• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Suriyada yeni mərhələ: hava məkanı uğrunda mübarizə və dəyişən güc balansı

DÜNYA

23 Yanvar 2026 | 09:50

Suriyada yeni mərhələ: hava məkanı uğrunda mübarizə və dəyişən güc balansı

Suriyada baş verən son proseslər göstərir ki, ölkə uzun illər davam edən xaosdan sonra tamamilə yeni və daha mürəkkəb bir mərhələyə daxil olur. Bu mərhələ artıq təkcə vətəndaş müharibəsinin qalıqları ilə yox, regional güclərin açıq şəkildə mövqelərini yenidən qurması ilə xarakterizə olunur.

Son günlər yayılan məlumatlar Suriyanın həm hərbi, həm də siyasi baxımdan yenidən dizayn edildiyini deməyə əsas verir.

Türkiyənin Dəməşq Beynəlxalq Hava Limanı ətrafına radar sistemləri yerləşdirməsi bu prosesin ən diqqətçəkən addımlarından biridir. Bu, sıradan texniki tədbir deyil, Suriyanın hava məkanında uzun müddət mövcud olmuş qeyri rəsmi status-kvonun dəyişdirilməsi deməkdir. Hava məkanı üzərində nəzarət bölgədə üstünlük yaradan əsas faktorlardan biridir və Ankara bu addımla Suriyada daha açıq və institusional rol oynadığını nümayiş etdirir. Bu, eyni zamanda İsrailin illərdir Suriyanın cənubundan və hava məkanından istifadə edərək həyata keçirdiyi əməliyyatlara ciddi məhdudiyyətlər yaradır.

Bu dəyişiklik fonunda ABŞ-ın mövqeyində də səssiz, amma əhəmiyyətli korrektələr müşahidə olunur. Vaşinqtonun uzun müddət əsas tərəfdaş kimi gördüyü SDQ və YPG strukturlarına yanaşması əvvəlki qədər sərt və birmənalı deyil. Artıq bu qüvvələrin əsas funksiyasının anti terror mübarizəsindən daha çox Suriyanın gələcək dövlət modelinə necə inteqrasiya olunacağı müzakirə edilir. ABŞ rəsmilərinin açıqlamalarında da hiss olunur ki, prioritet parçalanmış strukturlar deyil, vahid və idarə olunan Suriya modelidir.

Bu proses paralel olaraq Suriyanın müxtəlif bölgələrində hərbi hərəkətliliyin artması ilə müşayiət olunur. Pəşmərgə qüvvələrinin müəyyən ərazilərə yerləşdirilməsi, Haşdi Şabi qruplarının sərhəd xəttinə cəmlənməsi və eyni zamanda Rusiya hərbi mövcudluğunun qorunması Suriyanı çoxqatlı təsir zonalarına çevirir. Burada artıq tək bir cəbhə yoxdur. Eyni məkanda bir-birinə zidd maraqlar daşıyan aktorlar fəaliyyət göstərir və bu, vəziyyəti daha həssas edir.

Kürd məsələsi Suriyada yeni mərhələnin əsas düyün nöqtəsinə çevrilib. Artıq məsələ silahlı mübarizə yox, siyasi inteqrasiya və ya kənarlaşdırma dilemması üzərində qurulur. Müxtəlif dini və etnik liderlərin verdiyi sərt bəyanatlar göstərir ki, bu proses yalnız hərbi yox, ideoloji və sosial gərginlik də yaradır. Suriyanın gələcək xəritəsi təkcə sərhədlərlə deyil, icmalar arasındakı münasibətlərlə müəyyən olunacaq.

Bütün bunların fonunda Suriya dövləti də daha aktiv davranmağa başlayıb. Rəsmi Dəməşqin YPG və SDQ nəzarətində olan ərazilərlə bağlı verdiyi mesajlar və son addımlar göstərir ki, mərkəzi hakimiyyət tədricən təşəbbüsü ələ almağa çalışır. ABŞ-ın bu prosesə açıq müqavimət göstərməməsi isə regionda yeni razılaşmaların pərdə arxasında formalaşdığını ehtimal etməyə əsas verir.

Nəticə etibarilə, Suriyada hazırda müşahidə olunan dinamika müharibədən sonrakı dövrün ən kritik mərhələsidir. Bu mərhələdə silahdan çox radarlar, bəyanatlardan çox sakit diplomatiya və cəbhələrdən çox razılaşma xətləri ön plana çıxır. Kim hava məkanına nəzarət edirsə, kim siyasi inteqrasiya prosesini yönləndirirsə, Suriyanın gələcəyini də məhz o müəyyən edəcək. Mövcud mənzərə isə onu göstərir ki, Suriyada köhnə oyun qaydaları artıq işləmir və bölgə yeni, daha sərt və daha real güc balansına uyğunlaşmaq məcburiyyətindədir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

22 Yanvar 2026