əməkdaşlarının vəziyyətini nəzərə almır və onlardan əvvəlki qaydada işləməyi tələb edir. Bəziləri isə onları işdən uzaqlaşdırmağa çalışır. Qeyd olunub ki, statistikaya əsasən ölkədə doğum səviyyəsi aşağı düşür.
Bu cür təşəbbüslərin qadınların gələcəyə inamını artıraraq, ailə qurmağa və uşaq dünyaya gətirməyə təşviq edəcəyi vurğulanıb.
Deputatlar həmçinin hamilə qadınlara istənilən hamiləlik dövründə dekret məzuniyyəti hüququ verən qanun layihəsini də Dövlət Dumasına təqdim ediblər. Bu təşəbbüsün məqsədi demoqrafik vəziyyəti yaxşılaşdırmaq və gələcək anaları dəstəkləməkdir.
Mina Mikayılova