• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Toy masası qanunu pozmamalıdır: Erkən nikahlara qarşı restoranlara ŞƏRT QOYULSUN

CƏMİYYƏT

27 May 2025 | 16:00

Toy masası qanunu pozmamalıdır: Erkən nikahlara qarşı restoranlara ŞƏRT QOYULSUN

Qanunla qadağan olunsa da, erkən nikahlar hələ də ölkəmizdə əsas problemlərdən biri olaraq qalır.

Nikah üçün müəyyən yaş həddi təyin olunsa da, təəssüf ki, bəzən evlənəcək şəxslərin yaşı gizlədilir, toy mərasimi keçirilir və rəsmi nikah üçün 18 yaşın tamamlanması gözlənilir.

Belə olan halda, restoran sahiblərinin toy edən şəxslərin yaşlarını təsdiq edən sənəd tələb etməsi bu istiqamətdə atılan addımlardan biri kimi dəyərləndirilə bilər. Həmçinin məkanında erkən nikaha icazə verən sahibkarlara qarşı cəzaların tətbiq olunması erkən nikahların sayında azalmaya gətirib çıxara bilər.

Bəs, maraqlıdır, bunun həyata keçirilməsi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, son zamanlar cəmiyyəti narahat edən bir çox hadisənin kökündə erkən nikah dayanır.

M.Məmmədli qeyd edib ki, erkən nikah həm psixoloji, həm bioloji, həm də sosial baxımdan ciddi problemlərə yol açır.

Deputatın sözlərinə görə, erkən yaşda nikaha daxil olan şəxslərin psixoloji baxımdan ailə qurmağa hazır olmamaları, eləcə də bioloji və yaş amilləri bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Müsahibimiz bildirib ki, bu sahədə bir çox elmi araşdırmalar aparılıb və mütəxəssislər tərəfindən müəyyən yaş həddi təsbit edilib.

Müşfiq Məmmədli, deputat

Deputat erkən nikahların qarşısının alınmasının, təkcə insan hüquqları deyil, həm də Azərbaycanın qadın və uşaq hüquqlarına dair qəbul etdiyi beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından vacib olduğunu nəzərə çatdırıb.

Eyni zamanda vurğulayıb ki, bu, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlarımızın hüquqlarının qorunması və sağlam, savadlı, cəmiyyət üçün faydalı nəslin formalaşdırılması üçün mühüm addımdır. Bu səbəbdən erkən nikahlarla bağlı qadağaları alqışlayırıq.

Bəzi hallarda bu qadağalardan sui-istifadə olunması və erkən nikahların gizli şəkildə həyata keçirilməsinə təəssüfünü bildirən həmsöhbətimiz bildirib ki, belə halların qarşısını almaq üçün konkret və təsirli tədbirlər görülməlidir:

“Mən də bu təklifə çox müsbət yanaşıram. İstər şadlıq saraylarında, istərsə də digər müəssisələrdə keçirilən nikah mərasimləri zamanı şəxsiyyət vəsiqəsinin təqdim olunması məcburi olmalıdır. Bu, həm hüquqi məsuliyyətin aydın şəkildə müəyyənləşdirilməsi, həm də qanunsuz erkən nikahların qarşısının alınması baxımından müsbət təcrübə ola bilər”.

M.Məmmədli son olaraq diqqətə çatdırıb ki, bu məsələdə cəmiyyətin özü də maraqlı olmalıdır:

“Hər birimiz vətəndaş olaraq bu hallara qarşı çıxmalı, ətrafımızda belə hallar baş verdikdə reaksiya verməliyik. Yalnız dövlətin deyil, həm də cəmiyyətin fəal iştirakı ilə erkən nikah probleminə qarşı effektiv mübarizə aparmaq mümkündür”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 May 2025