Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
***
10:27
Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə edilib.