Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Trampa görüş dəvəti qüvvədədir. O, açıqlamasında "Bu, daimi dəvətdir. Putin Trampla görüşməyə hazırdır. Hər şey Trampın qərarından asılıdır" sözlərini söyləyib. Onu da qeyd edək ki, avqust ayında Ankoricdə keçirilən danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif edib, Tramp isə bunu mümkün hesab etdiyini, lakin tənqid ediləcəyini vurğulamışdı.
Sizcə, Trampın hələ də dəvətlə bağlı konkret cavab verməməsinin səbəbi nədir? Bu görüş baş tutarsa, nəticələri necə ola bilər?
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, Ankoricdə keçirilən görüşün nəticəsində kiçik uğurun belə əldə edilməməsi növbəti görüşün baş tutmasını mümkün etmir:
"Trampın ritorikasının ciddi şəkildə Ankoric öncəsi ritorikadan fərqləndiyinin şahidi oluruq.
Tramp Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiyadan enerji daşıyıcıları alan ölkələrə ciddi təzyiqlər edir. Ukraynaya verilən silahların Rusiya ərazisində işlədilmə dərinliklərini artırır, yeni növ silahların verilməsini təmin edir. Bu baxımdan Trampın Putinlə hələlik yeni görüşü vaxt ala bilər. Çünki Tramp Putini razılığa gəlməyə məcbur etməklə, öz reputasiyasını qorumağa çalışır. Çünki ilk görüşdən sonra Trampı tənqid edənlər çox oldu".
Azər Qasımov: Tramp Putini razılığa gəlməyə məcbur etməklə, öz reputasiyasını qorumağa çalışır
A. Qasımov hesab edir ki, Tramp Putinlə danışıq pəncərəsini açıq saxlayar. Sadəcə hələlik özünü Putindən incimiş kimi göstərir. Lakin məqam çatanda yeni görüşün baş tutacağı mütləqdir.
"Trampın istəyi nəticəyə nail olunmuş görüşə hesablanıb. Görüşün nəticəsinin Ukraynanın xeyrinə olmayacağı bəllidir, çünki Trampın Putinə rəğbəti var. Hər şeyin qısa zamanda baş tutacağı ehtimalı da böyükdür", - deyə politoloq vurğulayıb.
Gülşən Şərif